Mayın 27- də Yeni Azərbaycan Partiyası (YAP) Qazax rayon təşkilatı və Qazax rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində 28 May - Müstəqillik Günü münasibətilə tədbir keçirilib.
Tədbir Ümummilli Lider Heydər Əliyevin büstünün ziyarəti ilə başlayıb, büstün önünə tər çiçəklər düzülüb.
Tədbirdə ilk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib.
YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev, Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, partiya veteranı Nəsibə Tağıyeva, partiya fəalları Vüsal İsmayılov, Zümrüd Əliyeva, Yalçın Həsənov çıxış edərək 28 May - Müstəqillik Günü münasibətilə tədbir iştirakçılarını təbrik ediblər. Natiqlər Möhtərəm Prezident İlham Əliyevin 28 dekabr 2024-cü il tarixli Sərəncamı ilə 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edildiyini və sabah 28 May - Müstəqillik Gününün böyük təntənə ilə qeyd olunacağını diqqətə çatdırıblar. Çıxış edənlər 28 May - Müstəqillik Günü münasibətilə rayonda silsilə tədbirlərin keçirildiyini qeyd edərək, müdrik Azərbaycan xalqının müstəqillik uğrunda apardığı mübarizədən, qarşılaşdığı çətinliklərdən, keçdiyi şərəfli yoldan, bu yolda Ulu Öndər Heydər Əliyevin misilsiz tarixi xidmətlərindən, Ümummilli Liderin siyasi kursunu layiqincə davam etdirən Möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin əldə etdiyi nailiyyətlərdən, qazandığı uğurlardan, qələbələrdən ətraflı danışıblar.
Tədbirin sonunda Daş Salahlı 1 saylı tam orta məktəbin şagirdləri Ulu Öndər Heydər Əliyevə və müstəqilliyimizə həsr olunmuş şeirlər səsləndiriblər və müxtəlif ədəbi - bədii kompozisiya ilə çıxlş ediblər.
Sonda partiya veteranları və ən fəal partiya üzvləri YAP Qazax Rayon Təşkilatının Fəxri Fərmanı ilə təltif olunub, onlara qiymətli hədiyyələr verilib. Partiya sıralarına yeni qəbul olunmuş gənclərə partiya üzvlük vəsiqələri təqdim edilib.
Bölməyə aid digər xəbərlər