11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
"Sivilizasiyalararası dialoq məkanı" - Anar Nəbiyev

    Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyev   “Azərbaycan öz coğrafi vəziyyətinə əsasən Qərb sivilizasiyası ilə Şərq sivilizasiyasını həm coğrafi, həm də məzmun, mənəvi nöqteyi-nəzərdən birləşdirən bir ölkədir. Biz bu tarixi missiyamızı da çox yüksək qiymətləndiririk. Şərq və Qərbi, Avropa ilə Asiyanı, xristian aləmi ilə İslam aləmini birləşdirən Azərbaycan müstəqil dövlətdir və bundan sonra da müstəqil dövlət kimi yaşayacaqdır” fikirləri ilə müxtəlif mədəniyyətlərin, dinlərin qovuşağında yerləşən Azərbaycanın multikultural dəyərlərin inkişafına töhfələr verdiyini və bunların davamlı olacağına əminliyini ifadə etmişdir.
      Azərbaycan müxtəlif millətlərin, fərqli dinlərə sitayiş edən insanların tarixən dostluq və qardaşlıq şəraitində yaşadığı tolerant ölkədir. Ümummilli Lider  bildirirdi ki, Azərbaycan çoxmillətli dövlətdir. Onun bütün vətəndaşları milli mənsubiyyətindən, dini etiqadından və siyasi əqidəsindən asılı olmayaraq bərabər hüquqlara malikdirlər. Ölkədə mövcud ictimai sabitlik, vətəndaş həmrəyliyi və etnik dini dözümlülük mühiti mütərəqqi tarixi ənənələrdən bəhrələnən milli siyasətin məntiqi nəticəsidir.
     Ulu Öndər Heydər Əliyevin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyevin multikultural dəyərlərin inkişafı istiqamətində atdığı addımlar davamlılığı ilə diqqətdədir. Müxtəlif mədəniyyətlərin və dinlərin qovuşağında yerləşən Azəbaycanın ev sahibliyi etdiyi beynəlxalq səviyyəli tədbirlər də malik olduğumuz imkanların təqdimatında əhəmiyyətli rol oynayır. Son illərdə dünya xalqları arasında dialoqun təşviqi və inkişafında Azərbaycan mühüm rol oynamaqdadır.
    “Ölkəmizdə heç vaxt dini və milli ayrı-seçkilik olmamış, bütün dinlərin nümayəndələri dinc və qarşılıqlı anlaşma şəraitində yaşamışlar. Bu, bizim həyat tərzimizdir, irəliyə doğru inamla getməyin ən optimal yoludur” söyləyən  Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı kimi,  Azərbaycan  islamofobiyaya qarşı açıq şəkildə mübarizə aparır,  İslami dəyərlərin təbliği, qorunması üçün səylərini artırır və bu dəstəyi  əməli fəaliyyəti ilə doğruldur.
    Təkcə İslami deyil, bəşəri dəyərlərə, başqa dinlərə hörmətlə yanaşan  Azərbaycanın  multikultural ənənələrə sadiqliyi beynəlxalq səviyyədə də dəstəklənir. Onu da qeyd edək ki, dövlət başçısı İlham Əliyevin Sərəncamlarına uyğun olaraq 2016-cı il ölkəmizdə “Multikulturalizm İli”, 2017-ci il isə “İslam Həmrəyliyi İli” elan edilmişdir.
    Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, İSESCO-nun və UNESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın  dünyada  məşhur olan mədəni, tarixi abidələrin qorunması və  bərpasında göstərdiyi xidmətlərin beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənməsi təsadüfi deyil.  Mehriban xanım  Əliyeva bəşəri ideyaları, prinsipləri əks etdirən  təşəbbüsləri ilə    Azərbaycanı dünyada tolerantlıq ənənələrinə malik ölkə,  çoxkonfessiyalı dövlət kimi  təbliğ edir.
    Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzundan bəhs edərkən azərbaycançılıq ideologiyasının inkişafını xüsusi qeyd etməliyik. Bu  fəlsəfə İlham Əliyev siyasətinin mənəvi dayağına çevrilib. Milli ləyaqət, milli qürur uğurlarımızın əsas şərtləri oldu. Prezident İlham Əliyevin yürütdüyü siyasət müasir Azərbaycanın güclənməsinə, milli-mənəvi dəyərlərimizin ən yüksək səviyyədə qorunmasına xidmət edir. Dünyada tolerantlıq məkanı kimi tanınan Azərbaycan Prezident İlham Əliyevin xidmətləri sayəsində mədəniyyətlərarası və sivilizasiyalararası dialoq məkanı kimi tanınır. Reallıq budur ki, həyata keçirilən praqmatik xarici siyasət strategiyası ölkəmizə beynəlxalq münasibətlər sistemində müstəqil xarici siyasət həyata keçirən milli dövlət kimi etibarlı strateji tərəfdaş imici qazandırıb.
     Dövlətlərarası münasibətlərdə etimad mühiti əsas rol oynayır. Azərbaycan regional və beynəlxalq əməkdaşlığa davamlı töhfələri ilə diqqətdədir.  Regional təşəbbüslər Azərbaycanın möhkəmlənməsinə, bölgədəki əməkdaşlığın dərinləşməsinə xidmət edir. Milli mənafelərlə bağlı problemlərin həllinə həssas və fəal yanaşma uzaq və yaxın xaricin də diqqətindən yayınmır.  
     Azərbaycan Prezidentinin yürütdüyü uğurlu xarici siyasət nəticəsində ölkəmiz BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildi, dünyada beynəlxalq təşkilatlar Ermənistanı işğalçı dövlət kimi tanıdı. Cənab İlham Əliyevin bu məsələdəki birmənalı mövqeyi təsdiqlədi ki, Qarabağın Azərbaycandan ayrılma mexanizmi yoxdur. Azərbaycanın 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi, həmçinin 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatına 2019-2023-cü illərdə sədrlik etməsi müasir Azərbaycanın beynəlxalq miqyasda nüfuzunu və qüdrətini göstərir.
     Bu gün Azərbaycan tarixi Zəfərinin reallıqlarını yaşayır. Bu mühüm məqamı xüsusi qeyd etməliyik ki, 44 günlük İkinci Qarabağ müharibəsində ölkəmizdə yaşayan bütün xalqların, millətlərin nümayəndələri fəallıq göstərərək ərazi bütövlüyümüzün təmin edilməsinə öz töhfələrini verdilər. “Dəmir yumruq” milli birliyin və Vətən uğrunda savaşın rəmzinə çevrildi. İkinci  Qarabağ müharibəsi zamanı Azərbaycanın bütün potensialı səfərbər olundu və ölkədə milli həmrəylik mühiti təmin olundu. Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki şəxslər, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək düşmənə sarsıdıcı zərbələr endirdilər. Azərbaycanın tarixinə Qələbə səhifəsi yazmış Prezidentə xalqın sevgisi  ehtiramı sonsuzdur.
    Tarixi Zəfərimiz bütün sahələrdə yeniliklərə yol açdı. Azərbaycanın beynəlxalq aləmdə möhkəmlənən mövqeyi, sülh gündəliyinin və yeni əməkdaşlıq formatlarının müəllifi kimi nüfuz qazanması möhkəm təmələ əsaslanan siyasətin təqdimatıdır.

Anar Nəbiyev
YAP Qazax rayon təşkilatının sədri


Tarix: 13-10-2023, 16:24 Oxunub: 143


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı