Tarix boyu Azərbaycan qadını öz dərin zəkası, incə qəlbi, vəfası, sədaqəti, mərdliyi, qəhrəmanlığı, yüksək analıq keyfiyyətləri ilə hər zaman xalqımızın adını uca tutmuş, xalqımızın mənəvi dəyərlərinin formalaşmasında və gələcək nəsillərə ötürülməsində misilsiz rol oynamışdır.
8 Mart Beynəlxalq Qadınlar Günü bayram kimi hər il müxtəlif dünya dövlətlərində, eləcə də respublikamızda təntənəli şəkildə qeyd olunur. Çox qədim dövrlərdən Azərbaycanda qadına - anaya daim böyük ehtiram və dərin hörmət bəslənmiş, Vətənə övlad yetişdirən ana həmişə müqəddəs olmuş, namus, qeyrət və sədaqət rəmzi sayılmışdır. Müdrik hökmdar və cəsur sərkərdə, böyük alim və bacarıqlı dövlət xadimi, istedadlı şair və mahir sənətkar olan Azərbaycan qadınlarının adları çoxəsrlik tariximizin şanlı səhifələrinə qızıl hərflərlə yazılmışdır. Azərbaycan qadını milli-mənəvi dəyərlərimizin qorunub saxlanılmasında və nəsildən-nəslə çatdırılmasında daim fədakarlıqlar göstərmiş, xalqımızın hazırkı mədəni simasının müəyyənləşməsində müstəsna rol oynamışdır. Ən dərin fikirləri dolğun ifadə qüdrətinə malik doğma dilimizin əsrlərin sınağından alnıaçıq çıxaraq bu gün də bütün gözəlliyi və zənginliyi ilə yaşamasında onun əməyi misilsizdir.
Qeyd edim ki, Azərbaycanda Qadınlar günü ilk dəfə 1917-ci ildə qeyd edilib. 1914-cü ilədək Beynəlxalq Qadınlar Günü müxtəlif günlərdə keçirilirdi. Beynəlxalq Qadınlar Gününün martın 8-də keçirilməsi Avstriya, Macarıstan, Rusiya, ABŞ və digər ölkələrin qadınlarının öz həmrəylik gününü məhz bu tarixdə qeyd etməsindən sonra ənənə halını aldı. Həmin vaxtdan bütün ölkələrdə qadınlar 8 Martı sülh uğrunda mübarizədə həmrəylik günü kimi də qeyd edirlər.
1998-ci ildə Azərbaycanda Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradılıb. Azərbaycan həm də Avropa Şurasının qadınlarla bağlı bürosunda təmsil olunur, BMT-nin qadın məsələləri üzrə komissiyasının tam hüquqlu üzvüdür. 1995-ci ildə isə Azərbaycan rəsmi şəkildə qadınlara qarşı münasibətdə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması haqqında beynəlxalq konvensiyaya qoşulub.
Xüsusi qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva hərtərəfli fəaliyyəti ilə həm ölkədə, həm də beynəlxalq aləmdə Azərbaycan qadının nüfuzunu daha da yüksəklərə qaldırır. Mehriban Əliyeva Azərbaycan Prezidentinin ən yaxın silahdaşı kimi, dövlət başçısı ilə birlikdə Azərbaycan xalqının və Azərbaycan dövlətinin qarşısında duran bütün vəzifələri şərəflə yerinə yetirir. Yarandığı ilk gündən xeyirxahlıq və ümid məbədinə çevrilən Heydər Əliyev Fondu Azərbaycanda həyata keçirilən dövlət qadın siyasətinə, gender bərabərliyinin təmin olunmasına mühüm töhfələr verir. Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti cəmiyyətimizdə qadınlara münasibətdə Azərbaycan ailəsinə zidd olan stereotiplərin aradan qaldırılması, xanımların ictimai həyatda fəal iştiraka cəlb edilməsi üçün müstəsna əhəmiyyət daşıyır. Mehriban xanım Əliyeva müasir Azərbaycan qadınını təcəssüm etdirir. O, həm ictimai xadim, həm ailə xanımı, həm ana kimi bütün qadınlarımıza cəmiyyətin həyatında layiqli yer tutmaq nümunəsini göstərir. Azərbaycan qadını üçün səciyyəvi olan humanizm, qayğıkeşlik və insanpərvərlik kimi ali mənəvi keyfiyyətlər Mehriban xanım Əliyevanın şəxsiyyətində daha parlaq təcəssümünü tapır. Onun fəaliyyəti milli-mənəvi dəyərlərə söykənən və intellektual yüksəlişə xidmət edən ideyaların cəmiyyətdə daha da zənginləşməsinə və möhkəmlənməsinə yönəlmişdir.
Bu gün suveren Azərbaycanda qadınların cəmiyyətdəki yeri və rolu həm xalqımızın öz milli ənənələrinə bəslədiyi hörmət, həm də dövlətimizin yeritdiyi siyasət sayəsində yüksək qiymətləndirilir. Müasir Azərbaycan qadını ana olmaqla yanaşı, həm də bacarıqlı siyasətçi, iş adamı, dövlət məmuru, xalqın inanıb səs verdiyi millət vəkilidir. Bu fəallıq Azərbaycan qadınının malik olduğu tarixi ənənələrlə yanaşı, ölkəmizdə həyata keçirilən gender siyasətinin mahiyyətindən, qadınlara cəmiyyətin tamhüquqlu üzvü kimi bütün imkanlardan bərabər istifadə üçün zəruri şəraitin yaradılmasından irəli gəlir.
Babək Vələdov
YAP Qazax rayon təşkilatının məsləhətçisi
Bölməyə aid digər xəbərlər















