11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
"Türk dünyası üçün önəmli amil" - Anar Nəbiyev

     Dövlət başçısı İlham Əliyevin seçkilərdən sonra ilk rəsmi səfərini Türkiyəyə etməsi bu gün geniş müzakirə edilən məsələlər sırasındandır.  Fevralın 19-da reallaşan bu səfər bir millət, iki dövlət olan Azərbaycan və Türkiyənin dostluğunun, qardaşlığının sarsılmaz olduğunu bir daha təsdiqlədi. Hər zaman böyük qürur hissi ilə qeyd etdiyimiz bu reallığı yenə də əminliklə bildiririk ki, dünyada Azərbaycan və Türkiyə qədər biri-birinə yaxın olan ikinci ölkələr yoxdur. Türkiyə və Azərbaycan hər zaman biri-birinin yanındadır. Tarixin bütün sınaqlarından şərəflə çıxan bu birliyin daha da möhkəmlənnməsi hər iki tərəfin qarşıya qoyduğu prioritet məsələlərdəndir. Bölgənin inkişafı, sabitliyi və təhlükəsizliyi nöqteyi-nəzərindən Türkiyə-Azərbaycan birliyi amili çox önəmlidir.
      Dünya 44 günlük İkinici Qarabağ müharibəsində, həmçinin postmünaqişə dövründə Azərbaycan-Türkiyə qardaşlığının möhkəm təmələ əsaslandığının bir daha şahidinə çevrildi. İki dost ölkə atdıqları addımları ilə ədalətin, beynəlxalq hüququn yanında olduqlarını təsdiqləyirlər.                 Türkiyənin 44 günlük İkinci Qarabağ müharibəsi dövründə siyasi və mənəvi dəstəyini daim vurğulayan dövlət başçısı  İlham Əliyev ölkəmizin bundan güc  aldığını bütün  çıxışlarında  bildirir.   Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mətbuata bəyanatında bildirdi ki, fevralın 7-də keçirilən prezident seçkiləri ilk dəfə Azərbaycanın suveren torpaqlarının hamısında keçirilməsi ilə əlaqədar tarixi bir önəmə sahibdir. Seçkilərin nəticələrinin Türkiyə-Azərbaycan münasibətləri və qardaş Azərbaycan xalqı üçün xeyirli olmasını diləyirəm. Azərbaycan ilə əməkdaşlığımızın Ümummilli Lider Heydər Əliyevin vurğuladığı “Bir millət, iki dövlət” şüarı əsasında irəlilədiyini görürük.
      Azərbaycan-Türkiyə əlaqələri bütün sahələrdə uğurla inkişaf edir. Hər iki dövlətin siyasi iradəsi, qətiyyəti sayəsində reallığa çevrilən enerji layihələri regionda sabitliyi, təhlükəsizliyi möhkəmləndirməklə yanaşı, dünyanın enerji təhlükəsizliyinin təminatına böyük töhfələrdir. Regional çərçivədə başlanan əməkdaşlıq əlaqələrinin illər keçdikcə coğrafiyası daha da genişlənir. Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum neft-qaz layihələrinin, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin reallığa çevrilməsi, TANAP-ın istifadəyə verilməsi Azərbaycan-Türkiyə birliyinin enerji və nəqliyyat sahəsində uğurlu inkişafının göstəriciləridir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mətbuata bəyanatında “TANAP-ın imkanlarının artırılması, Xəzərin təbii qazının Türkiyəyə və Avropaya çatdırılması bu istiqamətdəki prioritetlərimiz arasındadır” söyləyərək ötən il Naxçıvana səfəri çərçivəsində təməli qoyulan İğdır-Naxçıvan təbii qaz boru kəməri layihəsi ilə enerji sahəsində əməkdaşlığımızın yeni bir səviyyəyə çatdırıldığını xatırlatdı. Onu da qeyd etdi ki, kritik meydan oxumaların yaşandığı bir dövrdə ölkələrimizin nəqliyyat və enerji sahələrindəki potensialını inkişaf etdirməli olduğumuz aşkardır. Bakı-Tbilisi-Qars dəmir yolu xətti əsasən bunun ən konkret nümunələrindəndir. Bu xətdən ən yüksək səmərə götürmək üçün bərpa işləri sürətlə başa çatdırılmalıdır. Ötən ilin sentyabrında “Türk qapısı” Naxçıvana səfəri zamanı Prezident İlham Əliyev ilə birlikdə Qars-Naxçıvan dəmir yolu layihəsi ilə bağlı niyyət protokolu məhz bu məqsədlə imzalandı. Cənab İlham Əliyev bu hədəfi açıqladı ki, Bakı-Tbilisi-Qars dəmir yolu yüklərin həcmini 1 milyon tondan 5 milyon tona çatdırmaq üçün bu ilin ortalarında tam istismara verilməlidir.
      Atılan hər bir addım, reallaşan, eyni zamanda, yeni gündəmə gətirilən layihələr ölkələrimizin, xalqlarımızın nə qədər bir-birinə bağlı, yaxın olduğunu göstərir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan böyük qürur hissi ilə bu birliyin, qardaşlığın sarsılmazlığını “Bu yeni dövrdə mükəmməl səviyyədə davam edən əməkdaşlığımızı həmişəkindən daha yüksək səviyyəyə çatdıracağımıza ürəkdən inanıram” fikirləri ilə ifadə etdi.  
       Azərbaycan və Türkiyə Prezidentlərinin şəxsi qardaşlıq münasibətləri ölkələrimizin, xalqlarımızın daha sıx birləşməsində əhəmiyyətli rol oynayır. İstər sevincli, istərsə də çətin anlarda bu birlik, dəstək yalnız dövlət səviyyəsində deyil, sıravi vətəndaşların belə münasibətlərində özünün aydın ifadəsini tapır. Dünya bunu həm 44 günlük İkinci Qarabağ müharibəsi, həm də ötən il Türkiyədə baş verən dəhşətli zəlzələ zamanı şahidi oldu. “Azərbaycan tək deyil” mesajı, eyni zamanda, “Qardaş Türkiyə, biz səninləyik!” çağırışı dövlətlərimizin, xalqlarımızın biri-birinə nə qədər sıx bağlı olduğunu təsdiqlədi. Bu çağırışlar yalnız sözdə deyil, əməldə təsdiqləndi. Bu gün hansı sahəyə diqqət yetirsək Azərbaycan-Türkiyə birliyi sayəsində reallaşan layihələri görürük. Bu layihələr bir əməkdaşlıq, dostluq körpüsünə çevrilib. Onlar yalnız iştirakçı deyil, digər ölkələrə də faydalar gətirir.
     Azərbaycan-Türkiyə birliyi türk dünyası üçün önəmli amildir. Türk dünyasının birliyinin daha da möhkəmləndirilməsi əsas hədəflərdəndir. Dövlət başçısı İlham Əliyev belə bir əminliyi ifadə etdi ki, türk dünyasının birləşməsi, ortaq köklərə sahib olan xalqların bir arada olması Türk Dövlətləri Təşkilatının hər bir üzvünü gücləndirəcək.

Anar Nəbiyev
YAP Qazax rayon təşkilatının sədri


Tarix: 22-02-2024, 11:30 Oxunub: 327


Bölməyə aid digər xəbərlər