Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin bütün səfərləri kimi, 22 may tarixində Litva dövlətinə rəsmi səfəri də bir çox mühüm və vacib məqamlari ilə yaddaqalan oldu.
Ölkə Başçısı səfər zamanı mətbuata verdiyi bəyanatında bildirdi ki, Azərbaycan və Litva arasındakı münasibətlər strateji tərəfdaşlıq xarakteri daşıyır. Aramızda çox fəal siyasi dialoq aparılır və bu dialoq konkret nəticələrlə də tamamlanır. Siyasi müstəvidə əldə edilmiş razılaşmalar bütün digər sahələrə də öz müsbət təsirini göstərir və bundan sonra da əməkdaşlığın genişləndirilməsi üçün önəmli addımlar atılacaqdır. Gələcək illərdə iqtisadiyyat, ticarət sahələrində də siyasi səviyyədə olduğu kimi işlər sürətlə gedəcəkdir.Biznes qurumlarının birgə fəaliyyəti ticarət dövriyyəsinin artırılmasına gətirib çıxaracaq.Çünki, hər iki tərəfdən buna çox böyük maraq var və keçən ilin may ayında Prezident Nausedanın Azərbaycana rəsmi səfəri çərçivəsində Bakıda Litva-Azərbaycan biznes forumu keçirilmişdir.
Mənfur Ermənistanın işğalının acı fəsadlarından söz açan ölkə rəhbəri vurğuladı ki, Azərbaycan torpaqları uzun illər ərzində - 30 ilə yaxın Ermənistanın işğalı altında idi. Bir milyon azərbaycanlı bu işğal nəticəsində öz doğma torpaqlarından didərgin düşmüşdür, ərazilərimizin təxminən 20 faizi işğal altında idi. İşğal edilmiş ərazilərdə bütün infrastruktur, binalar, o cümlədən tarixi abidələr işğalçılar tərəfindən dağıdılıb.Ölkə başçısı bildirdi ki, sülh danışıqlarının aparılması nəticə etibarilə Qafqaza uzunmüddətli sülh gətirəcək. Sülh anlaşmasının imzalanması qaçılmazdır. Azərbaycan öz tərəfindən bu məqsədə çatmaq üçün konstruktiv səylər göstərir. Təbii ki, bu sülh anlaşması beynəlxalq norma və prinsipləri əhatə etməlidir.
Litva ilə ikitərəfli əməkdaşlığın eyni zamanda, Avropa İttifaqı-Azərbaycan çərçivəsində də
önəmli rol oynadığını qeyd edən Dövlətimizin Başçısı vurğuladı ki, Azərbaycan təbii qazının Avropa bazarlarına nəql edilməsi ilə bağlı çox ciddi addımlar atılır. İxrac edilən qazın həcmi ildən-ilə artır. Perspektivli əməkdaşlıq istiqamətinə toxunan ölkə rəhbəri qeyd etdi ki, Litvada və Azərbaycanda bərpaolunan enerji növlərinin yaradılması ilə də bağlı olan işlər paralel şəkildə aparılır. Həm Litvada, həm Azərbaycanda bu sahəyə çox böyük diqqət göstərilir.Qitələri birləşdirən Avrasiya qitəsində daha da rahat nəqliyyat-kommunikasiya imkanlarını yaratmaq üçün ölkələrimizin payına böyük vəzifələr düşür. Müvafiq qurumlar bu məsələ ilə bağlı ciddi məşğul olacaqlar. Çünki dünyada hökm sürən yeni geosiyasi reallıq bunu diktə edir. Azərbaycan ərazisindən keçən tranzit yüklərin həcmi ildən-ilə artır. Müasir infrastrukturumuz buna imkan yaradır. Xəzər dənizini, Cənubi Qafqazı Baltik dənizi ölkələri ilə birləşdirən nəqliyyat marşrutları da bəllidir. Birgə səylərlə həmin birləşmə layihələrini həyata keçirərək bu sahədə də uğurlu əməkdaşlığa nail olacağıq.
Xüsusi qeyd etmək lazımdır ki, Vilnüsdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Litva Respublikasının Prezidenti Gitanas Nausedanın iştirakı ilə imzalanmış əməkdaşlıq sənədləri də hər iki ölkə üçün mühüm əhəmiyyət daşıyır.
İmzalanmış “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Litva Respublikasının Ətraf Mühit Nazirliyi arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlığa dair Saziş”, “Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə Litva Respublikasının Sosial Təhlükəsizlik və Əmək Nazirliyi arasında gənclər siyasəti sahəsində əməkdaşlıq haqqında Saziş”, “Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə Litva Respublikasının Baş Prokurorluğu arasında
2024-2025-ci illər üçün Əməkdaşlıq Proqramı” iki ölkə arasında olan əlaqələrin hansı müstəvidə inkişaf etməsinin göstəricisidir.
Dövlətimizin Başçısı iki ölkə arasında əməkdaşlıq potensialının kifayət qədər böyük olduğunu qeyd etdi. Bildirdi ki, bərpaolunan enerji sahəsinə yatırımlar baxımından eyni istiqamətdə gedirik. Hər iki ölkədə - Baltik və Xəzər dənizlərində çox böyük külək enerjisi potensialı vardır və Azərbaycanda enerji təhlükəsizliyi mövcuddur. Lakin, Azərbaycan ixrac məqsədləri üçün daha çox təbii qaza qənaət etmək və elektrik enerjisinin istehsalı üçün təbiətin günəş və külək enerjilərindən istifadə etmək niyyətindədir.Ötən ilin iyulunda Avropa Komissiyası və Azərbaycan Enerji sahəsində Strateji Tərəfdaşlıqla bağlı Anlaşma Memorandumunu imzaladılar. Onun əsasında 2027-ci ilə qədər Avropaya təbii qaz təchizatımızı iki dəfə artırmağı planlaşdırırıq. 2021-ci ildə Avropaya təbii qaz təchizatımız 8 milyard kubmetr olmuşdur, bu il isə 12 milyard kubmetr olacaq və 2027-ci ilə qədər 20 milyard kubmetrə çatdırılacaqdır.
Ölkə başçısının bəyanatnda həmçinin Avropanın etibarlı təchizatçısı kimi Azərbaycanın bu gün neft, təbii qaz və elektrik enerjisi ixrac etdiyini, - Logistika, şəbəkələr və daşımalarda böyük əməkdaşlıq potensialı olduğunu, Azərbaycanın təşəbbüsləri sayəsində Avropanın enerji xəritəsinin kəskin şəkildə dəyişdiyini. Bakının dəniz limanı infrastrukturuna böyük yatırımlar edildiyini diqqətə çatdırdı. Bəli,Prezidentimizin söylədiyi kimi, indi Azərbaycan iqtisadiyyatı sabitdir, münbit investisiya şəraiti var və o, təbii sərvətlərə əsaslanır. Əsas hədəf şaxələndirmədir. Ölkəmiz iqtisadiyyatı şaxələndirəcək və enerji sektorundan asılılığı azaldacaq. İqtisadi sabitlik uğurlu əməkdaşlığın təminatıdır.
Əziz Məmmədov
YAP Qazax rayon təşkilatının fəalı
Bölməyə aid digər xəbərlər