13:17 / 02-12-2024
Sabah hava necə olacaq?
"Hər sahədə nümunə olan Lider" - Polad Ağakişiyev

      Ulu öndər Heydər Əliyevin siyasi kursunu inamla davam etdirən  Möhtərəm Prezidentimiz İlham Əliyev artıq on doqquz  ildir ki, müstəqil Azərbaycan Respublikasına inamla rəhbərlik edir. Dövlət başçımızın  çoxşaxəli fəaliyyəti nəticəsində artıq Azərbaycan dünyada  müstəqil və güclü dövlət kimi özünü  təsdiq etmişdir. Məhz, müdrik Azərbaycan xalqı qarşısında müstəsna xidmətlərinə görə xalqımız öz Prezidentini sevir, inanır və ona böyük ehtimad göstərir. Hər zaman doğma xalqından güc alan Möhtərəm Prezidentimiz Azərbaycan dövlətinin milli maraqlarından irəli gələn müstəqil və məqsədyönlü siyasət yürüdür. Bu siyasətin təntənəsi Azərbaycanın siyasi sabitliyində, iqtisadi gücündə, sosial rifahında, uğurlu xarici siyasətində, xüsusilə də tarix yazan güclü ordusunda öz təsdiqini tapır.
      2003-cü ildən üzü bəri Respublikamızda keçirilmiş Prezident seçkilərində müdrik xalqımız doğru - düzgün seçim edərək yüksək səs çoxluğu ilə Heydər Əliyev siyasi kursuna, haqqa-ədalətə, müstəqil Azərbaycanımızın xoş - firavan gələcəyinə, ən layiqli namizədə - İlham Əliyev cənablarına səs vermişdir. Bu siyasi kursa sadiqliyini nümayiş etdirən xalqımız Ümummilli Liderə sevgisini və inamını dəfələrlə sübut edərək. Azərbaycan xalqının hər zaman sülhün, əmin - amanlığın, tərəqqinin, inkişafın, quruculuğun və sabitliyin tərəfində olduğunu nümayiş etdirmişdir.
     Azərbaycan Prezidenti cənab İlham Əliyevin güclü liderlik keyfiyyətləri sayəsində ölkəmiz bu illər ərzində çoxsaylı tarixi nailiyyətlər qazanıb, saysız hesabsız uğurlara imza atıb. Sözü ilə əməli bir olan Prezidentimiz cənab İlham Əliyev xalqa verdiyi vədləri vaxtında və artıqlaması ilə yerinə yetirir. Prezident İlham Əliyevin xalqımız qarşısındakı misilsiz xidmətlərindən bəhs edərkən, demokratik inkişaf, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunda əldə olunan nailiyyətlər xüsusi vurğulanmalıdır. Əminliklə qeyd etmək olar ki, demokratik inkişaf yolunda sistemli şəkildə həyata keçirilən tədbirlərin qanunauyğun nəticəsi kimi Azərbaycanda mövcud təkmilləşdirilmiş siyasi sistem bərqərar olunub. Qanunvericilik bazasının təkmilləşdirilməsi, hüquq və azadlıqların təmin olunması istiqamətində görülən tədbirlər, çoxpartiyalı sistemin inkişafı və digər istiqamətlər üzrə prioritet hesab olunan prinsiplər ölkədə davamlı demokratik cəmiyyətin mövcudluğundan və inkişafından xəbər verir. 
     Prezident İlham Əliyevin müəyyən etdiyi müstəqil xarici siyasət kursu dünyada bir - birinə qarşı duran qütblər tərəfindən də müsbət qiymətləndirilir. Azərbaycanın müxtəlif güc mərkəzlərindən bərabər məsafədə mövqe seçməsi, heç bir ittifaqa, heç bir bloka qoşulmaması ikitərəfli münasibətlərdə bərabər hüquq, qarşılıqlı hörmət, bir - birinin daxili işlərinə qarışmamaq prinsiplərinə sadiq qalması, eyni zamanda ikitərəfli əməkdaşlığın heç bir halda üçüncü tərəfi hədəfə almaması reallığı beynəlxalq aləmdə dövlətimizə və onun rəhbərinə olan yüksək müsbət münasibətin formalaşmasını şərtləndirən əsas amillərdəndir. 
