Müasir cəmiyyət seks mövzularına münasibətdə getdikcə daha açıq hala gəlir, Amerika filmlərində isə əksinə, erotik səhnələrə əvvəlkindən daha az yer verilir. Hollivud yeni puritanizm dövrünə qədəm qoyurmu?
1944-cü ildə çəkilmiş “İkiqat sığorta” filmində ayaq biləkliyinin Barbara Stenvikin ətinə batması Fred Makmürreyi alovlandırır. “Əsaslandırılmış qəddarlıq” (2005) filmində ər-arvad Viqqo Mortensenlə Mariya Bello arasındakı dava evin pilləkələnlərində ehtiraslı və aqressiv sekslə nəticələnir. “9 ½ həftə” filmində isə (1985) Kim Bessincer və Mikki Rurk mətbəxin döşəməsində erotik oyun oynayırlar…
Bunlar insanlarda qəfil yaranan ehtirasın böyük ekrandakı təsvirinin bir neçə nümunəsidir. Kinematoqraf tarixində belə epizodlar çoxdur.
Ehtiraslı baxışlar və toxunuşlar, kənara atılmış çarşovlar və çılpaq bədənlər – real həyatda olduğu kimi, seksuallıq kinonun da ayrılmaz tərkib hissəsidir.
Filmlərdə erotika və seksi inkar etmək insan təbiətini olduğu kimi təsvir etməkdən imtina etmək deməkdir. Bəs nə üçün rejissorlar belə təsvirlərdən vaz keçməyə başlayıblar?
Ötən yay “Bendetta” filminin Kann festivalında nümayişindən bir gün əvvəl filmin yaradıcısı, veteran rejissor Paul Verhoeven “Variety” jurnalına müsahibə vermiş, nə üçün Hollivudda onun 1992-ci ildə çəkdiyi “Əsas instikt” kimi filmlərə artıq rast gəlinmir sualını belə cavablandırmışdı:
“Puritanlığa kütləvi bir meyl yaranıb. Məncə, ABŞ-da bununla bağlı böyük bir anlaşılmazlıq var. Seksuallıq təbiətin ən vacib hissəsidir. Kinodakı seksdən şok keçirənləri anlaya bilmirəm.”
Paul Verhoeven-in fikrincə, Hollivud getdikcə puritanlaşır (Şəkildə: rejissor “Bendetta” filminin nümayişinə həsr olunmuş fotosessiyada)
Hollivuddakı vəziyyəti yeni puritanizm adlandıran kino tənqidçiləri üçün Verhoeven sözləri bu qənaətin sübutudur.
Çünki bunları deyən elə-belə adam deyil, 1990-ci illərdə erotik triller janrının əsasını qoymuş rejissordur. Seks mövzusu onu bütün karyerası boyu maraqlandırıb: “Əsas instink”dəki sorğu-sual səhnəsindən tutmuş vulqarlığına görə sərt tənqid edilmiş “Striptiz” (1995) və cinsi münasibətlərdə zorakılıq və könüllülük mözvusuna toxunan “O qadın” (2017) filmiə qədər.
Verxoven film çəkməyə 70-ci illərin sonundan, vətəni Niderlanddan başlayıb; Hollivudda fəaliyyətə başlaması isə azadlıq ruhunun təzahürü və icazə sərhədlərini genişləndirilməsiylə müşayət olunub. O, hələ də özünə sadiqdir: builki Nyu-York kinfestivalına təqdim etdiyi “Bendetta” filmi XVII əsr rahibələrinin lesbiyan sevgisi haqqındadır. Katolik icması filmin nümayişinə etiraz edib.
Uzun sözün qısası, bu adam şəxs kino və seks barədə çox şey bilmir.
Statistika nə deyir?
Verxoven haqlıdırmı? Doğrudanmı, Hollivud aseksual və hətta frigid kinoya meyllənir?
Yazıçı Keyt Heygenin 2019-cu ildə apardığı araşdırmanın nəticələrinə görə, cavab çox qısadır: bəli.
Kinematoqrafa aid ən böyük məlumat bazası olan “Internet Movie Database”-yə istinad edən yazıçı deyir ki, bu gün kütləvi kinodakı erotik səhnələrin sayı son yarım əsrdə ən aşağı səviyyədədir.
“2010-cu ildən sonra çəkilmiş 148 012 tammetrajlı bədii filmin cəmi 1,21 faizində seks səhnələri var. Bu, 1960-cı illərdən sonrakı ən aşağı həddir. Erotik trillerlərin vüsət aldığı 1990-cı illərdə bu göstərici 1,79 faiz olub. 2010-cu ildə 90-cı ilərdən 4 dəfə çox film çəkildiyini nəzərə alsaq, 0,5 faiz azalma çox ciddi rəqəmdir” – Heygen belə yazır.
Əlbəttə, fransalı rejissor Leos Karakasın ingilis dilində çəkdiyi film – baş rolların ifaçıları Adam Drayverlə Marion Kotiyarın oral seks zamanı mahnı oxuduğu dəlisov “Annet” müziklı və ya bu il “Qızıl palma” mükafatına layiq görülmüş, gender dəyişkənliyi barədə zarafatlarına görə sensasiya yaratmış “Titan” kimi filmlər həmişə olacaq.
Yumşaq porno hara qeyb olub? Bəs erotik trillerlər? Bu spesifik janrları bir kənara qoysaq belə, az da olsa seks rayihəsiylə zənginləşdirilmiş romantik komediyalar, döyüş filmləri niyə yoxa çıxıb?
Həm kinematoqrafik, həm də sosial məzmunlu bir neçə səbəb sadalamaq olar.
Ən geniş yayılmış arqument budur ki, hazırda onlayn porno çox əlçatandır və arzu edənlər istədikləri hər şeyi internetdən tapa bilirlər.
Pol Verxoven bu fikirlə razı deyil.
“Mənim cavanlığımda da hər yer pornoqrafiyayla doluydu. Düşünmürəm ki, seksuallığın kinoda nümayişinə münasibətin dəyişməsi internetlə əlaqəlidir” – rejissor “Variety” jurnalına müsahibəsində belə deyib.
Yazıçı və kulturoloq, “Çətin qadınlar: 11 savaşda feminizm tarixi” kitabının müəllifi Helen Lüis hesab edir ki, böyük ekranda erotikaya münasibətin dəyişməsinin əsas səbəbi televiziyanın böyük sesksual aşkarlıq sənətinə çevrilməsidir:
“Yayım servisləri üçün hazırlanan proqramlarla müqayisədə kino çox solğun görünə bilər. “Abunə olursunuzsa, deməli, yetkinlik yaşındasız” prinsipinə keçən ilk qurum NBO (Amerikanın kabel və peyk televiziyası şəbəkəsi) oldu. Bu prinsip onlara “Böyük şəhərdə seks” və “İki” kimi şoular göstərmək fürsəti yaratdı”.
Deyəsən, “Netflix” də bu ərazini öyrənməyə çalışır və bunu kinostudiyalardan daha geniş çərçivədə edir. “Netflix”-in əsas hitlərindən biri köhnə İngiltərədən bəhs edən, açıq-saçıq zarafatlarından daha çox ehtiraslı seks səhnələrinə görə diqqət çəkən “Bricertonlar” serialı oldu.
Sonra bu istiqaməti ərli qadının seks fantaziyaları üzərində qurulmuş kiçik büdcəli, amma çox uğurlu “Seks/Həyat” serialı davam etdirdi.
Ancaq bütün bunlar kiçik ekranda baş verir, Hollivudun məhsullarında isə bir çoxlarının fikrincə, aseksuallıq hökm sürür.
