11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
11:52 / 20-11-2024
Sabah hava necə olacaq?
18:56 / 19-11-2024
Prezident Fərman imzaladı
"Qarşılıqlı faydalı əməkdaşlığın təzahürü" - Sevda Həsənova

    Son illər Azərbaycanın Mərkəzi Asiya ölkələri, o cümlədən türk dövlətləri ilə münasibətlərində böyük canlanma müşahidə olunur.Dünyada baş verən proseslər ölkələrdən birgə əməkdaşlıq, birlikdə hərəkət etməyi və ümumi səylər göstərməyi tələb edir. Bu gün Azərbaycanın xarici siyasətində biz yetərincə bunun şahidi oluruq. Prezident İlham Əliyevin son iki il ərzində Mərkəzi Asiya, o cümlədən regionun türkdilli ölkələrinə ardıcıl səfərləri və həmin dövlətlərin başçılarının Azərbaycana səfərləri türk dünyası ilə əlaqələrimizin genişlənməsini, dərinləşməsini və strateji xarakter almasını şərtləndirir. Səfərlər zamanı imzalanan müqavilələr, sazişlər ölkələrimiz arasında münasibətlərin gələcək hədəflərini, prespektivlərini müəyyənləşdirir.
Azərbaycanın Mərkəzi Asiya dövlətləri arasında Tacikistanla münasibətləri də xüsusi əhəmiyyətə malikdir. Bu il aprelin 5-də Azərbaycan Prezidenti İlham Əliyevin Tacikistana dövlət səfəri oldu. Tacikistan Prezidenti Emoməli Rəhmonun dəvəti əsasında həyata keçirilən səfər iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 31-ci ildönümünə təsadüf edirdi. Ulu Öndərimiz Heydər Əliyevi böyük hörmət və səmimiyyətlə xatırlayan Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon mətbuata bəyanatla çıxışında demişdir: “Diplomatik münasibətlərin otuz ili ərzində Tacikistan və Azərbaycan səmərəli qarşılıqlı fəaliyyət mexanizmləri qura və bu gün qardaş xalqlarımızın rifahına xidmət edən sanballı nəticələr əldə edə biliblər. Buna çox cəhətdən əsası Azərbaycan xalqının görkəmli oğlu və mənim dostum, böyük yoldaşım Heydər Əliyev tərəfindən qoyulmuş sıx, qarşılıqlı etimada əsaslanan əlaqələr şərait yaradır. Gələn ay Heydər Əliyevin 100 illiyini Tacikistanda da qeyd edəcəyik.Mən qardaş Azərbaycanın bu böyük dövlət xadimi ilə ünsiyyətimizi həmişə səmimiyyətlə xatırlayıram. Heydər Əliyev ölkə üçün ən taleyüklü vaxtda həqiqətən öz şanlı xalqının milli lideri oldu və ölkəni sabitlik, inkişaf yoluna çıxardı.” Həmçinin, Azərbaycan Prezidenti ilə görüşündə Tacikistanın dövlət başçısı, Möhtərəm Prezidentimiz İlham Əliyevin böyük səyi nəticəsində müxtəlif sahələrdə daim genişlənən qarşılıqlı faydalı əməkdaşlığın xalqlarımızın mənafeyinə tam uyğun olduğunu da xüsusi vurğuladı. Möhtərəm Prezidentimiz İlham Əliyevin bu səfəri əvvəlkilərdən fərqli olaraq, iki ölkə arasında strateji əməkdaşlıq baxımından xeyli sayda sənədlərin imzalanması ilə yadda qaldı. Azərbaycan Prezidentinin budəfəki səfərinin də məqsədi ölkələrimiz arasında yüksək səviyyədə olan əlaqələrin daha da inkişafına və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsinə böyük töhfə vermək oldu. İkitərəfli münasibətlərin gündəliyində olan aktual məsələlərin müzakirəsi məqsədilə Azərbaycanın Dövlət Başçısı İlham Əliyev Tacikistan Prezidenti Emoməli Rəhmon ilə təkbətək və geniş tərkibdə görüşlər keçirdi.Prezidentimiz qeyd etdi ki, səfərin nəticələrinə əsasən ən yaxın vaxtda konkret addımlar atılacaqdir. Hökumətlərarası komissiyanın növbəti iclasını bu il Tacikistanda keçirmək barədə razılığa gəlinib və hökumətlərarası komissiyanın iclasına qədər ölkələrimizin məhz nəqliyyat-logistika qarşılıqlı əlaqələri, investisiya siyasəti, sənaye kooperasiyası məsələlərinə dair nümayəndə heyətlərinin üzvlərinə verilən bütün tapşırıqlar yerinə yetiriləcəkdir. Bütün bunlar bir daha böyük əminliklə deməyə əsas verir ki, Möhtərəm Prezidentimizin Tacikistana səfəri Azərbaycanın beynəlxalq aləmdə atdığı növbəti uğurlu addımlardan biridir və bu səfər ölkəmizə böyük siyasi və iqtisadi dividentlər gətirəcəkdir.
 
Sevda Həsənova
YAP Qazax rayon təşkilatı ərazi partiya təşkilatının sədri


Tarix: 10-04-2023, 16:18 Oxunub: 268


Bölməyə aid digər xəbərlər