Hazırda Azərbaycanla Slovakiya arasında münasibətlər yüksək səviyyədədir. Mayın 7-də Slovakiya Respublikasının Baş naziri Robert Fitsonun ölkəmizə rəsmi səfəri ölkələrimiz arasında münasibətlərin artıq yeni müstəviyə, strateji tərəfdaşlıq müstəvisinə yüksəlməsindən xəbər verir və təbii ki, bu səfər Slovakiya - Azərbaycan əlaqələrində yeni səhifələr açır.
Ümumiyyətlə, Azərbaycanla Slovakiya arasında diplomatik münasibətlər 23 noyabr 1993-cü ildə qurulub. Slovakiyanın Azərbaycandakı səfirliyi isə 1 oktyabr 2019-cu ildən fəaliyyət göstərir. Azərbaycanın Slovakiyada səfirliyi 28 iyul 2023-cü ildə təsis edilmişdir. İkitərəfli münasibətlərin genişlənməsində məhz, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının Slovakiya Respublikasına səfəri böyük rol oynamışdır. 18 mart 2004-cü ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Slovakiya Respublikasına işgüzar səfər etmişdir. Azərbaycan respublikası Milli Məclisində isə 13 dekabr 2005-ci ildən etibarən Azərbaycan - Slovakiya parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir.
Yüksələn xəttlə inkişaf edən ikitərəfli münasibətlər zəminində Azərbaycanda fəaliyyət göstərən Slovakiya şirkətləri ölkəmizdə yol tikintisi və müxtəlif layihələrin həyata keçirilməsi ilə məşğuldurlar. Slovakiya isə öz növbəsində Azərbaycanla enerji, kənd təsərrüfatı, elektrik stansiyaları, ətraf mühitin qorunması və inşaat sahəsində əməkdaşlıq etməkdə daha çox maraqlıdır.
Səfər çərçivəsində mətbuata bəyanatla çıxış edən Dövlətimizin başçısı İlham Əliyev cənabları qeyd etdi ki, bu gün Slovakiya - Azərbaycan əlaqələrinin tarixində çox əlamətdar bir gündür və səfər çərçivəsində strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə də imzalanmışdır. Ölkə başçısı çıxışı zamanı “Biz bu gün cənab Baş nazirlə həm təkbətək görüş əsnasında, eyni zamanda, nümayəndə heyətlərinin iştirakı ilə keçirilmiş danışıqlarda bir çox məsələləri müzakirə etdik. Bizim siyasi əlaqələrimizin yüksək səviyyədə olmasını bir daha təsdiqlədik. Eyni zamanda, bir çox sahələr üzrə aparılacaq işlərə də öz münasibətimizi bildirdik.” - deyə vurğuladı. Möhtərəm Prezident cənab İlham Əliyev eyni zamanda Azərbaycanın təbii qazını Avropa məkanına etibarlı yollarla nəql etdiyini, Avropaya təchizatın 2021-ci ildəki 8 milyard kubmetrdən bu il 12 milyard kubmetrə qədər qalxacağını, bunun Azərbaycanın ümumi qaz ixracının 50 faizini təşkil etdiyini, bizim planlarımızda 2027-ci ilin sonuna qədər təkcə Avropa İttifaqı məkanına 20 milyard kubmetr qazın nəql edilməsi məsələsinin dayandığını, bu qazın əsas istiqamətinin və əsas ünvanının Avropa olacağını xüsusi vurğuladı.
Səfər çərçivəsində həmçinin, “Azərbaycan Respublikası ilə Slovakiya Respublikası arasında strateji tərəfdaşlığın yaradılması haqqında Birgə Bəyannamə”, “Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi ilə Slovakiya Respublikasının Müdafiə Nazirliyi arasında hərbi-texniki əməkdaşlıq sahəsində Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Slovakiya Respublikasının Müdafiə Nazirliyi arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş” imzalandı.
Eyni zamanda iki dost ölkə arasında ticarət dövriyyəsinin artırılması yönümündə işlərin aparılacağı, böyük rəmzi məna daşıyan işğaldan azad edilmiş Ağdamın Qərvənd kəndinin yenidən qurulmasının Slovakiya şirkəti tərəfindən icra ediləcəyi, dövlətlərarası münasibətlərin siyasi dialoqa, etibarlı tərəfdaşlığa, müttəfiqlik münasibətinə söykəndiyi də xüsusi qeyd olundu. Bir sözlə əldə olunan nəticələr onu deməyə əsas verir ki, iki ölkə arasındakı əlaqələr yüksələn xətlə və çox uğurla inkişaf edir.
İsgəndər Qurbanov
Partiya veteranı
Bölməyə aid digər xəbərlər