Döyüş filmlərində, o cümlədən, superqəhramanlardan, Marvel və DC kainatlarından bəhs edən filmlərdə atletik, əzələli bədənlərə üstünlük verilməsini, erotikanınsa heç olmamasını yazıçı Reyçel Benedikt “Hamı gözəldir, amma heç kimdə seks ehtirası yoxdur” adlı məqaləsində belə izah edir: antik heykəlləri andıran bu personajlar allahın olmadığı yeni dini asketizimi təmsil edirlər; zövq axtarmaq zəiflik əlaməti hesab olunur; necə ki, “Qisasçılar” filmindəki Tor çox yeyib kökəlməklə düşmənə əlavə şans, komandasına isə təhlükə yaradır.
Gənc Stallone və Van Damın da əzələli bədənləri vardı, amma onlar həyatın sevinclərindən uzaq durmurdular, sanki oynaq səhnələrdə tamaşaçılara – qızlara və homoseksuallara dəvətkar bir şəkildə göz vururdular. Onların qəhrəmanlarını indikilərlə müqayisə edib fərqi görün.
Gözləntilərin dəyişməsi
Benedikt deyir ki, aseksuallıq estetikası tamaşaçı gözləntilərindəki dəyişikliklərə uyğundur. 1980-ci, 1990-cı illərin ailəvi baxış üçün nəzərdə tutulmuş filmləri belə indikilərdən daha erotik idi.
“”Terminator”da Con Konnor, “Yerdəyişmə”də Ceymi Li Kertisin açıq sinəsi, “Xəyalət ovçuları”nda fantomların oral seksi millenialları və Z nəslinin nümayəndələrini utandırır. Amma o vaxt biz belə şeylərə şok olmurduq. Bəli, kinoda seks var. Bəyəm başqa cür olması mümkündür ki?” – Benedikt belə yazır.
“Disney” və ailəvi əyləncələrə hədəflənmiş digər böyük korporasiyalar buna belə cavab verirlər: bəli, mümkündür!
Düstribütorların 90%-ni birləşdirən Britaniya Kinematoqrafçıları Assosiasiyasının rəhbəri Fil Klepp “Art Newspaper” nəşrinə bu yaxınlarda verdiyi müsahibədə bildirib ki, son on ildə kinoteatrlarda “15+” və “18” işarəli filmlərin nümayişi azalıb, “Çünki studiyalar gəlirlərini artırmaq üçün uşaqlı ailələrin maraqlarını daha çox nəzərə almağa başlayıblar”.
Kimlərəsə zorakılıq səhnələri də uyğunsuz görünə bilər, ancaq film bu səhnələr sayəsində dinamik və maraqlı olur. Müasir blokbaster sadələşdirilib – hazırda dolanbac süjet xəttinə, personajlar arasında düzxətli toqquşmalara və kompüter qrafikasına üstünlük verilir.
Süjetin inkişafı üçün seks vacib deyil; üstəlik, intim münasibətlər sürüşkən və riskli mövzudur, ona görə də istehsalçılar auditoriyanın böyük hissəsinin hisslərini “incitmək” istəmirlər.
Məşhur rejissor Pedro Almodovar “ssenari müəlliflərini ancaq super qəhrəmanlardan yazmağa məcbur edən daxili senzura faktlarıyla üzləşdiklərini deyir:
“Belə filmlər çoxdur, həddindən artıq çoxdur. Super qəhrəmanlar üçün seks anlayışı yoxdur, onlar, belə deyək, gender baxımından neytraldırlar”.
Hərçənd Marvel kainatından bəhs edən yeni “Ölümsüzlər” filminə bu franşizanın tarixində ilk dəfə qısa bir seks səhnəsi daxil edilib. O səhnəylə bağlı səs-küyü nəzərə alsaq, güman edə bilərik ki, bu, lazımi qrafaya aseksuallıq ittihamlarına cavab olaraq qoyulmuş bir işarədir.
Amma ekranda erotikanın çox olduğunu düşünənlər də var. “Tvitter”-də və onlayn forumlarda getdikcə daha tez-tez yazırlar ki, kinoda seksual səhnələrə ümumiyyətlə yer veriməməlidir.
