11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
"Növbəti mühüm platforma" - Paşa Hadıyev

     Azərbaycan bölgənin lider ölkəsi olmasına baxmayaraq təkcə Cənubi Qafqazda deyil, ümumiyyətlə, qlobal müstəvidə də həlledici rol oynayır. Artıq ölkəmiz beynəlxalq dialoqun mərkəzinə çevrilibdir və sivilizasiyalararası ünsiyyətin həyata keçirilməsi üçün  təşəbbüslər irəli sürür, beynəlxalq aləmi narahat edən məsələlərin həll edilməsi istiqamətində mübarizə aparır. Bütün bunlar dövlətimiz tərəfindən Fransanın XXI əsrdə sürdürdüyü irqçi, ksenofob, islamofob, müstəmləkə siyasətinin ifşa ediməsində də əyani şəkildə özünü göstərir. Eləcə də, neokoloniolist Fransa və onun kimilərinin Azərbaycana qarşı apardığı ədalətsiz hərəkətləri Möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən beynəlxalq səviyyədə ifşa olunur.
    Möhtərəm Prezidentimiz İlham Əliyevin himayəsi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə Bakıda keçirilən "Parçalanmış dünyanın bərpası" mövzusunda keçirilən XI Qlobal Forum da müstəmləkəçi Fransanın beynəlxalq hüququ necə tapdaladığının aşakara çıxarılmasında növbəti platforma oldu.
     Dünyanın 70-ə yaxın ölkəsindən 400-dən çox qonağın iştirak etdiyi XI Qlobal Bakı Forumunda, 40-dan çox indiki və keçmiş dövlət və hökumət başçısı iştirak edirdi ki, bu göstəricinin özü belə bu toplantının necə böyük əhəmiyyət və maraq kəsb etdiyindən xəbər verir.
     Forumun 14 mart tarixli açılış mərasimindəki çıxışında "Bakı Qlobal Forumu Davos Dünya İqtisadi Forumu, Münxen Təhlükəsizlik Konfransı kimi aparıcı beynəlxalq forumlarla bir cərgədədir", deyə vurğulayan Möhtərəm Prezident İlham Əliyev bu mötəbər tribunadan Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpasına beynəlxalq ictimaiyyət tərəfindən adekvat reaksiya verildiyini söylədi: "Anlayış var ki, antiterror əməliyyatından öncə Ermənistan iki qırmızı xəttimizi keçib və ümumilikdə beynəlxalq birliyin buna reaksiyası tamamilə müsbət olmuşdur."
    Lakin Azərbaycanın zəfərindən və suverenliyinin bərpasından sonra Fransanın ölkəmizə qarşı açıq şəkildə qərəzli siyasət yürütməsi də bir həqiqətdir. Paris bir tərəfdən sülh danışıqlarının aparılmasının qarşısını almaq üçün siyasi təxribatlar törədir, o birisi tərəfdən də Ermənistana silah verərək müharibəyə, revanşa sövq edir. Beləiklə, Fransa beynəlxalq hüququ tapdalayaraq Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə sayğısızlıq nümayiş etdirir.
     Fransa dövlətinin beynəlxalq ictimaiyyətin mövqeyi ilə ziddiyyət təşkil etdiyini Bakı Forumunun iştirakçılarının diqqətinə çatdıran İlham Əliyev cənabları onu da qeyd etdi ki: "Onlar tərəfindən bu məsələlərin BMT Təhlükəsizlik Şurasına çıxarılmasına və Azərbaycana qarşı sanksiyaların tətbiq edilməsinə beş dəfə cəhd edilib, yəni etmədiyimiz bir əmələ görə. Biz beynəlxalq hüquqa zidd olan addım atmamışıq. Beş cəhdin hər biri uğursuz oldu, çünki Təhlükəsizlik Şurasının digər üzvləri bunu dəstəkləmədi. Daha sonra Avropa İttifaqı çərçivəsində Azərbaycana qarşı sanksiyaların tətbiqinə bir neçə cəhd edildi. Həmin cəhdlər də uğursuz oldu. Avropa İttifaqı ölkələrinin əksəriyyəti bunu dəstəkləmədi."
