Azərbaycan ilə Belarus arasında yüksək səviyyəli dialoq və əməkdaşlıq əlaqələri mövcuddur. Son illərdə iki ölkə arasında siyasi, iqtisadi, elmi, təhsil, mədəni və digər sahələrdə əlaqələr yüksələn xətlə inkişaf edir və nəzərə çarpacaq dərəcədə fəallaşır. Ötən dövrün ən mühüm nailiyyətlərindən biri ikitərəfli münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə çıxarılması olmuşdur. Bu münasibətlərin formalaşmasında və inkişafında dövlətlərimizin başçıları arasında səmimi dostluq münasibətləri, yüksək səviyyəli dialoq və qarşılıqlı anlaşma mühüm rol oynayır.
Bu il mayın 16-da Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana işgüzar səfəri zamanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko mətbuata bəyanatlarla çıxış etdilər. Azərbaycan Prezidenti cənab İlham Əliyev bəyanatında çox mühüm və vacib məsələlərə toxundu.Dövlətimizin başçısı qeyd etdi ki, Belarus nümayəndə heyətinin üzvləri artıq dünəndən Bakıdadır və azərbaycanlı həmkarları ilə danışıqlar aparıblar. Bu, bir daha göstərir ki, hər iki tərəf Belarus Prezidentinin dövlət səfərinə məsuliyyətlə yanaşaraq, sonradan dövlət başçılarının təsdiqinə təqdim ediləcək bir çox məsələləri əvvəlcədən müzakirə edib və razılaşdırıblar. Zənnimcə, məhz əməkdaşlığın bu səmərəli forması daha düzgündür və konkret nəticəyə yönəlib. Əminəm ki, gələcəkdə, həm də çox uzaq olmayan gələcəkdə münasibətlərimizin yeni hüdudlarını, yeni müəssisələri, yeni iş yerlərini, həmçinin əməkdaşlığın yeni istiqamətlərini görəcəyik. Mən artıq bu barədə danışmışam, bir daha demək istəyirəm ki, Belarus şirkətlərini Qarabağ və Şərqi Zəngəzur bölgələrinin bərpasında fəal iştirak etməyə dəvət etmişəm. Hazırda gördüyümüz və həyata keçirəcəyimiz işlərin miqyası çox genişdir. Demək olar ki, ərazini sıfırdan bərpa etmək lazım gəlir, müqayisə üçün deyim ki, Livanın bütün ərazisi, üstəgəl bütün bu ərazinin 50 faizi qədər sahəni. Bütün bunları, sadəcə, daşın daş üstündə qalmadığı ərazidə görüləcək işləri təsəvvür etmək üçün söylədim. İşğal illərində hər şey dağıdılıb. İnfrastrukturu, yaşayış sahələrini, ictimai binaları, tarixi abidələri və digərlərini sıfırdan bərpa etmək lazım gəlir. Ona görə də Belarus şirkətlərini bu prosesə fəal qoşulmağa dəvət edirik.
Möhtərəm Prezidentimiz onu da bildirdi ki, bu gün, həmçinin konkret tapşırıqlar verilib. Belarusun çox yaxşı şəhərsalma təcrübəsi, müasir texnologiyaları, - bu barədə də danışdıq, - aqroşəhərciklərin tikintisi təcrübəsi var. Əlbəttə, bizim birinci dərəcəli vəzifəmiz keçmiş məcburi köçkünləri tikiləcək doğma evlərinə mümkün qədər tez qaytarmaqdır. Həmçinin onları müvafiq işlə təmin etmək lazımdır ki, azad olunmuş ərazilərə qayıdanlar da yüksək əməkhaqqı olan işlərdə çalışsınlar.
Onu da qeyd etmək lazımdır ki, Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun mayın 16-da Azərbaycana dövlət səfəri həm də böyük siyasi əhəmiyyət daşıyır. Bu səfər çərçivəsində aparılmış müzakirələr, imzalanmış sənədlər iki ölkə arasında münasibətlərin daha dinamik inkişafına önəmli töhfə olacaqdır. Cənab Prezident İlham Əliyevin ali qonağın ölkəmizə səfəri ilə bağlı mətbuata verdiyi bəyanatda da qeyd olunduğu kimi, aparılan danışıqlar, təkbətək və geniş tərkibli formatda keçirilmiş görüşlər ölkələrimizin mehriban dostlar olduğunu bir daha əyani şəkildə nümayiş etdirir. Dövlət başçıları ölkələrarası münasibətlərin son illərdə inkişafını geniş təhlil edərək, bu inkişafın dinamikasını xüsusi qeyd etdilər.
Əminik ki, Azərbaycan və Belarus Prezidentləri arasındakı səmimi dostluq əlaqələri, yüksək səviyyəli siyasi dialoq və qarşılıqlı anlaşma regionda davamlı sülhün əldə olunması üçün mühüm amil olacaqdır.
Hamlet İlyasov
YAP Qazax rayon təşkilatı ərazi partiya təşkilatının sədri
Bölməyə aid digər xəbərlər