Nizami Gəncəvi Beynəlxalq Mərkəzi qlobal problemlərin həlli yollarını araşdıran və bu barədə dünya ictimaiyyətini məlumatlandıran mühüm beynəlxalq mərkəzə çevrilib. Məhz bunun nəticəsidir ki, Mərkəzin təşkil etdiyi tədbirlərə maraq ildən-ilə artmaqdadır. Martın 14-16 tarixlərində keçirilən “Parçalanmış dünyanın bərpası” mövzusuna həsr olunan XI Qlobal Bakı Forumunun iştirakçılarının say və təmsilçilik səviyyəsi də bunun bariz nümunəsidir. Belə ki, Forumda 70-dən artıq ölkədən 350-dən çox qonaq iştirak etdi. X Qlobal Bakı Forumu ilə müqayisə etdikdə iştirakçıların, həmçinin təmsil etdikləri ölkələrin say tərkibində artımı görərik. Dövlət başçısı İlham Əliyev çıxışında bildirdi ki, Bakı Qlobal Forumunun iştirakçılarının təmsilçilik səviyyəsi və intellektual potensialı aparıcı beynəlxalq konfranslara uyğundur. Bakı Qlobal Forumu Davos Dünya İqtisadi Forumu, Münxen Təhlükəsizlik Konfransı kimi aparıcı beynəlxalq forumlarla bir cərgədədir. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin potensialı, iştirakçıların siyahısı baxımından biz həqiqətən də görürük ki, hər il Bakıda keçirilən müzakirələr müxtəlif mühüm beynəlxalq məsələləri daha yaxşı anlamağa imkan verir.
Tədbir iştirakçılar istər Forumdakı çıxışlarında, istərsə də tədbir çərçivəsində keçirdikləri görüşlərdə belə bir reallıqlara diqqəti yönəltdilər ki, artıq on birinci dəfədir Bakı Forumuna toplaşırıq. İlbəil görürük ki, onun inandırıcı qüvvəsi, müxtəlifliyi və müstəsna keyfiyyətli təcrübəsi, intellektual potensialı baxımından əhəmiyyəti artır. Forum dünyanı narahat edən çağırışların həlli yollarının tapılması ilə bağlı fikir mübadiləsinin aparılması baxımından əhəmiyyətli hesab edilir.
Azərbaycanın ev sahibliyi etdiyi bu kimi tədbirlər həm ölkəmizin, həm də Prezident İlham Əliyevin nüfuzunun təqdimatıdır. Daim birliyə, həmrəyliyə, sülhə, təhlükəsizliyə çağırışlar edən cənab İlham Əliyev səylərin birləşdirilməsinin, təcrübə mübadiləsinin qarşıya qoyulan hədəflərə zamanında nail olmağa böyük stimul verdiyini xüsusi vurğulayır. Cənab İlham Əliyevin elə bir çıxışı yoxdur ki, problemlərin dərinləşməsinə, vəziyyətin gərginləşməsinə yol açan dünyanın ikili standartlara əsaslanan siyasətindən bəhs etməsin. XI Qlobal Bakı Forumu bir daha həqiqətlərimizin təqdimatı oldu. Cənab İlham Əliyev tarixi Zəfərimizə gedən yoldan, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olumasından bəhs etdi. 30 il Azərbaycan dünya güclərindən ədalət gözlədi.
Cənab İlham Əliyev ölkəmizdə səfərdə olan NATO-nun Baş katibi Yens Stoltenberq ilə mətbuata birgə bəyanatında bildirdi ki, uzun illər davam edən müzakirələrimiz zamanı həmişə Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı haqqında danışırdıq. İndi, artıq üç ildən çoxdur ki, bu məsələ müzakirə mövzuları sırasında yer almır. Çünki Azərbaycan 2020-ci ildə İkinci Qarabağ müharibəsi və ötən ilin sentyabrında həyata keçirilmiş antiterror əməliyyatı nəticəsində özünün ərazi bütövlüyünü və suverenliyini bərpa etdi. Beləliklə, ölkənin ərazisi üzərində tam suverenlik bərpa edilib və bu, uzunsürən münaqişələrin necə həll edilə biləcəyinin bariz nümunəsidir. Münaqişə hərbi-siyasi yolla həll edilib. Biz BMT Nizamnaməsinə əsasən özünümüdafiə hüququmuzdan istifadə etdik.