     Ölkə Başçısı çıxışı zamanı onu da vurğuladı ki, BMT Təhlükəsizlik Şurasında, Avropa İttifaqında Azərbaycanı cəzalandırmaq cəhdlərinin alınmadığını görən Fransa yenə intiqamını görkəmli Azərbaycan şairi Xurşidbanu Natəvanın heykəlindən aldı. Beləliklə də Makron və onun komandası həm islamofob siyasətini göstərməklə yanaşı, həm də mədəniyyət düşməni olduğunu nümayiş etdirdi və bacarıqsızlığını, səviyyəsizliyini ortaya qoydu. Bu, onsuz da dünyada nüfuzu olmayan Fransaya, daha bir tarixdə qalacaq rəzillik oldu.
    Keçmiş günlərdə Natəvanın Fransanın Evian şəhərindəki heykəlinin üzərinə qırmızı boya atılaraq vandallıq göstərilmişdir. Bu hadisədən sonra Fransa hakimiyyət orqanları üzərindəki boyanı təmizləmək əvəzinə heykəli bükmüş və düz iki ay belə vəziyyətdə saxlamışdı. Yalnız Azərbaycanın tələbi ilə, bu il mart ayının əvvəlində  heykəl oradan götürülmüşdür. Lakin o vaxt heykəlin Fransanın paytaxtına gətirilməsi və Azərbaycan səfirliyinin nəzdindəki Mədəniyyət Mərkəzinin bağında ucaldılması zamanı müəyyən olunmuşdu ki, üzərinə qırmızı boya atılmaqla yanaşı, heykəlin gözləri, adının və Azərbaycan yazısının yazıldığı hissələrinə də qırmızı boya çəkilmiş və heykəlin burnu və barmaqları qırılmışdı. Göründüyü kimi, abidəyə ciddi zərər verilmişdir.
      XI Qlobal Bakı Forumunda Fransa tərəfindən Natəvanın heykəlinə qarşı törədilən vandallıq aktından danışan Prezident İlham Əliyev xüsusi olaraq bildirdi ki, bu, bizi alçaltmaq demək idi: "Bir çox hallarda özünü mənəvi lider kimi qələmə verən Fransa kimi bir ölkədə belə hallar qəbuledilməzdir."
     İlham Əliyev cənabları bir məsləyə də toxunaraq vurğuladı ki, bu, suverenliyimizi bərpa etdikdən sonra üzləşdiklərimizin bir nümunəsidir və ikili standartların göstəricisidir: "Ukraynaya ərazi bütövlüyünü bərpa etməyə kömək üçün qoşun göndərəcəyini bəyan edən Fransa, öz ərazi bütövlüyünü bərpa etmiş Azərbaycanı cəzalandırmağa çalışır".
     Möhtərəm Prezidentimiz İlham Əliyev bütün dövrlərdə, həmişə, milli maraqlarımıza qarşı çıxan bütün gücləri beynəlxalq tribunalardan ifşa edir, onlara vacib mesajlar göndərir, Azərbaycanın qətiyyətli mövqeyini bəyan edir. Beynəlxalq hüquqla tanınan ölkəmizin ərazisinə qarşı bu gün də ərazi iddiası irəli sürən İrəvana dəstək verən Makron və onun kimilərinin əsl simasını, hiyləgər planlarını, məqsədlərini açıb göstərir.
     Bir sözlə, XI Qlobal Bakı Forumu da Azərbaycan həqiqətlərinin dünyaya çatdırıldığı, ölkəmizə qarşı qərəzli siyasət aparanların ifşa olunduğu növbəti mühüm bir platforma kimi tarixə düşdü.

Paşa Hadıyev
YAP Qazax rayon təşkilatının sədr müavini


Tarix: 18-03-2024, 13:59 Oxunub: 314


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı