Hazırda qloballaşan dünyada münaqişələrin, müharibələrin, qarşıdurmaların baş alıb getdiyi bir dövrdə sülhün və təhlükəsizliyin təmin edilməsi dövlətlərin və beynəlxalq təşkilatların əsas vəzifəsi kimi qarşıda durur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Münxen Təhlükəsizlik Konfransına dəvət alması, çoxsaylı görüşlər keçirməsi, müzakirələrdə fəal iştirakı və çıxışları dövlətimizin rəhbərinin nüfuzu, təcrübəsi, eyni zamanda ona göstərilən hörmət və etimadın daha bir nümunəsidir. Bu gün cənab İlham Əliyevin sülhün və əmin - amanlığın, təhlükəsizliyin təmin edilməsindəki xidmətləri, Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfələr və əməkdaşlığın inkişafı sahəsindəki çox mühüm, səmərəli rolu beynəlxalq aləmdə çox yüksək qiymətləndirilir. Prezidentimiz cənab İlham Əliyevin Münxen Təhlükəsizlik Konfransı çərçivəsində "Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması" mövzusunda plenar iclasdakı çıxışı, ATƏT-in Baş katibi xanım Helqa Maria Şmid ilə görüşü, Münxendə Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Antoni Blinken və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə birgə görüşdən sonra televiziya kanallarına, konfrans çərçivəsində "Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması" mövzusunda plenar iclasdan sonra Azərbaycan televiziya kanallarına verdiyi müsahibələr bir daha deyilənlərə əyani sübutdur.
Bütün bunların fonunda böyük əminliklə demək olar ki, Azərbaycan Münxendə daha bir diplomatik uğura imza atdı. Münxen Təhlükəsizlik Konfransı Azərbaycanın da bir hissəsi olduğu Cənubi Qafqazdakı problemlərin və gələcək perspektivlərin müzakirə olunduğu həm də önəmli bir beynəlxalq platformadır. Münxen Təhlükəsizlik Konfransının da əsas məqsədi müxtəlif təşkilat və mütəxəssislər arasında davamlı dialoq mühiti yaratmaqla etimadı təmin etmək və regional problemlərin həllinə töhfə verməkdir.
Münxendə ölkəmizin Avropanın enerji təhlükəsizliyinə verdiyi mühüm töhfədən də ətraflı danışan dövlətimizin başçısı bildirdi ki, ötən il Azərbaycanın qaz təchizatının artırılması qısamüddətli perspektivdə Avropanın enerji təhlükəsizliyinə verilən önəmli töhfə idi. Orta və uzunmüddətli perspektivdəki hədəf isə Azərbaycan tərəfindən irəli sürülən "Cənub Qaz Dəhlizi"nin genişləndirilməsidir. Prezident İlham Əliyev qeyd etdi ki, 2027-ci ilədək TAP-la qaz nəqli 11 milyard kubmetrdən 20 milyard kubmetrə, TANAP-la isə 16 milyard kubmetrdən 31 milyard kubmetrə çatdırılması nəzərdə tutulur.
Vətən müharibəsindən sonrakı mövcud vəziyyət, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması və sülh prosesinin əldə olunmasının vacibliyini ön plana çəkən Möhtərəm Prezidentimiz Gürcüstanın Baş naziri İrakli Qaribaşvili, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan, ATƏT-in Baş katibi, Münxen Təhlükəsizlik Konfransı Şurasının sədr müavini xanım Helqa Maria Şmidin də iştirak etdiyi plenar iclasda qətiyyətlə bildirdi ki, Azərbaycanda "Dağlıq Qarabağ" adlı inzibati ərazi vahidi yoxdur. Dövlətimizin başçısı Azərbaycanın Qarabağ bölgəsinin mövcud olduğunu və orada məskunlaşan ermənilərin də ölkəmizdə yaşayan digər milli azlıqlar kimi bərabər hüquq və imtiyazlara malik olduqlarını, onların təhlükəsizliyinin tam təmin edildiyini bir daha bəyan etdi. Hələ 2020-ci ilin fevral ayında Münxendə Azərbaycan və Ermənistan liderləri arasında keçirilən debatda Nikol Paşinyan dövlətimizin başçısının tutarlı arqumentləri və səlis məntiqi qarşısında aciz qalmışdı. Həmin debatdan bir neçə ay sonra 44 günlük Vətən müharibəsində Azərbaycan öz doğma torpaqlarını işğaldan azad etdi. Budəfəki panel iclasında da cənab Prezident əsaslı arqumentlər və faktlarla, mövcud reallıqlarla erməni tərəfini susdurdu. Torpaqlarımızı BMT Nizamnaməsinin 51-ci fəslinə əsasən azad etdiyimizi deyən dövlətimizin başçısı vurğuladı ki, biz də bu haqqımızdan istifadə etdik.
Azərbaycan Prezidenti İlham Əliyevin konfransda iştirakı və burada keçirdiyi çoxsaylı görüşləri, milli maraqlara və mövcud reallıqlara söykənən qətiyyətli çıxışları bir daha dövlətimizin başçısının dünyada yüksək nüfuzunun, hörmətinin göstəricisindən xəbər verir. Böyük əminliklə demək olar ki, Azərbaycan Münxen Təhlükəsizlik Konfransında da növbəti diplomatik uğuruna imza atdı.
Gövhər Rəhimova
YAP Qazax rayon təşkilatının fəalı
Bölməyə aid digər xəbərlər