Hazırda isə Azərbaycan Ermənistanla sülh danışıqlarının fəal mərhələsindədir. Cənab İlham Əliyevin Brüsselə sonuncu səfəri zamanı mətbuat konfransında bu məsələyə diqqəti yönəldərək bildirdi ki, Azərbaycan belə bir təşəbbüs irəli sürüb və Ermənistanın cavabını gözləyir. Sülh danışıqlarına başlamaq Azərbaycanın təşəbbüsüdür. Dövlət başçısı onu da qeyd etdi ki, bu günədək sülh sazişinin layihəsinə dair ermənistanlı həmkarlarla 7 dəfə şərhlərin mübadiləsi baş tutub. Xarici işlər nazirləri və sərhədlərin delimitasiyası ilə bağlı Baş nazirlərin müavinləri arasında keçirilmiş görüşlər məsələnin həlli üçün yaxşı imkanın olduğunu nümayiş etdirir. Biz sülhə heç vaxt olmadığımız qədər yaxınıq.
Prezident İlham Əliyev sözügedən bəyanatında onu da xüsusi diqqətə çatdırdı ki, təəssüflər olsun işğal dövründə danışıqlar heç bir nəticə vermədi, 28 il ərzində ATƏT-in Minsk qrupunun fəaliyyətinin nəticəsi olmadı: “Bu gün isə hesab edirəm və ümidvaram ki, Azərbaycanın ərazi bütövlüyünün bərpası nəticəsində bu mövzuda nəhayət nəticə əldə ediləcək. Zənnimcə, bu, Cənubi Qafqazda çox ciddi dəyişiklik olacaq. Bu isə o deməkdir ki, burada çoxdandır gözlənilən sülh bərqərar olacaq.”
Azərbaycanın bu gün regional inkişafın aparıcı qüvvəsi, dünya birliyinin fəal üzvü kimi yeri və rolunu daha da möhkəmlənir. Cənab İlham Əliyev ölkəmizdə səfərdə olan Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə görüşündə, həmçinin mətbuata birgə bəyanatlarında da bu kimi məsələlərə xüsusi diqqət yönəltdi. “Bu gün hər iki ölkə birgə səylərlə nəinki öz iqtisadi inkişafını təmin edir, eyni zamanda, bölgə üçün və böyük mənada Avrasiya üçün də önəmli ölkələrə çevrilib. Birgə həyata keçirdiyimiz infrastruktur layihələri - nəqliyyat, enerji layihələri bir çox ölkələr üçün böyük əhəmiyyət kəsb edir və bundan sonra da bu istiqamətdə əlavə addımlar atılacaq” söyləyən dövlətimizin başçısı onu da qeyd etdi ki, biz yeni layihələr üzərində də işləyirik. Onlardan biri yaşıl enerji layihəsidir. Burada da Gürcüstan və Azərbaycan digər ölkələrlə bərabər çox böyük və genişmiqyaslı layihənin icrasına başlamışdır. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Qars kimi uğur gətirən layihələr yaşıl enerji layihəsi üçün örnək olacaq və yaşıl enerji layihəsi eyni müvəffəqiyyətlə icra ediləcəkdir. Buna da böyük tələbat var. Həm Gürcüstanın, həm Azərbaycanın çox böyük bərpaolunan enerji potensialı var və hazırda texniki-iqtisadi əsaslandırma üzərində çalışırıq. İlin sonuna qədər bu iş başa çatacaq və ondan sonra praktiki addımlar atılacaq.
Gürcüstanın Baş naziri İrakli Kobaxidze ölkələrimizi tarixi dostluq bağlarının birləşdirdiyini və bu münasibətlərin çox möhkəm təməl üzərində qurulduğunu önə çəkərək əminliklə bildirdi ki, bu münasibətlər bundan sonra da eyni ruhda davam edəcək. Hazırda bizim siyasi, iqtisadi və digər sahələrdə çox gözəl dialoqumuz var, müsbət dinamikamız mövcuddur. Bizim niyyətimiz bu əməkdaşlığı və tərəfdaşlığı dərinləşdirməkdir.
Azərbaycan bu gün yeni əməkdaşlıq fomatlarının müəllifi kimi nüfuz qazanır. Dövlət başçısı İlham Əliyevin XI Qlobal Bakı Forumunda, həmçinin sözügedən görüşlərdə, mətbuata bəyanatlarında səsləndirdiyi hər bir çağırış dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsinə və bunun fonunda əməkdaşlıq əlaqələrinin coğrafiyasının genişləndirilməsinə yönəlib.
Anar Nəbiyev
YAP Qazax rayon təşkilatının sədri
Bölməyə aid digər xəbərlər