11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
11:52 / 20-11-2024
Sabah hava necə olacaq?
18:56 / 19-11-2024
Prezident Fərman imzaladı
"Azərbaycan dünyada artıq çox böyük nüfuz sahibidir" - Rövşən Qayayev

     2024-cü il fevralın 7-də keçirilən Prezident seçkilərdə cənab İlham Əliyev seçicilərin 92,12 faiz səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçildikdən  sonra ilk rəsmi səfərini  qardaş Türkiyəyə etdi. 
    Fevral ayının 19-da  Möhtərəm Prezidentimiz Türkiyənin paytaxtı Ankarada rəsmi səfəri zamanı mətbuata verdiyi bəyanatında bildirdi ki, Türkiyə-Azərbaycan birliyi təkcə bölgə üçün deyil, bütün Avrasiya üçün önəmli amilə çevrilib. Bu gün də qardaş Azərbaycan və Türkiyə xalqları əcdadlarının bütün ənənələrinə sadiqdirlər. Bəli, Türkiyə bu gün dünya miqyasında söz sahibidir. Təkcə bölgəmizdə deyil, dünya miqyasında bir çox məsələlər məhz, Türkiyənin mövqeyindən asılıdır. Türkiyə bölgəmizdə əmin-amanlığın, sülhün və işbirliyinin qarantıdır.
      Dövlət başçımızın qeyd etdiyi kimi, Azərbaycan Türkiyənin uğurlarına öz uğurları kimi sevinir. Türkiyənin güclü sənaye potensialı, güclü iqtisadiyyatı, o cümlədən hərbi gücü Türk dünyasına mənsub olan hər bir insanı sevindirir.
     Möhtərəm Prezidentimiz İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan tək deyil, Türkiyə Azərbaycanın həmişə yanındadır. 2020-ci ilin noyabr ayında İkinci Qarabağ savaşı başa çatanda Azərbaycan işğalda olan ərazisinin böyük hissəsini azad etmişdir və bütün 44 gün ərzində Türkiyə hər an bizim yanımızda idi. Savaşın ilk saatlarından Türkiyənin dəstəyi və qəti açıqlamaları bir çoxları üçün ciddi mesaj idi və bir çoxlarını bu işə müdaxilə etməkdən kənarda saxladı. 
     Ölkə rəhbəri onu da bildirdi ki, Azərbaycan xalqı Türkiyənin qardaşlıq dəstəyini heç vaxt unutmayacaq. İkinci Qarabağ savaşından sonra bizə göstərilən dəstək bu əlaqələri ən yüksək zirvəyə qaldırdı.
     Ölkə başçısı qeyd etdi ki, bu gün Müttəfiqlik Bəyannaməsini əsas götürərək biz bütün məsələlərdə bir yerdəyik, bir nöqtəyə vururuq. Biz öz gücümüzə güc qatırıq və Türk dünyasının birləşməsi, ortaq köklərə sahib olan xalqların bir arada olması Türk Dövlətləri Təşkilatının hər bir üzvünü gücləndirəcəkdir.
    Dövlət başçısı bildirdi ki, cari ilin iyul ayında Türk Dövlətləri Təşkilatının Şuşada qeyri-rəsmi Zirvə görüşü keçiriləcəkdir. Müşahidəçi statusunda olan Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti də sözügedən görüşdə iştirak edəcək və bu Türk xalqlarının birliyi işinə növbəti güclü təkan verəcəkdir.
     Ölkə başçısı vurğuladı ki, bizim birgə həyata keçirdiyimiz layihələr kifayət qədər çoxdur. Nəqliyyat, enerji layihələri bizim sərhədlərimizdən kənarda da artıq önəmli rol oynayır. Enerji və nəqliyyat təhlükəsizliyi bu gün dünya gündəliyinin ön sıralarında olan mövzulardandır.
     Dövlət başçısı qeyd etdi ki, ticarət dövriyyəmiz sürətlə artır və artıq rekord həddə, 7,5 milyard dollara çatıb. Keçən il Azərbaycandan Türkiyəyə 9 milyard kubmetr təbii qaz ixrac edilmişdir. Əldə edilmiş razılaşmalar əsasında qazın həcminin artırılması nəzərdə tutulur, o cümlədən Türkiyə ərazisindən Avropaya gedən təbii qaz qitənin bir çox ölkələri üçün önəmli enerji təhlükəsizliyi baxımından mühüm rol oynayır.
Mühüm beynəlxalq layihəyə gəlincə Bakı-Tbilisi-Qars dəmir yolu yüklərin həcmini 1 milyon tondan 5 milyon tona çatdırmaq üçün bu ilin ortalarında tam istismara verilməlidir.
     Ölkə başçısının qeyd etdiyi kimi, əməkdaşlığımızın önəmli istiqamətlərindən biri də hərbi sahədə işbirliyidir. Bizim ordularımız bir yumruq anlamına gəlib, hər il ən azı 10 hərbi təlim həm Türkiyədə, həm Azərbaycanda keçirilir və beləliklə, bizim hərbi gücümüz daha da artır.
Möhtərəm Prezident İlham Əliyevin söylədiyi kimi, İkinci Qarabağ savaşı və ondan sonra düz 5 ay əvvəl keçirdiyimiz antiterror əməliyyatı bir daha onu göstərdi ki, Türkiyənin Ordu modeli artıq Azərbaycanda tam şəkildə tətbiq olunur. Qarabağda keçirilmiş antiterror əməliyyatı da  ölkəmizin suverenliyini tam təsdiqlədi və artıq separatçı qüvvələrə Azərbaycan ərazisində yer yoxdur və bundan sonra heç vaxt olmayacaqdır.
    Cari ilin 19 fevral tarixində Ankarada Prezident İlham Əliyevin və Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə imzalanmış Azərbaycan-Türkiyə sənədləri - “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Türkiyə Respublikasının Ali Təhsil Şurası arasında Türkiyə-Azərbaycan Universitetinin yaradılmasına dair Anlaşma Memorandumu”, “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında Saziş”, “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş” hər iki qardaş ölkə üçün mühüm əhəmiyyət daşıyır.             
     Bəli, bu gün Azərbaycan artıq dünyada çox böyük nüfuza malik dövlətdir. Ölkəmizlə  əməkdaşlıq etmək istəyənlərin sayı günbəgün artır. Əlbəttə ki, bütün bunların kökündə uğurlu xarici siyasət dayanır. Prezident İlham Əliyev hər zaman milli maraqlara söykənən müstəqil addımlar atır. Xarici dövlətlərlə əməkdaşlığa yüksək səviyyədə önəm verilir. İndi Azərbaycan yeni bir dövrə qədəm qoyub. Bu dövrdə isə Azərbaycanla daha çox  dünya ölkələrinin əməkdaşlıq etmək istəməsi göz önündədir.

Rövşən Qayayev
YAP Qazax rayon təşkilatının əməkdaşı


Tarix: 23-02-2024, 11:47 Oxunub: 123


Bölməyə aid digər xəbərlər