Böyüklüyündən, kiçikliyindən asılı olmayaraq bütün dövlətlərlə bərabərhüquqlu, qarşılıqlı hörmət və maraqlar prinsipi əsasında əlaqələr quran Azərbaycan etimad mühitini qorumaqla yanaşı, bunun ölkələr arasında münasibətlərdə əsas amil olduğunu xüsusi qeyd edir. Mayın 16-17 tarixlərində ölkəmizdə dövlət səfərində olan Belarus Prezidenti Aleksandr Lukaşenko ilə keçirilən görüşlərdə, mətbuata birgə bəyanatlarında cənab İlham Əliyev bu məqamı xüsusi vurğuladı ki, münasibətlərimiz qarşılıqlı etimada əsaslanır, dost və strateji tərəfdaşlarıq.
İki ölkə arasında əlaqələrin bütün sahələrdə uğurlu inkişafı üçün geniş imkanlar mövcuddur. Bu əlaqələrin əsası ölkələrimizin hələ keçmiş İttifaqda birgə təmsil olunduqları dövrə təsadüf edir. Sovetlər Birliyinin dağılmasından sonra əlaqələrimizin daha yeni prioritetlər üzrə inkişafı üçün zəmin yaranmışdı. Təbii ki, münasibətlərin bu səviyyəyə yüksəlməsində Ümummilli Lider Heydər Əliyevin xidmətləri böyükdür. Belarus Prezidenti bu məqama xüsusi diqqət yönəltdi: “Biz sizə qardaş və çox dost ölkəyik, təkcə İlham Heydər oğlu ilə köhnə dostlar deyilik, bizim Heydər Əliyev ilə də yaxşı münasibətlərimiz var idi. Uzun müddət olmasa da, onunla çox səmimi şəkildə çalışırdıq. Mən hələ sovet dövründə bu insana böyük hörmət bəsləyirdim. İlham Heydər oğluna tez-tez deyirəm ki, təbiət nadir hallarda övlada atanın istedadını bəxş edir. Siz çox işlər görmüsünüz. Bu gün ona birbaşa dedim ki, siz cənnətdə yaşayırsınız. Sizin təbiətiniz cənnətdir. Torpaqlarınızı qaytarmağınız və onu dirçəltməyiniz əsrlər boyu, uzun illər yaddaşlarda qalacaq.” Aleksandr Lukaşenko onu da əlavə etdi ki, kaş ki, Ulu Öndər Heydər Əliyev Azərbaycanın necə inkişaf etdiyini və uğurlarını görəydi.
Prezidentlərin təkbətək və geniş tərkibdə görüşlərində, mətbuata birgə bəyanatlarında gələcək perspektivlər müzakirə edildi. Bu fakt inkaredilməzdir ki, münasibətlərin inkşafında qarşılıqlı səfərlərlə yanaşı, imzalanan sənədlər də əhəmiyyətli rol oynayır. Hər bir sənəd yeni istiqamət kimi dəyərləndirilir, əlaqələrin inkişafında yol xəritəsi kimi qəbul edilir. Azərbaycan və Belarus Prezidentlərinin iştirakı ilə mühüm sənədlər imzalandı. Bunlar “Azərbaycan Respublikası Hökuməti ilə Belarus Respublikası Hökuməti arasında malların mənşəyinin sertifikatlaşdırılmasının elektron sisteminin qarşılıqlı tətbiqi haqqında Protokol”, “Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında bitki karantini və mühafizəsi sahəsində əməkdaşlıq haqqında 2007-ci il 2 may tarixli Sazişə əlavə və dəyişikliklər edilməsinə dair Protokol”, “Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında 2007-ci il 2 may tarixli Sazişə əlavə və dəyişikliklər edilməsinə dair Protokol”, “Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi ilə Belarus Respublikasının İdman və Turizm Nazirliyi arasında turizm sahəsində əməkdaşlığın inkişafına dair 2024-2025-ci illər üzrə Tədbirlər Planı”, “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Belarus Respublikasının Antiinhisar Tənzimləmə və Ticarət Nazirliyi arasında rəqabət siyasəti, dövlət satınalmaları, istehlakçı hüquqlarının müdafiəsi və reklam fəaliyyəti sahələrində qarşılıqlı anlaşma və əməkdaşlıq haqqında Memorandum”, “Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə Belarus Respublikasının İqtisadiyyat Nazirliyinin “İnvestisiya və Özəlləşdirmə Milli Agentliyi” Dövlət Müəssisəsi arasında Anlaşma Memorandumu”, “Bakı şəhəri (Azərbaycan Respublikası) ilə Minsk şəhəri (Belarus Respublikası) arasında qardaşlaşma əlaqələrinin qurulmasına dair Memorandum”, “Gəncə şəhəri (Azərbaycan Respublikası) ilə Qomel şəhəri (Belarus Respublikası) arasında qardaşlaşma əlaqələrinin qurulmasına dair Anlaşma Memorandumu” və “Qəbələ şəhəri (Azərbaycan Respublikası) ilə Qrodno şəhəri (Belarus Respublikası) arasında qardaşlaşma əlaqələrinin qurulmasına dair Anlaşma Memorandumu”dur. Göründüyü kimi hər bir sənəd əlaqələrin mühüm sahələr üzrə inkişafına yönəlib.
Dövlət başçısı İlham Əliyev bildirdi ki, həlli vacib olan çoxlu məsələlər var. Qarşılıqlı fəaliyyətimizin perspektivlərinə baxdıqda böyük potensialı, əmtəə dövriyyəsinin artmasını və sənaye kooperasiyasının, kənd təsərrüfatında əməkdaşlığın genişləndirilməsini görürük. Əlbəttə, azad edilmiş ərazilərin bərpasında Belarus şirkətlərinin, müəssisələrinin iştirakına şad olardıq. Əməkdaşlığımız yetərincə çoxplanlıdır, yaxşı keçmişə və yaxşı gələcəyə malikdir. Cənab İlham Əliyevin bu fikirlərinin davamı olaraq Belarus Prezidenti vurğuladı ki, əgər bu torpaqların dirçəldilməsi üzrə bu böyük prosesdə bizə yer tapılarsa, onda bu yükün altına girməyə hazırıq və bu, sizin üçün sərfəli olacaq: “Məsuliyyətlə bildirirəm ki, biz bunu böyük məmnuniyyətlə və dünyada heç kimin edə bilməyəcəyi səviyyədə edəcəyik. Çünki Belarusun və Azərbaycanın qardaş xalqları arasında dərin hörmət və münasibətlər var.”
Qısa təhlil bu qənaətə əsas verir ki, qarşılıqlı etimada əsaslanan dostluq münasibətlərimizin çox gözəl gələcəyi var. Dövlətimizin başçısı İlham Əliyevin vurğuladığı kimi, ölkələrimizin rəhbərləri arasında etimada əsaslanan münasibətlər bütün digər dövlət qulluqçularına impuls verir ki, onlar, həmçinin öz aralarında ünsiyyət saxlasınlar, çalışsınlar, dostluq etsinlər, öz ölkələrinin rifahı və ölkələrimiz arasında dostluq münasibətlərinin möhkəmləndirilməsi naminə fəaliyyət göstərsinlər.
Anar Nəbiyev
YAP Qazax rayon təşkilatının sədri
Bölməyə aid digər xəbərlər