Son vaxtlar fəaliyyətində ciddi nöqsanların olduğu hesab edilən qurumlardan biri də İcbari Sığorta Bürosudur.
İcbari Sığorta Bürosu “dostlar bürosu”na çevriləndə...
Büro 2011-ci ildə Hüquqi Şəxslərin İttifaqı kimi yaradılıb. Yaradılmasındakı başlıca məqsəd isə ölkənin sığorta bazarının vahid informasiya sisteminin qurulması və bazarın inkişafı yönündə əsaslı tədbirlərin görülməsidir.
Büroya 2018-ci ildə icraçı direktor təyin olunan Rəşad Əhmədov çıxışlarında bir neçə dəfə vurğulayıb ki, rəhbərlik etdiyi qurum müxtəlif təşkilatlarla inteqrasiya edəcək, icbari sığorta bazarı tamamilə elektronlaşdırılacaq. Lakin bir balaca araşdırma apardıqda məlum olur ki, R.Əhmədov qurumun Himayəçilər Şurası tərəfindən verilən qərarları belə yerinə yetirməyib.
Məsələn, mütəxəssislər 2019-cu ilin birinci yarısından külli miqdarda vəsait hesabına istismara verilən İstehsalatda Bədbəxt Hadisələr üzrə layihənin tamamilə effektsiz olduğunu düşünürlər. 2020-ci ilin birinci yarısında təhvil verilən vahid informasiya sistemi istismara buraxıldıqdan sonra isə 5 icbari sığorta növünün hamısı elektronlaşdırılmali idi. Lakin bu iş də nəticəsiz qalıb. Yeni sistem uğur qazandırmaq bir yana, heç əvvəlki illərdə göstərilən performansı da təkrarlaya bilməyib. İddialara görə, bu uğursuzluğun əsas səbəbi direktorun işi mütəxəssislər yerinə, öz köhnə dost-tanışına həvalə etməsidir.
İddialar arasında İcbari Sığorta Bürosunun vəsaitlərindən gərəksiz xərcləmələrin olduğu da yer alır.
Açıq görünən hərrac oyunları, mənimsənilən milyonlar
R.Əhmədovun fəaliyyətinə nəzər salanda diqqətçəkən məqamlardan biri də “Standard İnsurance” sığorta şirkətinin ləğvi və əmlakının hərraca çıxarılması prosesidir. Şirkətin ləğv edicisi R.Əhmədovdur.
Direktor bütün hərrac məsələlərini Bakı Hərrac Mərkəzi vasitəsilə həll edir. Hazırda da bu Mərkəzin rəsmi saytında İcbari Sığorta Bürosunun sifarişçisi olduğu bir neçə avtomobil satışa çıxarılıb. Elanlarda (http://www.bakuauksion.com/auctions/elanlar/lot-011-20-3-ni-va-vaz21214-90-pv-348, http://www.bakuauksion.com/auctions/elanlar/lot-010-20-3-hundai-accent-10-pj-964, http://bakuauksion.az/auctions/elanlar/lot-013-20-3-toyota-camry-90-pu-799)
Sifarişçi qismində İcbari Sığorta Bürosunun qeyd edilməsi haqlı şübhələrə yol açır, çünki Büronun belə avtomobilləri yoxdur.
Problem tam aydın görünsün deyə, “Standard İnsurance” sığorta şirkətinin ləğvi prosesinə nəzər salaq. Ləğvetmə prosesi 21 may 2020-ci il tarixində şirkətin ödəmə qabiliyyətinin olmamasına görə başlayıb. Ləğvetmə komissiyasına sədrliyi isə R.Əhmədov fərdi şəkildə öz öhdəsinə götürüb. “İcbari sığortar haqqında” qanuna əsasən, sığortaçı müvafiq icbari sığorta müqavilələri üzrə sağlamlığa və (və ya) əmlaka dəyən zərərlə bağlı öhdəliklərini ödəmə qabiliyyətinin olmamasına görə yerinə yetirə bilmədikdə əmlaka və sağlamlığa dəyən zərərə görə Qanunda və “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sığorta ödənişlərinin həyata keçirilməsi İcbari Sığorta Bürosuna həvalə edilir. Ancaq “Standard Insurance” Sığorta Şirkətinin timsalında ləğv edilən qurumda qərarverici şəxslə bütün ödənişləri həyata keçirməyə məsul olan İcbari Sığorta Bürosu əslində, eyni şəxs, yəni R.Əhmədovdur. Başqa sözlə, kompensasiyaların ödənilməsi zamanı qərar verənlə vəsaiti ödəyən adam eynidir, yəni maraqlı tərəfdir. Direktorun iki öhdəliyi birdən öz üzərinə götürməsi isə haqlı suallara və şübhələrə yol açır.
Yenidən gələk hərrac mərkəzinin verdiyi elanlara. Elanlardan da göründüyü kimi, əmlakın mülkiyyətçisi ləğv prosesində olan “Standard Insurance” şirkəti, sifarişçisi isə İcbari Sığorta Bürosudur. Halbuki bu, qeyri-qanunidir. Hər iki qurumun rəhbərinin R.Əhmədov olması belə ona bu müstəsna imkanı verməməlidir. Hərrac addımı olaraq isə konkret 500 manat göstərilib. Lakin yüksək dəyəri olmayan əmlaklarda bu cür yüksək hərrac addımının təyin edilməsi hərrac məntiqinə ziddir. Bu da belə bir düşüncənin yaranmasına əsas verir ki, yüksək məbləğ iştirakçıların iştirak imkanlarının məqsədli şəkildə məhdudlaşdırılmasına, iştirakdan imtina etməsinə hesablanıb.
Elanda satışa çıxarılan əmlakın hansı qiymətləndirmə şirkəti tərəfindən hansı kriteriyalar çərçivəsində qiymətləndirilməsinə dair isə heç bir məlumat yoxdur. Belə çıxır ki, bu da R.Əhmədovun şəxsi təşəbbüsünə buraxılıb.
istinad: "BakuPost"
Bölməyə aid digər xəbərlər