11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Mehriban qonşuluq və tarixi dostluq əlaqələri - Anar Nəbiyev


Azərbaycanın xarici siyasətində qonşu dövlətlərlə əlaqələrin qurulması və  yeni istiqamətlər üzrə inkişaf etdirilməsi əsas istiqamətlərdəndir. Bu baxımdan, Azərbaycan-Rusiya  münasibətlərinin dünəni, bu günü və qarşıdakı dövrlə bağlı müəyyənləşdirilən hədəflər daim  diqqət mərkəzindədir. Aprelin 22-də  Prezident İlham Əliyevin Rusiya Federasiyasına işgüzar səfəri iki ölkə arasında əlaqələrin daha da dərinləşməsinə böyük təkan verəcək. Səfər çərçivəsində Prezidentlərin keçirilən təkbətək görüşlərində ikitərəfli münasibətlərin gündəliyində duran aktual məsələlər müzakirə edildi. “Sizin də qeyd etdiyiniz kimi gündəlik kifayət qədər genişdir. Orada nəqliyyat komponenti də var, bu gün onu da müzakirə edəcəyik. Ölkələrimizi və tərəfdaşlarımızı birləşdirən “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi yük daşımalarının təhlükəsizliyi baxımından və bir çox ölkələr arasında ticari münasibətləri stimullaşdırmaq üçün qlobal əhəmiyyətə malikdir” söyləyən dövlətimizin başçısı İlham Əliyev qeyd etdi ki, regional təhlükəsizlik məsələləri həmişə bizim görüşümüzün gündəliyindədir. Biz, həmçinin şadıq ki, onlar öz həllini tapır: “Rusiya Qafqazda və daha geniş coğrafiyada regional təhlükəsizlik üzrə əsas ölkədir. Ölkələrimiz arasında əməkdaşlıqdan, qarşılıqlı fəaliyyətdən çox şey asılıdır. Biz qarşılıqlı fəaliyyət və qarşılıqlı maraqlar ruhunda etimad tədbirlərinin, əməkdaşlığın, qarşılıqlı anlaşmanın möhkəmləndirilməsinə və bütün məsələlərin nizamlanmasına çalışırıq.”

İki ölkə arasında bütün sahələrdə əlaqələrin yüksələn xətlə inkişaf etdirilməsi üçün geniş imkanlar mövcuddur. Bunu ayrı-ayrı sahələrin inkişafını təmin etmək üçün imzalanan və əməkdaşlıqda hüquqi baza rolunu oynayan sənədlər də təsdiqləyir. Ölkələrimiz arasında yüksək səviyyəli qarşılıqlı səfərlər, 260 sənədi əhatə edən geniş hüquqi baza və mütəmadi qaydada keçirilən iqtisadi forum və konfranslar ikitərəfli münasibətlərin inkişafında həlledici rol oynayır. Görülən tədbirlər nəticəsində Azərbaycan-Rusiya ticarət-iqtisadi əlaqələrinin dayanıqlı inkişaf dinamikası təmin edildi. Xüsusilə 2017-ci illə müqayisədə ticarət dövriyyəsi iki dəfədən çox artaraq, ötən il 4,5 milyard ABŞ dollarına çatıb. Bununla yanaşı, 2023-cü ildə iki ölkə arasında ümumi yük daşımalarının həcmi 2017-ci illə müqayisədə 87 faiz, o cümlədən tranzit yüklərin həcmi dörd dəfəyə yaxın artdı.  Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi ilə yük daşımaları 2017-ci illə müqayisədə 44 faizdən çox olub. Əməkdaşlığımızın nisbətən yeni sahəsi olan sənaye kooperasiyası layihələrinin reallaşdırılması da iqtisadi əlaqələrin inkişafında xüsusi yer tutur. Rusiyanın Azərbaycandakı şirkətləri yeni istehsal sahələri, xidmət mərkəzləri yaradaraq, sənaye sahəsində daha geniş əməkdaşlığa töhfə verir. Hazırda Azərbaycanda Rusiya kapitallı 1400-dən çox müəssisə fəaliyyət göstərir. Onların 300-ə yaxını 100 faiz Rusiya sərmayəsinə malikdir. Ötən il Rusiyanın Azərbaycan iqtisadiyyatına birbaşa investisiyalarının məbləği 300 milyon dollara yaxın olub. Azərbaycan-Rusiya iqtisadi münasibətlərinin inkişafında regionlararası forumlar da mühüm yer tutur.

Rusiya Prezidenti Vladimir Putin iki ölkə arasında iqtisadi əlaqələrin inkişafına işıq salan bu rəqəmləri də  diqqətə çatdırdı. Qeyd etdi ki, əmtəə dövriyyəmiz artır. O artıq 4 milyard dollardan da çoxdur. Dollar ekvivalentində desək, Azərbaycan iqtisadiyyatına yatırılan Rusiya investisiyası 6 milyarddır. Hökumətlərarası komissiya fəal işləyir. İqtisadiyyatın real sektorunda, kooperasiyada, infrastrukturda əməkdaşlığın bir çox maraqlı istiqamətləri var. Zənnimcə, onların bir neçəsi ölkələrimizin ictimaiyyətinə məlumdur.

Əvvəldə də qeyd etdiyimiz kimi, ölkələr arasında əlaqələrin inkişafında  imzalanan sənədlərin  rolu böyükdür. 2022-ci il fevralında  Moskvada Azərbaycan və Rusiya prezidentləri tərəfindən imzalanan “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında” Bəyannamə xalqlarımız arasında tarixi dostluq və mehriban qonşuluq ənənələrinə, dərin mədəni və humanitar əlaqələrə əsaslanaraq, dövlətlərarası münasibətlərimizi keyfiyyətcə yeni - müttəfiqlik səviyyəsinə qaldırdı. Humanitar əlaqələr də Azərbaycan-Rusiya əməkdaşlığında mühüm yer tutur. Hazırda Azərbaycanın 26 ali məktəbində rus dilində təhsil həyata keçirilir, 16 min Azərbaycan vətəndaşı olan tələbə rus dilində təhsil alır. Həmçinin 324 orta məktəbdə təhsil rus dilində aparılır. Bu, onilliklər ərzində xalqlarımızı birləşdirən bütün yaxşı cəhətlərin qorunmasında, dövlətlərarası münasibətlərin bünövrəsini təşkil edən dostluq əlaqələrinin güclənməsində və inkişafında mühüm əsaslardan birini təşkil edir.

Azərbaycan-Rusiya münasibətlərinin qısa təhlili onu söyləməyə əsas verir ki,  iki ölkəni mehriban qonşuluq və tarixi dostluq, siyasi, iqtisadi, humanitar və digər sahələrdə strateji tərəfdaşlıq əlaqələri birləşdirir. 

Anar Nəbiyev
YAP Qazax rayon təşkilatının sədri


Tarix: 25-04-2024, 17:37 Oxunub: 283


Bölməyə aid digər xəbərlər