Habil Cavadovun sənət bağçasından bir neçə yarpaq...

   Bu gün oxucularımıza yenidən gənc şairimiz  Cavadov Habil Əsgər oğlunun   bir neçə  şeirini sizə təqdim etmək istəyirik.

Cavadov Habil Əsgər oğlu 1974-cü ildə Xocalı rayonunun Cəmilli kəndində anadan olub.  1991 ci ilin dekabır ayında  məlum Qarabağ hadisələri ilə əlaqədar doğma kəndlərindən çıxıb  məcburi şəkildə köçkünə çevrilən Cavadov Habil hazırda Bakı şəhəri,  Abşeron rayonu,   Masazır qəsəbəsi, Yeni Bakı yaşayış kompleksində məskunlaşıb.

   


 Ürəyim bil qubar eylədi sənsiz


Bir gör neçə vaxtdır görmürəm səni,

Həsrətin, yoxluğun yaşadır qəmi,

Bələdin ətrinə çölü, çəməni,

Hamıdan olmusan sən doğma, əziz,

Ürəyim bil qubar eylədi sənsiz.


Hopmusan qəlbimin dərinliyinə,

Hər bir çətinliyə gərmişəm sinə,

Möhtacam sənin şaqraq gülüşünə,

Sən olsan yanımda, olaram qəmsiz,

Ürəyim bil qubar eylədi sənsiz.


Ta dözüm qalmadı canımda mənim,

Tər gülü xəzana döndü çəmənim,

Gülüşü gözəlim, xoş gül ətirlim,

Eşqin zirvəsi kaş olaydı çənsiz,

Ürəyim bil qubar eylədi sənsiz.


Habilin könlündə doğan günəşsən,

Hərkəs bu sevgiyə söyləyər əhsən,

Səni çox sevirəm,  inanki, bilsən,

Sənsiz eşqin sazı qalacaq simsiz,

Ürəyim  bil qubar eylədi sənsiz.



 Ölməyə gəlmişik bu dünyaya biz.


Hər kəsin bir qısa ömür payı var,

İnsanlar, dünyanı gəl etməyək dar,

Ömürlük səmada qala bilmir sar,

Ölməyə gəlmişik bu dünyaya biz.


Əcəlin köhləni hazırdı, hazır,

Namərdlər mərdlərə gor, qəbir qazır,

Taleyin hökmüylə qələm nəs yazır,

Ölməyə gəlmişik bu dünyaya biz.


Nankorluq etməyin burax başını,

Bilməzsən qoca dünyanın yaşını,

Yedirəcək sənə  zəhər aşını,

Ölməyə gəlmişik bu dünyaya biz.


Mənəm, mənəm deyib, döymə sinənə,

Bir gün gələn bəndə gedəcək yenə,

Əzəldən belədir qayda, ənənə,

Ölməyə gəlmişik bu dünyaya biz.


Habil, sən nə saydın fələk sayanı?

Uçurub sökə bilsən də qayanı,

Görmədim dünyadan gedib doyanı,

Ölməyə gəlmişik bu dünyaya biz.

 

Sən qədər  kimsəni sevəmmədim mən


Hər an adın olub dilimdə əzbər,

Həsrətin könlümə gətirir qəhər,

İnan sənsiz mən olmuşam bir təhər.

Hər an bil ağlımda sən olmusan, sən,

Sən qədər kimsəni sevəmmədim mən.


Mənim dünyamın tək hakimi özün,

Günəşdir mənimçün bənizin, üzün,

Baldan da şirindir hər kəlmən, sözün.

Düşünməkdən səni saçım oldu dən,

Sən qədər kimsəni sevəmmədim mən.


Bir xoş baharın  ətridir gülüşün,

Səni çox sevdiyimi dərindən düşün,

Heç kimlə yox, tək səninlədir işim.

Həsrətinlə həmdəm olur mənə qəm,

Sən qədər kimsəni sevəmmədim mən.


Habilin qəlbində qurmusan yuva,

Boğuluram sənsiz, çatışmır hava,

Tükənibdir səbrim, dözmürəm daha.

Tək ali sevgimsən, ən ucasan,ən,

Sən qədər kimsəni sevəmmədim mən.



Tarix: Bu gün, 09:01 Oxunub: 65


Bölməyə aid digər xəbərlər


«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930