Hər bir xalqın tarixində elə günlər olur ki, bu günlər heç zaman unudulmur, yaddan çıxmır, qan yaddaşına əbədi olaraq həkk olunur. 1992-ci il fevralın 26-da qədim Azərbaycan şəhəri olan Xocalıda baş verənlər də xalqımızın yaddaşından heç vaxt silinməyəcəkdir. Çünki həmin vaxt bütöv Azərbaycan xalqına qarşı bir soyqırımı aktı həyata keçirilmiş, bəşəriyyətin ən böyük faciələrindən biri törədilmişdir. Bu cinayətin səbəbkarı isə Azərbaycan torpaqları hesabına "Böyük Ermənistan" qurmaq xülyasına düşmüş, xalqımıza qənim kəsilmiş mənfur ermənilərdir. Danılmaz faktdır ki, Xocalı faciəsi ermənilərin uzun illərdir Azərbaycan xalqına qarşı apardığı haqsız müharibənin, ərazi iddialarının, erməni vəhşiliyinin tərkib hissəsidir. Amma bu faciə özünün ağırlığı, dəhşəti ilə ermənilərin törətmiş olduğu digər cinayətlərdən köklü surətdə fərqlənir. 32 il bundan əvvəl Xocalıda 613 nəfər qətlə yetirildi, 1275 nəfər əsir və girov düşdü, 56 nəfər xüsusi qəddarlıqla öldürüldü. Şəhərin özü isə talan edildi və dağıdıldı.
Təəssüflər olsun ki, o zamankı Azərbaycan hakimiyyəti tərəfindən Xocalı soyqırımı aktının qarşısının alınması üçün zəruri tədbirlər həyata keçirilmədi və bu faciə beynəlxalq aləmə çatdırılmadı və lazımınca qiymətləndirilmədi. Məhz, ilk vaxtlar rəsmi orqanların Xocalı faciəsini soyqırımı faktı kimi açıqlamaması və bununla bağlı dünya ictimaiyyətinə heç bir məlumatın verilməməsi ağır nəticələr verdi.
Soyqırımı qurbanlarını daim yad edən, şəhidlərin xatirəsini əziz tutan Ümummilli Lider Heydər Əliyev 1997-ci il fevralın 25-də "Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında" fərman imzaladı. Məhz, Ümummilli Lider Heydər Əliyev yenidən hakimiyyətə qayıtdıqdan sonra Xocalı soyqırımına dövlət səviyyəsində münasibət bildirildi və Ulu Öndərin rəhbərliyi ilə bu faciəyə düzgün siyasi-hüquqi qiymət verildi, bu dəhşətli hadisənin səbəbkarları və iştirakçıları aydın şəkildə göstərildi. Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Xocalıda baş verənlər Milli Məclisdə müzakirə olundu. Ölkə Prezidentinin sərəncamı ilə 26 fevral - Xocalı faciəsi günü elan edildi. Heydər Əliyevin "Azərbaycanlıların soyqırımı haqqında" 26 mart 1998-ci il tarixli fərmanı ilə ilk dəfə faciənin dəqiq siyasi qiyməti verildi, günahkarlar göstərildi. Adı çəkilən fərman, beynəlxalq insan haqları haqqında aktlar, BMT nizamnaməsi, beynəlxalq hüququn ümumi qəbul edilmiş prinsipləri, Azərbaycan Respublikası Cinayət Məcəlləsi ermənilərin azərbaycanlılara qarşı törətdikləri Xocalı soyqırımının dəhşətli cinayət kimi tanınmasına tam əsas yaradır.