Keyt Heygen deyir ki, bu fikirləri oxumaq həm əyləncəli, həm də yorucudur:
“2021-ci ilin filmlərində nəyin “həddindən artıq açıq-saçıq” göründüyünü anlamaq çətindir”.
Belə görünür ki, tamaşaçıların, daha çox da gənc tamaşaçıların bir qismi prinsip olaraq ekranda seksin əleyhinədirlər – həcmindən və formasından asılı olmayaraq. Sosial şəbəkələrdə sərgilənən biganəlik (bəzi hallarda istənilən erotik məzmuna qarşı aktif nifrət) kinostudiya rəhbərlərinin gözündən qaçmır.
Filmlərə seks səhnələri daxil etməyi çətinləşdirən digər məqamlarsa #MeToo hərəkatı və kino sənayesində seksual zorakılıq və sui-istifadə mövzusu oldu.
Ssenari müəllifləri və rejissorlar seksual obyektivləşdirmə (qadına cazibə predmeti kimi, daxili dünyasına maraq göstərmədən baxmaq) kimi qiymətləndiriləcək ən kiçik detaldan belə uzaq durmağa başlayıblar. Yataq səhnələri üzrə koordinator peşəsi yaranıb, sərt çərçivələr müəyyənləşib.
Ancaq bəzilər bunu yetərli hesab etmirlər, seksin ümumiyyətlə kinodan çıxarılmasını istəyirlər. Seks mövzusuna çox ciddi münasibət yaranıb: bu haqda zarafat etmək, “qeyri-korrekt” ifadələr işlətmək pis hərəkət hesab olunur. Heç kim sosial şəbəkələrdə tənqid atəşinə tuş əlmək istəmir.
“Washington Post” qəzetinin kino tənqidçisi Enn Hornedey qeyd edir ki, milleniallar və Z nəslinin nümayəndələri nəinki kinoda, gerçək həyatda da sekslə az maraqlanırlar.
Hornedey 2019-cu ildı yazdığı məqalədə balansı qorumağı təklif edib:
“Kişilərin seksual fantaziyaları ətrafında fırlanan, son 100 ildə kişi rejissorların kult halına gətirdiyi yarı pornoqrafiyanın ölümünə təəssüflənmək lazım deyil. Amma, doğrundanmı, yeganə alternativ seksdən tam imtinadır? Çoxları hesab edir ki, “Disney”- “Marvel” kompleksinin gənc rejissorlarından gələn yeni mənəviyyat arzulanan səviyyədə olmasa belə, nisbətən normal variantdır”.
Helen Lüis deyir ki, kinematoqrafın hələ qət etməli olduğu yolu televiziya artıq keçib: isti kartofu ovcun içində necə saxlamaq lazım gəldiyini öyrənib.
“BBC-nin “Mən səni məhv edə bilərəm” serialında kompüter texnologiyları vasitsilə çəkilmiş seks səhnələri var. Onlar köhnə dəbdə olduğu kimi “həyəcanverici” deyillər; həmin səhnələrdəki seks meydan oxuyan, cəsarətli və narahatdır. Düşünürəm ki, kinematoqraf konkret olaraq bunu müzakirə etməlidir: seksual səhnə nəyə lazımdır, kimlərə hesablanıb?”
Son dövrlərin müzakirələri qadının seksual istəklərinin ekranda göstərilməsi istiqamətində müsbət irəliləyişlərə səbəb olub.
Qadın seksuallığının, qadınların seksdən aldıqları həzzin kino və televiziya məhsullarında nə dərəcədə gerçək təsvir olduğunu analiz edən “The Clit Test” saytının yaradıcısı Frensis Rayner deyir ki, “Erotik səhnələrin böyük əksəriyyəti hələ də kişi mövqeyindən çəkilsə də, kunnilinqus və mastrubasiya kimi qadın həzlərinin diqqət mərkəzində olduğu səhnələrin sayı artmaqdadır. Əvvəllər bu, ümumiyyətlə yox idi”.
Kino hisslərdən imtina edir?
