İslam dininə görə, qadınlar ictimai yerlərdə, ibadət yerlərində örtünməlidirlər. Bu, təkcə bizim dinimizdə deyil, xristianlıqda, yəhudilikdə, hətta buddizmdə də var. Ümumiyyətlə, ibadət ocağında diqqət çəkən, fikri yayındıran, fəsada səbəb olan geyim düzgün deyil, istər kişi olsun, istərsə də qadın. İbadət edən və şəriətə riayət edən qadınlar onsuz da məsciddə də, çöldə də başlarını və naməhrəm yerlərini örtürlər. Lakin ibadət etməyən, şəriətə riayət etməyən müsəlman qadınlar isə, təbiidir ki, örtünmürlər. Fəqət bu, onların öz işidir və dində məcburiyyət yoxdur. Ancaq məscidə, kilsəyə, sinaqoqa gedərkən, heç olmasa, ədəb-ərkana, ənənəyə, ürfə, dinə hörmət qoymaq lazımdır. Allahın dediyinə əməl etmirsənsə, onda Allahın evinə niyə gedirsən? Bəzən görürsən ki, qadınlar açıq-saçıq geyimdə, gödək ətəkdə məscidə gəlir və minbərin altından o tərəf-bu tərəfə keçirlər. Bu, düzgün deyil. Şərt deyil ki, çarşaba bürünsün, yaxud hicab bağlasın. Heç olmasa, öz milli adətimizə uyğun kəlağayı örtsün, uzun geyinsin. İnsanın toyda, bayırda gəzdiyi geyim ilə Allah evində geyindiyi geyim fərqlənməlidir. Necə ki, insanlar toya bir geyim, yasa başqa geyim, çimərliyə bir başqa geyim, iclasa, tədbirlərə fərqli geyimlər geyirlər, məscidə, ibadət evinə gedərkən də bunu düşünmək lazımdır. Abırlı geyim, heç olmasa, məscidə gedərkən nəzərə alınmalıdır. Şərt Allahın bizi hər yerdə görməsi deyil, ictimai baxışdır. İnsanlar qüsl alarkən çılpaq olanda da Allah onları görür... Onda hamı çılpaq gəzsin ki, onsuz da Allah hamını görür? Bu, doğru məntiq deyil. Bütün kilsələrdə qadınlar abırlı, başları örtülü ibadət edirlər. Məscidlərdə də belə olmalıdır. Məscidə gözəllik müsabiqəsinə yox, ibadət etməyə gedərlər...
Tural İrfan, ilahiyyatçı
Pravda.az
Bölməyə aid digər xəbərlər