Bu gün Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin 61 yaşı tamam olur.
İlham Heydər oğlu Əliyev 1961-ci il dekabrın 24-də Bakı şəhərində anadan olub.
1967-1977-ci illərdə Bakı şəhərində 6 saylı orta məktəbdə təhsil alıb.
1977-1982-ci illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda (MDBMİ) təhsil alıb. MDBMİ-ni bitirdikdən sonra, 1982-ci ildə həmin institutun aspiranturasına daxil olub.
1985-ci ildə dissertasiya müdafiə edərək tarix elmləri namizədi elmi dərəcəsini alıb və 1985-1990-cı illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun müəllimi olub.
1991-1994-cü illər ərzində özəl biznes sahəsində çalışıb və bir sıra istehsal-kommersiya müəssisələrinə rəhbərlik edib.
1994-cü ildən 2003-cü ilin avqust ayınadək Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin əvvəlcə vitse-prezidenti, sonra isə birinci vitse-prezidenti olub. Ümummilli lider Heydər Əliyevin neft strategiyasının həyata keçirilməsində fəal iştirak edib.
1995-ci və 2000-ci illərdə Azərbaycan Respublikasının Milli Məclisinə üzv seçilib.
1997-ci ildən Azərbaycan Milli Olimpiya Komitəsinin Prezidentidir.
1999-cu ildə Yeni Azərbaycan Partiyası sədrinin müavini, 2001-ci ildə sədrin birinci müavini, 2005-ci ildə isə partiyanın sədri seçilib.
2001-2003-cü illərdə Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan Respublikası Milli Məclisinin nümayəndə heyətinin rəhbəri olub. 2003-cü ilin yanvar ayında isə Avropa Şurası Parlament Assambleyası sədrinin müavini, AŞPA-nın Büro üzvü seçilib.
2003-cü il avqustun 4-də Milli Məclisdə təsdiq edildikdən sonra Azərbaycan Respublikasının Baş naziri təyin olunub. Bununla əlaqədar deputat səlahiyyətlərinə xitam verilib.
İlham Əliyev 2003-cü il oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti seçilib. Prezident seçkisində seçicilərin 76 faizindən çoxu İlham Əliyevin lehinə səs verib.
2004-cü ildə Avropa Şurası Parlament Assambleyasının fəxri üzvü diplomu və medalı ilə təltif edilib.
2008-ci il oktyabrın 15-də keçirilən seçkidə seçicilərin 88,73 faiz səsini qazanan İlham Əliyev ikinci dəfə Azərbaycan Respublikasının Prezidenti seçilib.
2013-cü il oktyabrın 9-da keçirilən seçkidə isə seçicilərin 84,54 faiz səsini qazanan İlham Əliyev növbəti dəfə Azərbaycan Respublikasının Prezidenti seçilib.
2018-ci il aprelin 11-də keçirilən seçkidə də İlham Əliyev seçicilərin 86,02 faiz səsini qazanaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçilib.
Azərbaycan, rus, ingilis, fransız və türk dillərini bilir.
Evlidir. Üç övladı, beş nəvəsi var.
İlham Əliyev Ali Baş Komandan kimi qalib sərkərdədir. Onun siyasi qətiyyəti, düzgün strategiyası nəticəsində Azərbaycan öz torpaqlarını işğaldan azad edib.
2020-ci ilin sentyabrın 27-dən noyabrın 10-dək düşmən təxribatlarına qarşı şanlı ordumuz Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğal altında olan torpaqlarımızın azad edilməsi uğrunda “Dəmir yumruq” əməliyyatını həyata keçirib.
İlham Əliyev bu gün qalib Ali Baş Komandan kimi çıxışlar edir və ölkəyə qarşı olan gücləri Azərbaycanla hesablaşmağa çağırır.
ATİA.AZ saytının kollektivi adından Prezident İlham Əliyevi doğum günü münasibətilə təbrik edir, ona fəaliyyətində uğurlar, möhkəm cansağlığı arzulayırıq!
Bölməyə aid digər xəbərlər