11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Geriyə sadəcə gülüşü qalan körpə Zəhra ... - Yaşasaydı 5 yaşı olacaqdı...

Erməni vandalizminin qurbanı olan balaca Zəhranın doğum günüdür - Yaşasaydı 5 yaşını qeyd edəcəkdi.
Bu gün Füzulinin Alxanlı kəndində Quliyevlər ailəsində balaca Zəhra əzizlərinin əhatəsində həyatının ilk yubileyini qeyd edə bilərdi.
Hər kəs kimi onun da gözəl arzuları ola bilərdi... Bir ailənin gülən üzünü, ümidlərini solduran isə nə az, nə çox düz 4 il bundan əvvəl Ermənistan silahlı qüvvələrinin Alxanlı kəndini minaatanlardan atəşə tutması olub.
2017-ci il iyulun 4-ü əvvəlki günlər kimi ola bilərdi...
Həmin gün Alxanlı kəndinin digər sakinləri kimi 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı və nənəsi 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı da olacaqlardan xəbərsiz idilər.
Axşam saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən dinc əhali atəşə tutulur. Həmin gün yaşayış evlərinin atəşə tutulması nəticəsində sakinlər arasında ölənlər və yaralananlar olub.
Düşmən hücumunun qurbanlarından biri də hələ yeni-yeni ayaqları üzərində dayanmağa başlayan 18 aylıq Zəhra Quliyeva olub.
2 yaşlı körpəyə dəyən həmin qəlpələr nəinki Quliyevlər ailəsinə, eləcə də bütün azərbaycanlıların qəlbinə od saldı.
Yaşasaydı, 5 yaşını qeyd edəcəkdi...
Balaca Zəhranın qanlar içərisində olan soyuq bədəni bütün ölkəni matəmə boğdu. Bu hadisə nəinki Azərbaycanda, dünyanın bir çox ölkələrinin mətbuat orqanları tərəfindən işıqlandırılaraq erməni vandalizmini bir daha beynəlxalq ictimaiyyətə çatdırdı.
Dünyanın nüfuzlu informasiya mənbələri olan “Reuters”, BBC, “France Press” informasiya agentlikləri, “Nyu York Times”, “Le Monde” qəzetləri Ermənistan ordusunun Azərbaycanın yaşayış məntəqəsini atəşə tutması nəticəsində uşaq və qadının öldürülməsi faktını rəsmi məlumatlar əsasında işıqlandırdılar.
Geriyə yalnız ürəkdağlayan gülüşü qalan körpəmiz...
Bu gün Zəhranın 5 yaşı tamam olur... Valideyn üçün övladın yerini heç nə əvəz edə bilməz. Fevralın 13-ü bütün Azərbaycan balaca Zəhranın xatirəsini yada salır. Bu gün hər kəs Zəhradır...
İlk sözləri, gülüşləri, dəcəllikləri əlindən alınan, beşiyi boş, oyuncaqları ortalıqda qalan 2 yaşlı Zəhra... Ondan geriyə ancaq telefonlarda gəzən o məsum gülüşü qaldı. O da yaddaşlardan çətin silinər. Sosial şəbəkələrdə paylaşılan həmin görüntüləri göz yaşlarısız izləmək mümkün deyil...


Müəllim, yazar, Türkmən Ədəbiyyatçılar Birliyinin üzvü, NATƏVAN mükafatı laureatı  Aygün Sadiqin beşiyi boş, oyuncaqları ortalıqda qalan 2 yaşlı Zəhraya həsr etdiyi ürək dağlayan misraları:
Hələ bir müddət  öncə  
Əlvan bəzənmiş bələk
İçində məsum, incə
Zəhra deyilən mələk

Verilir təmtəraqla
Gənc ata qollarına..
Qucaqlardadır mələk,
Ürəkdə xoş arzular...
Qəfildən dönür fələk-
Qışa çevrilir bahar...
Ensiz bir cığır axar
Qəbristan yollarına....

Bu körpənin ölümü
Bütöv millətin yası!
Dünya boyda arzunun,
Fərəhin qətl olması!
Ağla, ey qadın, ağla,
Güman yox ki yarına...
Vətən, xəcalətliyik-
Dinməyə üzümüz yox...
Dərdimiz bizdən böyük,
Xəcalət tərim soyuq...
Vətən, məni qucaqla,
Bəlkə, yaram sarına...

                    Ailənin bir il sonra gələn Muradı...
Ailənin solan ümidlərini bəlkə də bərpa etməz, amma bir il sonra Quliyevlər ailəsinə yeni nəfəs, yeni ümid gəlib. Zəhranın qardaşı doğulub... Balacaya Murad adı verilib. Bu balaca ailəni yarım qalan muradına çatdıracaq... 
Bəlkə də səmada bir yerlədən bizi görürsən, əziz Zəhra... Səni unutmadıq, unutdurmadıq.
Bu gün sənə hədiyyələr alınmalı idi...Heyf ki, əlimizdən gələn günahsız bədənin yatdığı o müqəddəs torpağa gül dəstələri qoymaqdır. 
Doğum günün mübarək, Zəhra...

           Könül Cəfərli 

Tarix: 13-02-2021, 16:35 Oxunub: 703


Bölməyə aid digər xəbərlər