Qədim tarixə, sarsılmaz qardaşlığa, təmənnasız dostluğa, qarşılıqlı etimada, səmimi münasibətlərə, yüksək səviyyəli əməkdaşlığa əsaslanan Azərbaycan - Türkiyə əlaqələri günbəgün möhkəmlənməkdədir. Xalqlarımızın eyni soykökə, dilə, dinə, mədəniyyətə və bir çox digər qarşılıqlı bağlara malik olması ölkələrimizi həmişə doğmalaşdırıb, bu qardaş xalqlar xoş günlərdə də, çətin anlarda da həmişə biri digərinin yanında olub. Ulu Öndərimiz Heydər Əliyevin “Bir millət, iki dövlət” olaraq xarakterizə etdiyi Azərbaycan - Türkiyə dövlətləri arasındakı münasibətlər bu gün hər iki ölkə rəhbərliyi tərəfindən həyata keçirilən düzgün, məqsədyönlü, uğurlu siyasətin məntiqi nəticəsi olaraq daha yüksək səviyyəyə çatıb, bir sıra mühüm sahələr üzrə keyfiyyətcə yeni mərhələyə qədəm qoyub.
Təsadüfi deyil ki, Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan Prezident seçildikdən sonra ilk səfərini iyunun 12-də Şimali Kipr Türk Respublikasına və qardaş Azərbaycana etdi. Tam demokratik qaydada Türkiyənin 13-cü Prezidenti seçilən Rəcəb Tayyib Ərdoğanın ilk səfərini Şimali Kipr Cümhuriyyətinə və ardınca Azərbaycana etməsi ilk növbədə iki qardaş ölkə arasında münasibətlərin ən yüksək səviyyədə olmasının bariz nümunəsidir. Türkiyə dövlət rəhbərinin bu səfəri onun növbəti Prezidentliyi dönəmində Azərbaycan - Türkiyə əlaqələrinin daha sıx və yüksək səviyyədə davam edəcəyinə açıq bir mesajdır. İki Dahi Lider - Prezident İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan arasında səmimi münasibətlərin dövlətlərarası əlaqələrə bir daha mühüm töhfələr verəcəyi, qarşıdakı yarımçıq işlərin tamamlanması üçün birgə fəal siyasətin həyata keçiriləcəyi heç kimdə qəti şübhə doğurmur.
Bu dəfəki dövlət səfəri zamanı da Azərbaycan və Türkiyə prezidentləri mətbuata bəyanatlarla çıxış etdilər. Prezidentimiz cənab İlham Əliyev bəyanatında bildirdi ki, qardaş ölkədəki seçkilərdən sonra Türkiyə - Azərbaycan qardaşlıq əlaqələri qarşısında yeni imkanlar, yeni üfüqlər açılır. Əldə edilmiş bütün uğurların təməlində Türkiyə və Azərbaycan arasında olan qardaşlıq əlaqələri dayanır. Şuşa Bəyannaməsi nəticəsində Türkiyə və Azərbaycan rəsmən müttəfiq oldular. Bəyannamənin Şuşada imzalanması isə xüsusi rəmzi xarakter daşıyır. Çünki Şuşa Qarabağın tacıdır və Şuşanın işğaldan azad olunması İkinci Qarabağ müharibəsinə son nöqtəni qoymuşdur. Türkiyə və Azərbaycan bundan sonra da xarici siyasət sahəsində vahid mövqedən çıxış edəcəklər. Bölgənin inkişafı, sabitliyi və təhlükəsizliyi nöqteyi -nəzərindən Türkiyə - Azərbaycan birliyi amili çox önəmlidir. Bir çox vacib məqamlara da toxunan Dövlət Başçımız vurğuladı ki, bugünkü dünyada güc amili ön plana çıxır. Beynəlxalq hüquq çalışmır. Biz bunu 30 illik işğal dönəmində görmüşdük və aparılan müzakirələr, danışıqlar heç bir nəticəyə gətirib çıxarmadı, nəticəyə gətirib çıxaran bizim gücümüz oldu. Ticarət dövriyyəsinin sürətlə artdığını və artıq 6 milyard dollara yaxınlaşdığını və gələcəkdə daha da artacağını söyləyən Prezidentimiz vurğuladı ki, birgə həyata keçirəcəyimiz layihələr nəticəsində Azərbaycandan Türkiyəyə təbii qazın ixracı artmaqdadır, ildən - ilə artır və bu gün biz razılığa gəldik ki, bundan sonra da artacaqdır. İndiki geosiyasi şəraitdə Orta Dəhlizin önəmi də daha da artır. Azərbaycan ərazisindən, yəni, Xəzər dənizi ilə daşınan yüklərin həcmi ildən - ilə artmaqdadır və daha da artacaqdır. Ona görə Azərbaycanda nəqliyyat və logistika imkanları genişlənir. Bakı Dəniz Limanının imkanları 25 milyon tona qədər genişlənir. Dəmir yolu, gəmiqayırma zavodu və digər nəqliyyat infrastrukturu ən müasir səviyyəyə gətirilir. Zəngəzur dəhlizinin açılması da qaçılmazdır. Bu istiqamətdə birgə səylərin sayı artıracaqdır. Bu dəhlizin açılması bütün ölkələr üçün yeni imkanlar açacaq və bölgədə işbirliyi məsələlərinə də müsbət təsir göstərəcəkdir.
Qəti əminik ki, dünyanı heyrətə salan Azərbaycan - Türkiyə dostluğu , qardaşlığı və Prezidentlərimiz İlham Əliyevin, Rəcəb Tayyib Ərdoğanın birgə fəaliyyətləri nəticəsindədə tezliklə qarşıya qoyulan məqsədlərə çatılacaqdır. Bu məqsədlər sırasında ilk növbədə bölgədə daimi sülhə nail olmaq, xalqların birgə və rahat yaşamasını təmin etmək, Zəngəzur dəhlizini açmaq, Türk dünyasını daha sıx tellərlə birləşdirmək, Qarabağda aparılan bərpa - yenidənqurma işlərini tamamlamaq, regionun inkişafına, bütövlükdə dünyaya töhfə vermək kimi vacib və önəmli məsələlər durur.
Gövhər Rəhimova
YAP Qazax rayon təşkilatının veteranı
Bölməyə aid digər xəbərlər