Ölkəmiz öz milli maraqlarını, regionda aparıcı dövlət statusunu qorumaqla yanaşı, Qərb dövlətləri, İslam ölkələri, Türk dünyası və MDB-nin siyasi, iqtisadi-mədəni məkanları ilə qarşılıqlı faydalı münasibətlər qurur. Beynəlxalq əməkdaşlığı və bərabərhüquqlu tərəfdaşlıq əlaqələrini gündən-günə genişləndirir. Qloballaşan dünyada Azərbaycanın siyasi, iqtisadi potensialı nəzərəçarpacaq dərəcədə artmış, regionda söz sahibi olan dövlətə çevrilmiş, beynəlxalq nüfuzu və mövqeyi daha da möhkəmlənmişdir. Müstəqil dövlətimiz hər zaman sülhə, beynəlxalq hüquq normalarına, sərhədlərin bütövlüyünə və toxunulmazlığına, dövlətlərin ərazi bütövlüyünə hörmət və qarşılıqlı fəaliyyət kimi prinsiplərə həmişə sədaqətli olmuşdur. Azərbaycan Prezidenti İlham Əliyevin müdrikliklə həyata keçirdiyi uzaqgörən və məqsədyönlü siyasət ölkəmizi beynəlxalq münasibətlərdə etibarlı, vacib tərəfdaş kimi tanıdıb. Son illərdə BMT, Avropa İttifaqı, ATƏT, MDB, İƏT, Qoşulmama Hərəkatı və digər təşkilatlarla əlaqələrimiz daha da möhkəmlənib.
Prezident İlham Əliyev tərəfindən ADA Universitetində keçirilən “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” adlı Beynəlxalq Konfransın iştirakçılarının çoxsaylı suallarının dolğun cavablandırılması Azərbaycan həqiqətlərinin bir daha dünyaya çatdırılması, regionda yaranmış yeni reallıqlara aydınlıq gətirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Ölkə başçımız tutarlı və əsaslı cavabları ilə Azərbaycan həqiqətləri ilə yanaşı, dünya ictimaiyyətinə olduqca mühüm mesajlar da göndərdi. Azərbaycanın qətiyyətli mövqeyi ortaya qoyuldu, ölkəmizin və regionun gələcəyi ilə bağlı konkret istiqamətlər göstərildi.
Beynəlxalq konfrans bir daha göstərdi ki, müharibə dövründə olduğu kimi, müharibədən sonra da Prezident İlham Əliyevin informasiya sahəsində genişmiqyaslı fəaliyyəti Ermənistan və erməni lobbisinin, Azərbaycanı istəməyən xarici qüvvələrin tərkisilah edilməsində mühüm rol oynayıb. Prezidentimiz vurğulamışdır ki, sərhədlərin müəyyən edilməsi zamanı tarix nəzərə alınmalı, Cənubi Qafqazın sovetləşdirilməsindən sonrakı dövrə aid xəritələr istifadə edilməlidir. Yalnız bir xəritə üzərində dayanılmamalıdır. Çünki, bir çox xəritələr var-1918-ci ilin xəritəsi var ki, İrəvan o zaman Azərbaycanın tərkib hissəsi idi. 1920-ci ilin noyabr ayının xəritəsi var ki, Zəngəzur o zaman Azərbaycanın tərkib hissəsi idi. Bu gün İran-Ermənistan sərhədi boyu olan ərazilərdə o zaman Azərbaycanlılar yaşayırdı və o torpaqların Erməni xalqına heç bir aidiyyatı yox idi. Həmçinin Prezidentimiz qeyd etmişdir ki, Qarabağda yaşayan ermənilər vahid Azərbaycan dövlətində özlərini daha təhlükəsiz və rahat hiss edə bilərlər. Bunun üçün ermənilər, ilk növbədə separatizm meyillərinə son qoymalı, reallıqları anlamalıdırlar. Xəritəyə, coğrafiyaya nəzər yetirməli və anlamılıdırlar ki, yüzminlərlə Azərbaycanlı ən yaxın gələcəkdə Kəlbəcərə, Laçına, Şuşaya, Ağdama qayıdacaq və onlar belə bir mühitdə qonşuluq şəraitində yaşamalı olacaqlar.
Ermənistan tez bir zamanda Azərbaycanın sülh təklifini qəbul etməlidir. Əks halda onlar məhv olmaq, tarix səhnəsindən silinmək təhlükəsi ilə üz-üzə qalacaqdır.
Gövhər Rəhimova
YAP Qazax rayon təşkilatının fəalı.
Bölməyə aid digər xəbərlər