05.07.2026-cı il tarixində Qazaxın Çaylı kəndində əsl söz bayramı yaşandı.
İnsan var ki, məktəb-mədrəsə görmədən, təhsil almadan, təbiətin və ilahi bir verginin gücü ilə sözün zirvəsini fəth edir. Şair dostumuz Rafayıl
Qurbanoğlu məhz belə insanlardandır. Təhsili olmamasına baxmayaraq o, ürəyindən gələn saf duyğuları misralara çevirərək, ümumilikdə iki kitabını ərsəyə gətirdi və 05.07.2026-cı il tarixində müəllifin "Hələ deyilməmiş sözüm var mənim" adlı ikinci şeir kitabının möhtəşəm təqdimatını keçirdi.
Rafayıl Qurbanoğlunun bu iki kitabının işıq üzü görməsi əsl fədakarlıq və sənət sevgisinin göstəricisidir. Bu nəşrlərin təmənnasız olaraq çap olunmasına böyük ürəklə dəstək verən "Həkəri" qəzetinin baş redaktoru, şair-publisist Rauf İlyasoğluna ədəbiyyatsevərlər adından dərin minnətdarlığımızı bildiririk. Rauf müəllimin şairin istedadına verdiyi bu qiymət, ədəbiyyata verilən ən böyük dəyərdir. Təqdimat mərasiminin yüksək səviyyədə təşkilində isə şair Rayət Əlinin zəhməti danılmazdır; o, bu günün hər bir detalını incəliklə düşünərək unudulmaz bir mühit yaratmışdı.
Məclisə dəyərli söz adamları toplaşmışdı. Bilal Qoca, Aydın Qəlyanoğlu, Bayram Aşıxlı, Şərqiyə Qazaxlı, Ziba Sevindik, Saday Qazaxlı kimi şairlərimiz, eləcə də söz dünyasının incilərini yaşadan Aşıq Samir Cəlaloğlu, Aşıq Ceyhun Qurbansoy, Aşıq Alı Qazaxlı və Aşıq Camoy öz ifaları ilə məclisə xüsusi ruh qatdılar. Həmçinin tədbirdə həkim Gülməmməd Gülməmmədov, ATİA.AZ saytının baş redaktoru Aydın Adıgözəlli və ictimai fəal-yazar Elnur Quliyev də iştirak edərək, Rafayıl Qurbanoğlunun sevincinə şərik oldular.
Bu təqdimat mərasiminin uğurla keçməsi üçün maddi və mənəvi dəstəyini əsirgəməyən Qazaxın qeyrətli oğulları Xəyyam Çaylıya və Kərəm Axundova dərin təşəkkürümüzü bildiririk. Tədbirin lentə alınıb tarixə düşməsində əməyi olan AE Studiyasının rəhbəri Asif Zöhrabova və məclisə xoş hava qatan musiqiçi Oktay qardaşımıza minnətdarıq. Uzaqda olub tədbirə gələ bilməyən, amma ürəyi bizimlə döyünən şair Cavanşir Rüstəm də canlı yayımda bizə qoşularaq şair dostumuzu ürəkdən təbrik etdi. Sonda, hər zaman qapısını və qəlbini söz adamlarına açan, bu günün ev sahibliyini öz üzərinə götürən Məhərrəm qardaşımıza və onun dəyərli ailəsinə göstərdikləri yüksək qonaqpərvərliyə görə dərin ehtiramımızı bildiririk.
Rafayıl müəllim, sənə halal olsun! Ümumilikdə iki kitabınla ədəbiyyatımıza verdiyin bu töhfə təhsilin deyil, ilahi istedadın və qəlbin gücünün nişanəsidir. Qələmin daim kəsərli, misraların isə hər zaman oxucuların qəlbinə yol tapsın. İnanırıq ki, bu kitablar böyük yaradıcılıq yolunun başlanğıcıdır. Söz dünyamızda imzanın həmişə uca olması diləyi ilə, səni və bütün ədəbiyyatsevərləri bu gözəl uğur münasibətilə təbrik edirik!
Elnur Quliyev ✍️
İctimai fəal-yazar
Bölməyə aid digər xəbərlər