Seksual səhnələrin forma və məzmuna görə daha proqressiv hala gəlməsi üçün onların filmlərdə olması lazımdır.
Doğrudanmı, Amerika kinosu mövcudluğunun ikinci əsrində heç vaxt olmadığı qədər puritanlığa yuvarlanıb? Həm də cəmiyyət əvvəlkindən daha azad və daha açıq ikən?
Keyt Heygenin statistik araşdırması bunu sanki təsdiqləyir, amma həmin araşdırmada ancaq açıq seks səhnələri nəzərə alınıb. Hisslərin örtülü təzahürləri – təsnifləndirilməsi və hesablanması çətin olan səhnələr kənarda qalıb.
Kino sənəti cinsi istəyi və seksual cazibəni müxtəlif eyhamlarla – məsələn, qadının şəftəlini dişləmək tərzində və ya parlaq rəngli ipək paltarın yerə necə sürüşməsində göstərmək qabiliyyətinə malikdir.
Təxminlər məsələsi kinoda molekulyar səviyyədədir. İnsan ağlı təhtəlşüurda assosiasiyaları sıralayaraq bir obrazdan digərinə çapır. Cinsi eyhamların təsviri Amerika kinosunun yaxşı bacardığı işdir.
Heysin Etik Kodeksinin qəbul olunduğu 1932-ci ildən 1950-ci illərin sonuna qədər Hollivudda senzura mövcud olub. Kodeks filmlərdə nikahsız seksi və hətta ər-arvad arasındakı intim münasibətləri, hamiləliyi bilinən qadınları, müxtəlif irqlərə aid insanlar arasında cinsi əlaqəni və homoseksualizmi qadağan edirdi.
Amma bütün bunlar rejissorlara öz fikirlərini eyhamlar və metaforlar vasitəsilə deməyə mane olmurdu – məsələn, rejissor Jak Turnyorun 1942-ci ildə çəkdiyi, qadın seksuallığının “fışqırdığı” klassik qorxu filmi “İnsan-pişiklər”dəki kimi.
1960-1970-ci illərin seksaul inqilabına qədər Hollivudda bizim bu gün erotik səhnə dediyimiz görüntülər, yəni çılpaq bədənlər çəkilməyib.
Kino tarixi göstərir ki, seksual istəyi təsvir etmək üçün birmənalı səhnələrin olması vacib deyil.
1930-40-cı illərin məşhur rejissoru, o illərdə son dərəcədə cəsarətli görünən “Üç ürəyin serenadası” və “Ninoçka” filmlərinin yaradıcısı Ernst Lyubiçin dediyi kimi, “Tamaşaçıya sayğı göstərsəniz, imkan versəniz ki, ikinin üstünə iki gəlsin, sizi əbədi sevəcək”.
Amma açıq-saçıq sekslə birlikdə Amerika kinosundan hisslərin də yoxa çıxacağını düşünənlər var – bu dəfə iqtisadi səbəblərə görə. Çünki böyük pulları xüsusi effektlərlə çəkilmiş döyüş filmləri qazandırır. “Hollywood Reporter” jurnalının şərhçisi Stiven Helloueyin dediyi kimi, “Artıq Hollivud seksli və ya sekssiz, orta büdcəli xarakterik dramlar yaratmır”.
Romantik dram və romantik komediya janrları da, tamaşaçılar üçün artıq əsas maqnit rolunu oynamayan kinoulduz fenomeni də yoxa çıxır.
Hollivud bu gün yol ayrıcındadır. Ümid var ki, orda seksizm və homofobiyayla bağlı əvvəlki səhvlərdən nəticə çıxarıb seksi və seksuallığı daha həssas şəkildə çəkməyi öyrənəcəklər.
Kinoda seks göstərmək lazım deyil, çünki buna ehtiyac yoxdur deyənlərə isə belə cavab vermək olar: bunu həyatımızdakı xoş şeylərin əksəriyyətinə aid etmək mümkündür.
BBC Azərbaycan
Bölməyə aid digər xəbərlər