"201 saylı orta məktəbin direktoru Afaq Əliyeva müəllimlərin əmək hüququnu kobudcasına pozur" - bunu 201 nömrəli orta məktəbin tarix müəllimi, tarix elmləri üzrə fəlsəfə doktoru Cəmalə Əsgərova bildirib.
Onun sözlərinə görə, hər şey onun Nizami Rayon Prokurorluğunda 201 nömrəli məktəbdəki maliyyə pozuntuları ilə əlaqədar verdiyi izahatından sonra başlayıb:
"Ondan sonra məktəbin direktoru Afaq Əliyeva mənə təzyiqlər göstərir. Əslində izahatda mən olanı demişəm. Bundan başqa, 14 sentyabr 2023-cü il tarixində Pedaqoji Şuranın iclasında dərsə gəlməyən A.A. adlı şagirdi qiymətləndirməməkdə ittiham olunmuşam. Sinif rəhbəri olaraq mənə intizam tənbehi (töhmət) verilib. Halbuki mən sinif rəhbəri kimi fənn müəllimlərinin yazdıqları qiyməti cədvələ köçürüb Nəriman Vəliyevaya hesabat vermişəm. Şagirdin sinifdə qalma səbəbi dərsə gəlmədiyi üçün heç bir fənn müəlliminin onu qiymətləndirməməsi olub. Poçt vasitəsi ilə şəxsən direktorun özünə müraciət edib, 14 sentyabr 2023-cü il tarixində keçirilən iclasın protokolunu verməsini tələb etdim. 10 oktyabrda protokol mənə çatdırılıb. Amma tarix fənnini tədris etdiyim 6C sinfinə daxil olduğum zaman jurnalı yazarkən siyahıda həmin şagirdin ad-soyadını gördüm. Təsəvvür edin mən bu şagirdi sinifdə saxlamaqda ittiham edilərək töhmət almışam. Bu şagird heç bir fənn müəllimi tərəfindən qiymətləndirilməyib. Buna baxmayaraq, sinifdən sinifə keçib. A.A. özü bu günə kimi dərslərdə iştirak etməsə də, adı 6C sinfinin şagirdləri siyahısında qeyd olunub. Aldığım məlumata əsasən o, ötən dərs ilindən anası ilə birlikdə Ağcabədidə yaşayır".
Müəllimə bildirib ki, Afaq Əliyeva direktor təyin olunduqdan sonra qeyri-sağlam bir mühitdə çalışır:
"Məktəbin direktoru Afaq Əliyevanın istəyi odur ki, niyə onun dediyi kimi izahat vermədim. Bu qərəzdən başqa bir şey deyil. Afaq Əliyeva vəzifəsindən sui-istifadə edərək işçiyə təzyiq edir. Afaq Əliyeva tərəfindən mənim əmək hüququm kobudcasına pozulub".
201 saylı orta məktəbin direktoru Afaq Əliyeva ittihamlara münasibət bildirməyib. O, şikayətçinin adını eşidən kimi "Bakı Şəhər Təhsil İdarəsinə müraciət edin, mənim sizə cavab verməyə nə vaxtım, nə də fikrim var" deyərək telefonu qapadıb.
Bahar Rüstəmli
Qaynarinfo
Bölməyə aid digər xəbərlər