Mart ayının 8-i təqvimin yaddaqalan və fərəhli günlərindən biridir. Ona görə ki, bu bayram anaların, bacıların, tarixən ağlı, zəkası, gözəlliyi, namusu, mərdliyi, sədaqəti, fədakarlığı ilə millətinə, torpağına başucalığı gətirən Azərbaycan qadınlarının əziz bayramıdır. Tarixin bütün dövrlərində qadınlarımız cəmiyyətimizin mənəvi dayağı olmuş, ölkəmizin simasını müəyyənləşdirmək üçün böyük fədakarlıqlar,qəhrəmanlıqlar göstərmişlər.
Azərbaycançılıq,milli müstəqillik və dövlətçilik ideyaları ətrafında sıx birləşən Azərbaycan qadınları bu gün dövlət quruculuğunda, ölkənin ictimai-siyasi həyatında fəal iştirak edərək ölkəmizin sosial-iqtisadi, elmi-intellektual potensialının artırılmasına, təhsilimizin, mədəniyyətimizin inkişafına layiqli töhfələrini verirlər. Azərbaycan qadınları bütün sahələrdə öz səmərəli fəaliyyətləri ilə gənc nəslin yüksək səviyyəli, fəal mövqeli, xalqına, dövlətinə sadiq, müasir dünyada gedən proseslərdən baş çıxarmağı bacaran kamil vətəndaşlar kimi yetişməsi işinə böyük töhfələr verirlər.
Azərbaycan qadınları öz əzəli borcu olan analıq vəzifəsini şərəflə yerinə yetirir, Vətən üçün milli-mənəvi dəyərlərimizin qoruyucuları, adət-ənənələrimizin yaşadıcıları olan, nəsillər arasında varisliyi ləyaqətlə davam etdirən vətənpərvər övladlar tərbiyə edib yetişdirirlər.
Ümummilli Liderimiz Heydər Əliyev hakimiyyətdə olduğu bütün dövrlərdə Azərbaycanın inkişafında qadınların rolu əhəmiyyətli dərəcədə artmışdır. Bu prosesdə onların rolunun artırılmasını təmin etmək üçün dövlət səviyyəsində çox mühüm tədbirlər həyata keçirilmişdir. Ölkəmizdə insan hüquq və azadlıqlarının, onların tərkib hissəsi kimi gender bərabərliyinin təmin edilməsi daim Azərbaycan Respublikasının dövlət siyasətinin başlıca istiqamətlərindən biri olmuşdur.
Cəmiyyətin bütün incəliklərini zərgər dəqiqliyi ilə bilən Ulu Öndərimiz Heydər Əliyev hər zaman qadının rolunu və fəaliyyətini çox yüksək qiymətləndirərək deyirdi: "Qadın bəşərə yaraşıq, zinət, insanlığa şərəf, şan-şöhrətdir. Qadın ucalıq, ülvilik məbədidir, ismət, qeyrət, qüdrət rəmzidir".
Böyük minnətdarlıq hissi ilə qeyd etmək olar ki, Ulu Öndərimiz respublikamıza rəhbəlik etdiyi illərdə nəinki qadınlarımızın xidmətlərini yüksək qiymətləndirir, həm də onların uca zirvələr fəth etmələrinə əlverişli mühit yaradır, xanımları daha məsul vəzifələrə irəli çəkirdi.
Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonrakı dövr qadınların qarşısında yeni məqsəd və vəzifələr qoydu. Bazar iqtisadiyyatının təşəkkül tapması, ölkəmizin müxtəlif sahələrində aparılan islahatlar, vətəndaş cəmiyyətinin formalaşmasında insanların fəallığının artırılması yolunda görülən işlər qadınların cəmiyyətdəki rolunun artırılmasını tələb edir. Bu baxımdan qeyd edilməlidir ki, qadınlar üçün bəyan edilən bərabər hüquqlar real bərabər imkanların olmaması üzündən çox vaxt gerçəkləşə bilmirdi. Qadın problemlərinin həlli zərurəti Azərbaycan qadınlarının 1998-ci il sentyabrın 25-də keçirilmiş ilk qurultayında qeyd olundu. Respublikada cərəyan edən mürəkkəb ictimai-siyasi proseslərin gedişində Azərbaycan qadınlarının daim milli dövlətçilik mövqeyindən çıxış etdiklərini nümayiş etdirən qurultay göstərdi ki, cəmiyyətdə qadınların rolunun artırılması yolunda hələ çox iş görülməlidir. Qadınların kişilərlə hüquq bərabərliyini, xüsusilə onların dövlət idarəçiliyi sistemində lazımi səviyyədə təmsil olunmasını əməli surətdə təmin etmək məqsədilə Ulu Öndər 6 mart 2000-ci ildə “Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” Fərman imzalamışdır. Bütün bu görülən işlərin məntiqi davamı olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 10 oktyabr 2006-cı ildə "Gender bərabərliyinin təminatları haqqında” 21 maddədən ibarət Azərbaycan Respublikasının Qanununu imzalamışdır.
Müasir qadın hərəkatının Azərbaycanda canlanmasında mühüm əhəmiyyətə malik olan növbəti mütərəqqi addım 1995-ci ilin iyun ayında ölkəmizin BMT-nin ”Qadınlara münasibətdə hər cür ayrı-seçkilyin ləğv edilməsi haqqında” Konvensiyasına qoşulması oldu. Bu Konvensiyaya qoşulmaqla respublikamız öz üzərinə müvafiq öhdəliklər götürdü.
Ulu Öndərin haqq yolunu yeni meyarlarla zənginləşdirərək yüksək səviyyədə davam etdirən Möhtərəm Prezidentimiz cənab İlham Əliyev dövlət qadın siyasətinin daha böyük nailiyyətlərlə icrasını təmin etdi. Onun rəhbərliyi ilə yeni siyasi və iqtisadi sistem qurmuş, sürətlə inkişaf edərək bölgənin lider dövlətinə çevrilmiş Azərbaycan gender siyasətinin reallaşdırılması məsələsində də yeniliklərə imza atdı. 2006-cı ildə qadınlarla bağlı işlərin daha mütəşəkkil və ardıcıl şəkildə aparılması üçün Möhtərəm Prezident İlham Əliyev tərəfindən 1998-ci ildə yaradılmış “Qadın problemləri üzrə Dövlət Komitəsi”nin səlahiyyətləri daha da genişləndirilərək “Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi” yaradıldı. Hazırda bu qurum qeyd olunan istiqamətlərdə aparılan məqsədyönlü işlərin sürətlə həyata keçirilməsində müstəsna rol oynayır.
İnsanlığın şərəf, qeyrət, qüdrət rəmzi olan Azərbaycan anaları bu gün dünyanın xoşbəxtidirlər. Çünki onların yetişdirdiyi ağıllı, zəkalı, vətənpərvər, qəhrəman oğullar Müzəffər Ali Baş Komandan, Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində və 24 saatdan az müddətdə həyata keçirilən antiterror tədbirləri nəticəsində tarixi qələbələr qazanaraq Azərbaycanı dünya dövlətləri arasında ucaltdı, zirvələrə qaldırdı. 30 il əvvəl itirilmiş ərazi bütövlüyümüz, suverenliyimiz yenidən bərpa olundu, xalqımızın milli mənəviyyatı dirçəldi, vətən həsrətimizə son qoyuldu və aparılan uğurlu siyasət nəticəsində Azərbaycan Cənubi Qafqazın lider dövlətinə,dünyada söz sahibinə çevrildi.
Ruslan Rzayev
YAP Qazax rayon təşkilatı ərazi partiya təşkilatının sədri
Bölməyə aid digər xəbərlər