Vətən müharibəsində qazanılmış böyük Zəfərdən sonra regionda yaranmış yeni iqtisadi və siyasi münasibətlər fonunda ölkəmizlə hərtərəfli münasibətlər qurmaq istəyən dövlətlər üçün də geniş imkanlar yaranmışdır. İşğaldan azad olunmuş ərazilərimizə də sərmayələrin qoyulması baxımından Azərbaycanla əməkdaşlıqda maraqlı olan böyük şirkətlər Azərbaycanın timsalında etibarlı tərəfdaş və yeni imkanlar əldə edəcəklərinə əmindirlər. Son zamanlar keçirilən görüşlərdə, baş tutan danışıqlarda biz bunun şahidi oluruq ki, ölkəmizlə yeni iqtisadi münasibətlər qurmaq istəyən tərəfdaşların sayı durmadan artır.
Yanvarın 19-da Davos Dünya İqtisadi Forumu çərçivəsində keçirilən “Avrasiya Orta Dəhlizi: Yoldan magistrala” mövzusunda panel iclasında iştirak edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxışı zamanı Şərq - Qərb nəqliyyat dəhlizinin əsasında Orta Dəhlizin əhəmiyyətinin artmasını xüsusi qeyd edərək bildirdi ki, Orta Dəhlizin üstünlüklərindən biri ondan ibarətdir ki, bu nəhəng layihədə iştirak edən ölkələr öz aralarında çox yaxşı münasibətlərə malikdir və bu da uğurun qazanılması üçün ilkin şərtlərdən biridir. Azərbaycan özünün Qərbində olan qonşuları Gürcüstan və Türkiyə, Şərqində isə Mərkəzi Asiya ilə gözəl münasibətlərə malikdir. Qərb və Şərq arasında təbii coğrafi bağlantıya malik olan Azərbaycan ötən illər ərzində nəqliyyat infrastrukturuna böyük sərmayələr yatırmışdır ki, bunun sayəsində ölkəmizdə bütün zəruri infrastruktur obyektləri artıq daha çox yük qəbul etməyə hazırdır. Yükaşırma qabiliyyəti 15 milyon ton olan Azərbaycan dəniz limanı öz yükaşırma gücünü 25 milyon tona qədər genişləndirəcəkdir. Artıq bunun üçün lazımi vəsait ayrılmışdır.
Dəmir yolu şəbəkəsinin inkişafı ilə əlaqədar Prezidentımız bildirmişdir: “Əslində, nisbətən bu yaxınlarda qurduğumuz, indi Azərbaycandan, Gürcüstandan, Türkiyədən Avropaya qədər uzadacağımız dəmir yolu əlaqələri bizim neft-qaz kəmərləri layihələrinin uğurlu icrasından qaynaqlanıb. Beləliklə, düşünürəm ki, dəhlizin bu tərəfində bütün məsələlər həll olunub. Mən bir daha Ebru xanımın fikirləri ilə razılaşmaq istəyirəm ki, indi bizim ehtiyacımız olan, bütün iştirakçı ölkələrin – Mərkəzi Asiya, Azərbaycan, Gürcüstan, Türkiyə, avropalı tərəfdaşların daxil olduğu rəhbər komitə, bir növ idarə heyəti, o cümlədən bütün nəqliyyat infrastrukturu yaradılmalıdır. Məsələn, biz Xəzər dənizində 53 gəmi ilə ən böyük ticarət donanmasına malikik, dəniz limanımız var - Türkmənistan, Qazaxıstan, Azərbaycan, Mərkəzi Asiya ölkələri arasında dəmir yolu əlaqələri, bilirsiniz ki, onların öz aralarında yaxşı bağlantılar yoxdur. Yeni layihələr var, məsələn, Çinin təşəbbüsü ilə başlayan Çin – Qırğızıstan - Özbəkistan dəmir yolu layihəsi var ki, bu da nəticə etibarilə Xəzər dənizinə və ardınca bizim istiqamətimizə gəlib çıxacaq. Həmçinin nəqliyyat və Şərq - Qərbin üstünlükləri üzərində işləməklə yanaşı, Qərb - Şərq də mühüm əhəmiyyət kəsb edir.”
Həm təbii qazla, həm də Azərbaycanın yaşıl enerji ilə bağlı planları barədə cənab Prezidentimiz qeyd etmişdir ki, təbii qazla bağlı Avropa Komissiyasından müraciət daxil olan kimi biz dərhal müxtəlif istiqamətlər üzrə işləməyə başladıq. Birincisi, hasilatın fiziki artımını, sonra səmərəliliyini, itkilərin azaldılmasını və daxildə istifadə etdiyimiz qaza harada qənaət edə biləcəyimizi və onun Avropa bazarına ötürülməsini nəzərdən kecirdik. 2021-ci ildə Avropa bazarına ixracımız təqribən 8 milyard kubmetrdən çox idi. Bu il ixrac ən azı 11,6 milyard kubmetr olacaq. Artım çox sürətlidir. Ümumi həcm isə 24 milyard kubmetrdir. Ötən yay Avropa Komissiyası və Azərbaycan arasında imzalanmış Anlaşma Memorandumunda Azərbaycanın 2027-ci ilə qədər təbii qaz təchizatını iki dəfə artırmaq nəzərdə tutulur. Beləliklə, Avropa İttifaqına təchizat minimum 20 milyard kubmetr səviyyəsində olacaqdır. Avropa istehlakçılarının artan tələbatını ödəmək üçün Azərbaycan həqiqətən də gərgin çalışır.
Yaşıl enerji ilə bağlı potensial da çox böyükdür. Xəzər dənizinin külək potensialı 157 qiqavat, qurudakı potensial isə 27 qiqavatdır. İşğaldan azad etdiyimiz ərazilərdə 10 qiqavat potensial mövcuddur. Demək olar ki, ümumi potensial 200 qiqavata yaxındır.
Davos Forumu çərçivəsində keçirilən “Avrasiya Orta Dəhlizi: Yoldan magistrala” mövzusunda keçirilən panel iclasında cənab Prezident İlham Əliyevin iştirakı və çıxışı onu deməyə əsas verir ki, Dövlət Başcımızın məqsədyönlü siyasəti nəticəsində Azərbaycanla əməkdaşlıq edən ölkələrin sayı daha da artacaq və Azərbaycan dünyada etibarlı tərəfdaş, səmərəli əməkdaş kimi qüdrətli bir dövlətə çevriləcəkdir.
Rövşən Qayayev
YAP Qazax rayon təşkilatının məsləhətçisi
Bölməyə aid digər xəbərlər