Ümummilli Liderimiz Heydər Əliyevin siyasi irsini uğurla davam etdirən Möhtərəm Prezidentimiz İlham Əliyev də Xocalı faciəsinin beynəlxalq miqyasda birmənalı şəkildə soyqırımı aktı kimi tanınması üçün əlindən gələni edir. Ölkə başçısının " Düşünürəm ki, müstəqil, güclü və demokratik Azərbaycan dövlətinin mövcudluğu və getdikcə inkişaf etməsi Xocalı şəhidlərinin ruhuna təsəlli ola bilər" - fikirləri və bu amalın daha uğurla reallaşması istiqamətindəki ardıcıl və qətiyyətli fəaliyyəti qeyd etdiyimiz fikri bir daha təsdiq etmiş olur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə son illər bu soyqırımı hadisəsinin bütün dünyada tanınması və ədalətli siyasi-hüquqi qiymətinin verilməsi istiqamətində geniş ideoloji-intellektual işlər görülür. Azərbaycan Respubkilasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi altında həyata keçirilən işlər də öz bəhrəsini verməkdədir. Xüsusilə son illər Azərbaycan həqiqətləri, mədəniyyətimiz, Dağlıq Qarabağın tarixinə dair əsərlər, Xocalı faciəsi haqqında kitablar, filmlər, stendlər dünyanın hər yerində nümayiş etdirilir.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə təsis edilən, 2009-cu ilin fevralında fəaliyyətə başlayan və hazırda uğurla davam etdirilən "Xocalıya ədalət" beynəlxalq informasiya və təşviqat kampaniyası da Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında öz töhfəsini verməkdədir. Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Xocalıya ədalət" beynəlxalq kampaniyası çərçivəsində irəli sürülən qətnamədə Xocalı faciəsinə "Erməni silahlı qüvvələri tərəfindən dinc əhalinin kütləvi qətliamı" və "İnsanlığa qarşı cinayət" kimi qiymət verilib. Qətnamədə "Xocalıya ədalət" beynəlxalq kampaniyasına həm milli, həm də beynəlxalq səviyyədə tam dəstək verməyə çağıran bənd də öz əksini tapıb. Qətnamə beynəlxalq təşkilatlar tərəfindən Xocalı soyqırımını "İnsanlığa qarşı cinayət" kimi tanıyan ilk sənəddir.
Son illər ərzində dünya dövlətlərinin qanunvericilik orqanlarında Xocalı soyqırımını insanlığa qarşı yönəlmiş cinayət aktı kimi dəyərləndirilməkdə və bu istiqamətdə xüsusi qətnamələr qəbul olunmaqdadır. Bununla yanaşı, ABŞ-ın Xocalı soyqırımını tanıyan və bu cinayəti qınayan ştatlarının sayı hər il artmaqdadır.
Bəli, nahaq qan yerdə qalmadı. İndi böyük qürur hissi ilə deyə bilərik ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin qətiyyətli iradəsiylə İkinci Qarabağ müharibəsi dövlətimizin inamlı qələbəsi ilə başa çatdı və 2023-cü il sentyabrın 19-20-də keçirilmiş birgünlük antiterror əməliyyatı nəticəsində Azərbaycan Qarabağdakı qanunsuz separatçı rejimin mövcudluğuna son qoydu və özünün beynəlxalq səviyyədə tanınmış əraziləri üzərində suverenliyini tam bərpa etdi. Bu haqq döyüşlərində tarix yazan Azərbaycan ordusu tərəfindən məhv edilən düşmən qüvvələri içərisində Xocalı soyqırımının cəlladları da vardı.Tarixi qələbə qazanan Müzəffər Ordumuz müqəddəs şəhidlərimizin və Xocalı qətliamının günahsız qurbanlarının qisasını aldı. Xocalıda, eləcə də Qarabağ uğrunda həlak olan bütün şəhidlərimizin ruhu əbədi rahatlığa qovuşdu. Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız İlham Əliyev cənablarının oktyabrın 15-də Xocalı şəhərində Azərbaycanın üçrəngli bayrağını ucaltmaqla soyqırımı qurbanlarının qisasının artıqlaması ilə alındığını və onların qanının yerdə qalmadığını bir daha sübut etdi.
Zaməddin Ziyadoğlu
Partiya veteranı, şair
Bölməyə aid digər xəbərlər