Son 19 ildə həyata keçirilən praqmatik xarici siyasət ölkəmizə beynəlxalq münasibətlər sistemində etibarlı strateji tərəfdaş imici qazandırıb. Regional təşəbbüslər Azərbaycanın möhkəmlənməsinə, bölgədəki əməkdaşlığın dərinləşməsinə xidmət etdi. Milli mənafelərlə bağlı problemlərin həllinə həssas və fəal yanaşma uzaq və yaxın xaricin də diqqətindən yayınmadı. Dövlət başçısı İlham Əliyevin yürütdüyü uğurlu xarici siyasət nəticəsində ölkəmiz 2011-ci ildə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildi. Azərbaycanın 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi, həmçinin 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatına 2019-2023-cü illərdə sədrliyi müasir Azərbaycanın beynəlxalq miqyasda nüfuzunu və qüdrətini göstərir.
Dünyada sülhü və konstruktiv əməkdaşlığı tərənnüm edən Prezident İlham Əliyevin beynəlxalq təşəbbüsləri mühüm əhəmiyyət kəsb edir. Belə ki, Azərbaycanın təşəbbüsü ilə 2013-cü ildə BMT tarixində ilk dəfə olaraq “Birləşmiş Millətlər Təşkilatı və İslam Əməkdaşlıq Təşkilatı arasında tərəfdaşlıq əlaqələrinin gücləndirilməsi” mövzusunda iclas təşkil edilmişdir. Qoşulmama Hərəkatının sədri qismində Prezident İlham Əliyevin təşəbbüsü ilə 2020-ci ilin dekabrında BMT Baş Assambleyasının COVID-19 pandemiyası ilə mübarizəyə həsr edilmiş Xüsusi Sessiyası keçirildi. 18 noyabr 2021-ci il tarixində BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində Qoşulmama Hərəkatının sədri qismində Azərbaycan Prezidentinin təşəbbüsü ilə quruma üzv dövlətlərin adından irəli sürülmüş “COVID-19 əleyhinə peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi” adlı qətnamə qəbul edildi.
Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının ən fəal və nüfuzlu üzvlərindən biridir. Ölkəmiz son illərdə İƏT-in bir necə konfransına ev sahibliyi etmişdir. 2017-ci il Azərbaycanda “İslam Həmrəyliyi İli” elan olunmuş və həmin ilin may ayında İƏT-in möhtəşəm idman hadisəsi – IV İslam Həmrəyliyi Oyunları Bakıda keçirilmişdir. 2018-ci ildə 5 min illik qədim tarixə malik Naxçıvan şəhəri ISESCO tərəfindən İslam mədəniyyətinin paytaxtı seçilmişdir.
Azərbaycanın qlobal mədəniyyətlərarası dialoqun ünvanlarından birinə çevrilməsi ölkəmizin beynəlxalq statusunun və beynəlxalq tərəfdaşlarının sayının artmasına səbəb olmuşdur. Azərbaycanda davamlı olaraq Bakı Beynəlxalq Humanitar Forumu, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, habelə BMT Sivilizasiyalar Alyansının VII Qlobal Forumu və onlarla digər əhəmiyyətli tədbirlərin keçirilməsi nəticəsində Bakı qlobal münasibətlər sistemində nüfuzlu beynəlxalq siyasi meydanlardan birinə çevrilmişdir.
Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan nüfuzunu, etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirməsini təsdiqləyən xeyli sayda uğurlarımızı qeyd edə bilərik. Bu sıralama o qədər zəngindir ki, onları bir yazıda əhatə etmək qeyri-mümkündür. Son iki ildə tarixi Zəfərimizin yaratdığı reallıqlar Azərbaycanın sözü ilə imzası arasında heç bir fərqin olmadığını təsdiqləyir. Bu reallıqların, yeni əməkdaşlıq formatlarının, sülh gündəliyinin müəllifi Azərbaycandır. Müzəffər Ali Baş Komandanın qətiyyəti ilə qazanılan bu möhtəşəm Zəfər Azərbaycanın qarşısında yeni imkanlar yaradır. Böyük qürur hissi ilə qeyd edirik ki, son iki ildə azad Qarabağımız, azad Şuşamız diplomatik mərkəzə, müxtəlif beynəlxalq əhəmiyyət daşıyan tədbirlərin keçirilməsi məkanına çevrilib. Beynəlxalq əməkdaşlığın yeni formatı və etibarlılıq nümunəsi günümüzün reallıqlarında özünün aydın ifadəsini tapıb. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ötən il iyunun 15-də iki ölkənin dostluğunun, qardaşlığının, müttəfiqliyinin rəsmi təsdiqi olan sənədi imzaladı. Azərbaycan -Türkiyə münasibətləri yeni mərhələyə qədəm qoydu. Ümumilikdə türk dünyasının birliyinin möhkəmləndirilməsi günümüzün əsas çağırışları sırasındadır. Dövlət başçısı İlham Əliyevə ötən il Türk Dünyasının Ali Ordeninin təqdim edilməsi türkdilli dövlətlərin birliyinə, həmrəyliyinə verdiyi töhfələrin təqdimatı oldu.
Azərbaycan hələ bundan sonra daha möhtəşəm uğurlara imza atacaq. Qalib Azərbaycan harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlının qürur mənbəyidir.
Anar Nəbiyev
YAP Qazax rayon təşkilatının sədri
Bölməyə aid digər xəbərlər