13:17 / 02-12-2024
Sabah hava necə olacaq?
Masallı məktəb direktorlarının axarı və uğuru...

"Sovet hökuməti dağılandan sonra təhsil bazarı şəraitində bir sıra müəllimlik siması olmayanlar kütləvi halda "məktəb direktoru" vəzifəsini satın ala bildilər. Bəzi hallarda harınlaşmış direktorlar qonşu məktəblərdəki boş direktor vəzifəsini də satın alaraq oranı şərikli işlətdikləri hallar belə olub. Təsadüfü deyil ki, rayonumuzda avtomobil və mal alverçisi, saxta hərbi bilet və pensiya düzəldən, mollalıq və tamadalıq edən, çayxana və restoran işlədən, dərman və hətta narkotik vasitə satan məktəb direktorları da mövcuddur. Bir müddət isə rayon təhsilinə mal alverçisi müdir kimi və molla onun müavini kimi rəhbərlik də ediblər. Adı məktəbin “ölü canlar”ı siyahısında olub Rusiyada və Bakıda alver ilə məşğul olan, heç vaxt sinfə girməyən “müəllim”lər ölkədə vəziyyət bir az düzələn vaxtlar əlində pul direktor vəzifəsini rahat qamarlaya bildilər. Qadın məktəb direktorlarından da ərləri həbsxanada olan və ya narkotik vasitələrin ticarətinə görə cinyət təqibində olanlar mövcuddur.

Axarlı olsun...

Masallı rayonu Köçəkli kənd tam orta məktəbinin direktoru molladır. Direktor deyəndə ki, əslində 10 ildir direktor əvəzidir. Onu rayon mərkəzində köynəyini şalvarının üstünə buraxmış, əlində təsbeh, başında araxçın və üzündə saqqal görsniz heç inanmarsınız ki, beləsini direktor təyin edən zehniyyət nə vaxtsa rayon təhsilinə rəhbərlik edib. Bu molla avtomobilinin yük yerində tüfəng gəzdirdiyini söyləyir. İddia edir ki, onun direktor əvəzi olduğu məktəbə kim direktor, direktor əvəzi gəlsə və ya oranı yoxlamağa cürət etsə vurub onu öldürəcək. Bu azmış kimi həmin məktəbə müəllimlərin mərkəzləşmiş işə qəbul müsabiqəsi daxilində heç kim təyinatla belə gələ bimir, gəlsə belə orada sonunacan davam gətirə bilmir. Necə ki bir-neçə il əvvəl təyinatla bu məktəbə gələn iki nəfər gənc qadın müəllimə qarşı o qədər hörmətsizlik olundu ki, onların valideynləri məktəbə gəlib qızlarını hay-küy və narazılıqla oradan apardılar. Keçən il isə məktəbə təyinat alan gənc qadın müəllimi molla-direktor əvəzi məktəbə buraxmadı. Təhsil Nazirliyinə və Rayon Təhsil Şöbəsinə meydan oxuyaraq bildirdi ki, öz doğma qızı müsabiqədən keçməsə belə məktəbdə işləməyə daha layiqdir. Bu molla-direktor əvəzi özünü çoxdan direktor sayır. Heç əziyyət çəkib məktəb direktorlarının mərkəzləşmiş işə qəbul müsabiqəsinə sənəd belə vermir. Axı niyə özünə əziyyət versin və müsabiqəyə qatılsın ki? Məgər onu direktor əvəzi vəzifəsindən azad etməyə cürət edən müdir var? Heç rayonda və ya həmin məktəbdə onun qorxusundan həmin məktəbdəki vakant direktor vəzifəsini seçməyə cürət edən müəllim belə mövcud deyil. Bəs görəsən Təhsil Nazirliyində 10 ildir direktor əvəzi təyin edilən, imtahanlara belə qatılmayan bu molla-direktor əvəzini yerində oturtmağa cürət edən bir məmur da yoxdur? Bax bu sualın cavabını bir müddət sonra hamımız biləcəyik!

Buradaykən, mərkəzləşmiş müəllimlərin işə qəbul müsabiqəsi ilə ucqar Zuvandlı kənd tam orta məktəbinə təyinatla gələn müəllimə kənddə mənzil kirayə verilməməsi, buna görə müəllim məcbur olub hər gün kənddən rayona qayıdan zaman ona avtomobil saxlamamaq üçün sakinləri dilə tutan məktəb direktoruna da “axarlı olsun” deyirik!

                           Uğurlu olsun...

Bir zamanlar rayonda çap olunan yerli mətbuat orqanı Masallı rayonu Bədəlan kənd tam orta məktəbinin hazırkı direktorunu qumarbaz kimi xarakterizə etmişdi. Lənkəran və Masallını birləşdirən yolun Bədəlan kəndindən keçən hissəsində bu adamın şəxsi çayxanası, əslində qumarxanası var. Direktor təyin edilən vaxta qədər adı məktəbdə “çerçeniya müəllimi” kimi getsə də bahalı avtomobili də daxil olmaqla özü həmişə çayxanada olardı. Daha sonralar direktor vəzifəsini satın alıb və hazırda adətən günün ikinci növbəsi yenə da çayxanada olur. Əsas işi azərkeşlərdən mərc oyunları, konkret futbol üçün uduş varinatı yığmaqdır. Lakin onu deyim ki, yaxşı nərd oynamağı var, sadəcə tası 100 manatdan oynadığı üçün hər oğulun işi deyil onunla üz-üzə gəlmək. Qayıdaq onun mülkiyyətində olan çayxana-qumarxanaya. Kəndin mərkəzində və ağacların arasında yerləşən bu adsız, köhnə məkan çayxana hesab olunsa da əməlli-başlı qumarxanadır. Təkcə ona görə yox ki, burada məktəb direktoru şəxsən futbol üçün mərc oyunlarının varinatını yığır. Həm də ona görə ki, burada gündüzlər domina, loto və gecələr poker oyunları gedir. Ordakı qaydalara görə isə hər oyunun sonunda uduşun 20 və ya 30 faizi obyektin sahibinə çatır. Bir sözlə, bu məkan çayxana və ya qumarxana yox, əsil kozinodur. Kimsə sual verə bilər ki, kəndin ortasında, yerli icra hakimiyyəti və hüquq-mühafizə orqanlarının gözü önündə məktəb direktoru bütün bunları necə edə bilir? Başqa bir sual budur ki, işi insanların tərbiyəsinə rəhbərlik olan məktəb direktoruna gənclərin əxlaqını pozan fəaliyyətini valideynlər və müəllimlər, ən əsası kəndçilər necə dözürlər? Təbii, ki hətta 10-a qədər evdə təhsil sinfi olan məktəb direktoruna batmaq bir qədər çətin olar. Hələlik isə məktəbdəki qanunsuz hallar barədə isə danışmaq artıqdır.

Buradaykən, rayon mərkəzindəki dükanda satılan Masallı şəhər 6 saylı tam orta məktəbə məxsus, Çin hökumətinin Azərbaycan məktəblərinə hədiyyə verdiyi və bu barədə üzərində xüsusi yazı olan nootbuklardan satan digər məktəb direktorlarına da “uğurlu olsun” deyirik.(Tehsil.biz)

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. 


Tarix: 14-03-2021, 22:58 Oxunub: 834


Bölməyə aid digər xəbərlər
13-02-2021, 12:10 Oqtay Əsədov həbs edilir?