Dekabrın 11-də Qazax Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Qazax rayon təşkilatı və Qazax rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anım günü ilə əlaqədar “Azərbaycan tarixinin qürur səhifələrinə çevrilən ömür yolu” mövzusunda tədbir keçirildi.
Qazax Rayon Heydər Əliyev Mərkəzində təşkil olunmuş tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, YAP Qazax Rayon Təşkilatının sədri Anar Nəbiyev, partiya fəalları, Bakı Dövlət Universitetinin Qazax filialının, Qazax Dövlət Sosial-İqtisadi Kollecin rəhbərliyi, müəllim və tələbələri, təhsil, səhiyyə, mədəniyyət işçiləri, KİV nümayəndələri iştirak edirdilər.
Tədbir iştirakçıları əvvəlcə “Dahilər ölməz, əbədi yaşar!” başlıqlı kitab sərgisinə baxış keçirdilər. Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi, Ümummilli Lider Heydər Əliyevin, ölkəmizin suverenliyi, vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbirdə Ulu Öndərin həyat və siyasi fəaliyyətini əks etdirən “Dahi şəxsiyyət” filmi nümayiş etdirildi.
Tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev, Heydər Əliyev Mərkəzinin direktoru Ceyhunə Hüseynova, Qazax Tarix Diyarşünaslıq Muzeyinin direktoru Gülnaz Alışanova, Dəmirçilər kənd tam orta məktəbinin direktor müavini Gülnar Osmanova, Mərkəzi Kitabxana Sisteminin direktoru Fəridə Xudiyeva, Qazax RMX Publik Hüquqi Şəxsin həkimi Gülnaz Qədimalıyeva, İctimai və təbiət fənləri kafedrasının baş müəllimi Ülviyyə Bayramova çıxış etdilər.
Natiqlər Ümummilli Lider Heydər Əliyevin şərəfli və mənalı ömür yolundan, vətən qarşısında misilsiz xidmətlərindən, zəngin irsi və dövlətçilik təcrübəsindən ətraflı bəhs etdilər. Çıxış edənlər xüsusi olaraq vurğuladılar ki, Azərbaycan tarixinin elə bir səhifəsi yoxdur ki, Dahi Rəhbər Heydər Əliyev bu tarix kitabına öz səhifəsini yazmamış olsun. Natiqlər çıxışları zamanı Ulu Öndər Heydər Əliyevin respublikamızın Qərb Qapısı olan Qazax rayonuna səfərlərindən, əsası Ulu Öndər tərəfindən qoyulan siyasi kursun bu gün Möhtərəm Prezidentimiz İlham Əliyev cənabları tərəfindən uğurla davam etdirilməsindən, bunun sayəsində Qazax rayonunun dörd kəndinin qan tökülmədən, bir güllə atılmadan işğaldan azad edilməsindən bəhs edərək, tezliklə üç kəndimizin də işğaldan azad olunacağına böyük əminliklərini ifadə etdilər.
Sonda Uşaq Yaradıcılıq İnkişaf Mərkəzinin şagirdləri Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş şeirlər səsləndirdilər.
Bölməyə aid digər xəbərlər