Azərbaycan - Gürcüstan münasibətlərindən söz düşəndə ilk növbədə Ümummilli Lider Heydər Əliyevin iki qonşu, dost, qardaş xalqların münasibətlərinin möhkəmlənməsində göstərdiyi misilsiz xidmətlər yada düşür. Ulu Öndər Azərbaycana rəhbərliyinin istər birinci dövründə, istərsə də ikinci dövründə qonşu Gürcüstan dövləti ilə əlaqələrin inkişafına, orada yaşayan soydaşlarımızın problemlərinin həllinə, Gürcüstan ərazisində yerləşən milli abidələrimizin, maddi - mənəvi dəyərlərimizin, bir sözlə, tarixi yaddaşın qorunub saxlanılmasına xüsusi önəm verirdi. Dahi Rəhbər Heydər Əliyevin yaxın dostu, tanınmış dövlət xadimi Edurad Şevardnadze Ümummilli Lider haqqında belə deyirdi: "Heydər Əliyevin fırtınalı həyat yolu, ən çətin, ən həlledici məqamlarda atdığı qətiyyətli addımlar onun mövqeyinə və vətən qarşısında üzüağ olduğuna əyani sübutdur."
1996-cı ilin mart ayında Azərbaycan Prezidenti Heydər Əliyev Gürcüstan Respublikasına ilk rəsmi səfəri ilə əlaqələrimizin daha da möhkəmlənməsinə, daha da genişlənməsinə yeni yollar açdı. Gürcüstan-Azərbaycan dostluğunun tarixinə yeni səhifələr yazıldı, xeyriyyəçilik ənənələri vüsət aldı. Qardabanidə köhnə, uçulub-dağılmaqda olan məscid binası təcili bərpa olundu. Az sonra Heydər Əliyevin tapşırığı ilə qonşu Marneulidə (qədim Sarvanda) yeni məscid tikilib istifadəyə verildi. Azərbaycan məktəblərinə yardım edilməsi, Abxaziyadan qaçqın düşmüş gürcülərin problemlərinə köməkliklər də bu tədbirlərə əlavə olundu. Aşıq məclisləri, incəsənət ustaları ilə görüşlər, yazıçı və şairlərin yubiley tədbirləri, digər bu qəbildən olan yığıncaqlar kütləvi xarakter aldı.
Bu gün Heydər Əliyevin axıra çatdıra bilmədyi işləri və ölkələrimizin qardaşlıq ənənələrini onun layiqli davamçısı Möhtərəm Prezidentimiz cənab İlham Əliyev uğurla davam etdirir. Prezidentimiz cənab İlham Əliyevin cari ilin 8 oktyabr tarixində Tbilisiyə rəsmi səfəri buna bir daha əyani sübutdur. Dövlət Başçımızın səfər zamanı mətbuata verdiyi bəyanat, söylədiyi dəyərli fikirlər çox yaddaqalan oldu. Prezidentimiz bəyanatında ölkələrimiz və xalqlarımız arasındakı əməkdaşlığın davamlı inkişafından, Cənubi Qafqazın inkişaf şərtlərindən, Gürcüstanda Heydər Əliyevin 100 illiyinin qeyd edilməsindən, Ulu Öndər Heydər Əliyev və Eduard Şevardnadzenin dostluğunun böyük tarixçəsindən, Cənubi Qafqazda sülhün bərqərar olmasının artıq vaxtının çatdığından və digər mühüm məsələlərdən ətraflı danışdı.
Azərbaycanın qonşu ölkələrlə bağlı siyasətində Gürcüstanla münasibətlərin xüsusi əhəmiyyət kəsb etdiyini bildirən Prezidentimiz qeyd etdi ki, Azərbaycanın öz enerji resurslarının Avropa bazarlarına çatdırılmasında, eyni zamanda, Şərqdən - Qərbə gedən yüklərin daşınmasında Gürcüstan tranzit ölkə kimi mühüm rol oynayır. Azərbaycan - Gürcüstan dostluğunun çox qədim tarixi var və bu iki ölkə təkcə qonşu və dost deyil, həm də mühüm strateji tərəfdaşdır.
Ölkələrimizi mehriban qonşuluq və tarixi dostluq əlaqələri, siyasi, iqtisadi, humanitar və digər sahələrdə strateji tərəfdaşlıq əlaqələri birləşdirir. 1996-cı il martın 8-də imzalanan “Azərbaycan Respublikası ilə Gürcüstan arasında dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizliyin möhkəmləndirilməsi haqqında Müqavilə” ölkələrimiz arasında strateji tərəfdaşlığın təməlini qoyan sənəddir. İki ölkə arasında diplomatik münasibətlər 1992-ci il noyabrın 18-də qurulub, 2022-ci ildə münasibətlərimizin 30-cu ildönümü qeyd olunub. Qarşılıqlı hörmət və etimada əsaslanan Azərbaycan - Gürcüstan əlaqələri ötən illər ərzində dinamik inkişaf edib, ölkələrimiz arasında siyasi, iqtisadi, enerji, mədəni və digər sahələrdə səmərəli əməkdaşlıq formalaşıb. Ali və yüksək səviyyədə çoxsaylı qarşılıqlı səfərlər həyata keçirilib, indiyədək ölkələrimiz arasında 125-dən çox sənəd imzalanıb. 1995-ci ildə Gürcüstanın Azərbaycanda, bir il sonra isə Azərbaycanın bu ölkədə səfirliyi fəaliyyətə başlayıb. Həmçinin 2009-cu ildə Azərbaycanın Gürcüstanın Batumi şəhərində baş konsulluğu, 2013-cü ildən etibarən isə Gəncə şəhərində Gürcüstanın baş konsulluğu açılıb və ölkələrimiz arasında parlamentlər səviyyəsində də fəal əməkdaşlıq əlaqələri mövcuddur. Hər iki ölkənin qanunverici orqanlarında birgə işçi qrupları fəaliyyət göstərir.
Ölkə Başçımız bəyan etdi ki, Azərbaycan ilə Gürcüstanın tarixi İpək Yolu üzərində yerləşməsi və ölkələrimiz tərəfindən birgə irimiqyaslı enerji və nəqliyyat layihələrinin icra edilməsi regionumuzdan keçən yük axınının həcmini dəfələrlə artırıb. Ölkələrimiz arasında uğurlu regional əməkdaşlıq münasibətləri çərçivəsində irimiqyaslı qlobalenerji və nəqliyyat -kommunikasiya layihələrinin, həmçinin Bakı - Tbilisi - Ceyhan neft boru kəmərinin, Bakı -Tbilisi - Ərzurum qaz kəmərinin, Bakı - Tbilisi - Qars dəmir yolunun və s. reallaşdırılması bölgədə sülhə və sabitliyə xidmət edir, ölkəimizin Gürcüstanla qardaşlıq ənənələri daha da möhkəmlənir.
Vüsal Hüseynov
YAP Qazax rayon təşkilatının fəalı
Bölməyə aid digər xəbərlər