GETDİ
Eşqim dönüb oldu dərdimə təbib,
Dağlanan vücudu sarıdı getdi,
Nəfsin nəfəsinə düşməndir deyib
Məni öz-özümdən qorudu, getdi.
Məclis düzənlədim( meyxanə kimi),
Vuruldum dərdimə- divanə kimi…
Eşqin atəşinə pərvanə kimi
Cismim tab etmədi, əridi, getdi.
Bütün dərdliləri yığdım başıma,
Ölümü çevirdim yol yoldaşıma…
Kim ki, şahid oldu davranışıma
Sildi göz yaşını, kiridi, getdi.
Eşqin yollarında ruhumla təkdim,
Dörd qapı adlayıb yüksələcəkdim,
Nəfsimi tapdırıb çarmıxa çəkdim,
Axdı qara qanı, qurudu getdi.
Dünyanın dərdini səslədim bəri,
Çağırdım ömrümə bütün kədəri,
Biləndə cünunam, baxıb ötəri
Dedi: “Bu, dəlidir!”,- yeridi-getdi.
Cismimdən ayrıldım, dönüb oldum pak,
Tenqriyə ucaldım eşqə həvəsnak…
Vücudum qüssədən olarkən həlak
Qarışdı torpağa, çürüdü getdi.
Bölməyə aid digər xəbərlər