    Məhz, diplomatik məharəti hesabına Prezident İlham Əliyevin son 19 il ərzində ölkəmizin və eləcə də Avropanın enerji təhlükəsizliyinin təminatı istiqamətində atdığı inamlı addımları, siyasi gedişləri heyranlıq doğurur. Nəzərə alaq ki, enerji təhlükəsizliyi dünyanın aparıcı dövlətlərinin milli təhlükəsizlik strategiyasının həlledici elementi statusunda çıxış edir. Son 19 il ərzində Prezident İlham Əliyevin təşəbbüsü ilə regionda çox böyük nəqliyyat və kommunikasiya layihələri də icra olunur, dünyanın enerji və nəqliyyat xəritəsi yenidən tərtib edilir, eyni zamanda dünyada ümumbəşəri dəyərlərin qorunması və təbliği istiqamətində fantastik nailiyyətlərə imza atılır. Dünyada sivilizasiyalararası dialoq sahəsində ciddi problemlərin yaşanması, bu fonda konfliktlərin artması, xüsusilə də islamafoboya kimi təhlükəli meyllərin bir sıra dövlətlərin və digər subyektlərin siyasətində özünə geniş yer alması reallığında Azərbaycanın mədəniyyətlərarası dialoq məkanına çevrilməsi faktı da qlobal əhəmiyyət kəsb edən məsələdir. Bu məsələlərin həlli istiqamətində Azərbaycanın təcrübəsi digər ölkələr üçün bir örnəkdir.
    Bundan savayı, Prezident İlham Əliyevin müəyyən etdiyi dinamik xarici siyasət kursunun tələblərinə uyğun olaraq Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığının dərinləşdirilməsi istiqamətində sanballı addımlar atılmışdır. Avropa İttifaqı ilə münasibətlərin yeni mərhələyə keçidini təmin edəcək genişmiqyaslı ”Strateji tərəfdaşlıq” sazişinin hazırlanması prosesində Azərbaycan öz milli maraqlarından çıxış edir və danışıqlar prosesi sonuncu mərhələdədir.
    Böyük fəxr hissi ilə onu da vurğulayaq ki. Prezident İlham Əliyevin rəhbərliyi ilə son illərdə ölkəmizdə iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunda daha yüksək artımın təmin edilməsi, ixrac imkanlarının genişləndirilməsi, rəqabətqabiliyyətli istehsalın stimullaşdırılması, investisiyaların təşviqi, sahibkarlara dövlət dəstəyinin gücləndirilməsi və biznes mühitinin daha da yaxşılaşdırılması istiqamətində aparılan genişmiqyaslı islahatlar kursu beynəlxalq aləmdə də olduqca yüksək qiymətləndirilir.
     İki il bundan öncə Müzəffər Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında işğal altında olan torpaqlarımızı Ermənistanın işğalçı silahlı qüvvələrindən azad etmək kimi müqəddəs vəzifəni şərəflə yerinə yetirdi. Bu tarixi Zəfəri ilə Prezident İlham Əliyev öz adını Müzəffər Sərkərdə olaraq təkcə mənsub olduğu ölkənin deyil, əslində dünyanın hərb tarixinə əbədi olaraq həkk etdi. Bu tarixi qalibiyyətin nəticəsində ordumuzun yenilməzliyi, qüdrəti və vətənpərvərliyi sözdə deyil, qanlı döyüş meydanlarında sübuta yetirildi. Xalq olaraq qəddimiz düz, alnımız açıq, başımız uca oldu, qürurumuz, milli ləyaqətimiz  özümüzə qaytarıldı. Hər birimiz əminik ki, bundan sonra da Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız İlham Əliyev cənablarının rəhbərliyi ilə xalqımız yeni - yeni zirvələr fəth edəcəkdir. Xoşbəxtliyimiz ondadır ki, bizim öz xalqını böyük məhəbbətlə sevən, Ulu Heydər Əliyev ideyalarını, onun ilahi arzularını zaman – zaman reallaşdıran dünyaşöhrətli, təcrübəli, qətiyyətli Dahi Prezidentimiz var.

Polad Ağakişiyev
YAP Qazax rayon təşkilatının məsləhətçisi


Tarix: 26-12-2022, 12:57 Oxunub: 272


Bölməyə aid digər xəbərlər