Silahlı Qüvvələrimizin Müzəffər Ali Baş Komandanı, Möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının sərkərdəlik məharəti, müdrik və qəhrəman xalqımızın əzmi, iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq - iqtidar birliyi 2020-ci ildə ölkəmizin möhtəşəm qələbəsini təmin edən mühüm amillər oldu. Ulu əcdadlarımızın zəngin dövlətçilik və hərb tarixindən ilhamlanan Azərbaycan xalqı daha bir şanlı qəhrəmanlıq salnaməsi yazaraq, özünün qalib xalq olduğunu bütün dünyaya sübut etdi və düşmən üzərində tarixi qələbə qazandı. Azərbaycanın hərbi sahədə qazandığı qələbələr, xüsusilə Şuşanın düşmən əsarətindən qurtarılması müharibənin taleyində həlledici rol oynadı, Ermənistanın öz məğlubiyyətini etiraf etməsi kapitulyasiyası ilə nəticələndi, Ermənistanı Kəlbəcər, Ağdam və Laçın rayonlarını Azərbaycana qaytarmağa məcbur etdi.
Tarixi Zəfərdən sonrakı hər bir gün demək olar ki, həyatımıza unudulmaz anlar kimi yazılır. 2024-cü ilin 10 may tarixi də belə yaddaqalan günlərdən biri oldu. Həmin gün Möhtərəm Prezident İlham Əliyev cənabları Şuşada şəhərə köçmüş ilk sakinlərlə görüşdü və bu, şuşalıların həyatına unudulmaz anlar kimi yazıldı.
Burada tarixi hadisədən söz açan ölkə başçısı bildirdi ki, otuz iki ildən sonra şuşalılar doğma Şuşaya qayıtdılar. Bu gün bizim qürur mənbəyimiz olan Şuşanı və o vaxt işğal altında olan digər torpaqları öz canı-qanı bahasına azad edən gənc nəslin nümayəndələri olub. Savadlı, bilikli, vətənpərvər, fiziki cəhətdən güclü, mənəvi cəhətdən sağlam, saf gənc nəsil yetişdirdik və onlar 44 gün ərzində öz sinələrini qabağa verərək torpaqları azad etdilər. Azərbaycan xalqı elə bir qəhrəmanlıq, elə bir fədakarlıq göstərmişdir ki, bu gün bütün dünyada Azərbaycan oğulları haqqında danışırlar və bizim xalqımıza hörmət edirlər. Çünki biz öz haqqımızı danışıqlar yolu ilə yox, kiminsə güzəşti hesabına yox, döyüş meydanında bərpa etdik, şəhərlərimizi, kəndlərimizi azad etdik, qan tökdük, şəhidlər verdik. Bütün Azərbaycan xalqı 44 gün ərzində bir yumruq kimi birləşmişdi.
Ölkə rəhbəri bildirdi ki, Şuşanın dirçəldilməsi geniş vüsət alıb. Hər şey çox müfəssəl və dəqiq, ən müasir şəhərsalma qaydalarına uyğun planlar əsasında qurulur. Bu bərpa-yenidənqurma işlərinə dünyanın aparıcı şirkətləri cəlb olunub. Həm Şuşada, həm də artıq inşa edilmiş digər qəsəbə və şəhərlərdə məşğulluq məsələləri də həll olunur, treninqlər keçirilir, buraya qayıdacaq insanların işlə təmin olunması məsələlərinə də çox diqqətlə baxılır və bu işlər öz həllini tapır.
Qarabağ və Şərqi Zəngəzur bölgələri nəinki Azərbaycanın, Qafqazın, dünyanın ən gözəl yerlərindən biri olacaq. Buranın təbiəti, gözəl mənzərələri, yaşıllıqlar, bulaqlar müasir və eyni zamanda, ənənəvi üslubda inşa edilən binalarla tamamlanır. Elə bir gözəl şəhər yaradılır ki, hər bir azərbaycanlı bununla fəxr edəcək.
Ölkə başçısının söylədiyi kimi, Ulu Öndərin fəaliyyəti nəticəsində biz inkişaf yoluna qədəm qoyduq. Ona qədər ölkədə hakimiyyətsizlik, özbaşınalıq, xaos hökm sürürdü. Şuşanı müdafiə etməyə söz verən, əks təqdirdə öz başına güllə çaxmağa söz verən o ünsür görəsən indi hansı hisslər yaşayır? Əminəm ki, bu günə sevinmir.
Hakimiyyətə can atan AXC-Müsavat cütlüyünün tör-töküntüləri, onların böyük əksəriyyətiZəfərimizə sevinməyiblər. Bizim Qələbəmizə bu günə qədər kölgə salmağa çalışırlar, ermənilərlə əlbir olub Zəfərimizi aşağılamaq, ona kölgə salmağa çalışırlar. Məhz onların hakimiyyətə can atmaları dövründə və ovaxtkı hakimiyyətin satqın, qorxaq olması səbəbindən Şuşa işğal altına düşdü. Şuşa yiyəsiz qalmışdı və Şuşanın düşmənə təhvil verilməsi Xalq Cəbhəsinə hakimiyyətə gəlmək üçün yol açdı.
Azərbaycan xalqının böyüklüyü bir daha 1993-cü ildə özünü göstərdi. Xalq Ulu Öndərə müraciət edib onu hakimiyyətə dəvət etdi. Çünki Azərbaycan xalqı bilirdi ki, o bəladan onu ancaq Heydər Əliyev qurtara bilər.
Obyektiv amildən söz açan dövlət başçısı bildirdi ki, 1994-cü ildə əldə edilmiş atəşkəs məcburi bir addım idi. Qələbələrimizin davamından danışan ölkə başçısı onu da bildirdi ki, bu gün Qazaxın 1990-cı və 1992-ci illərdə işğal edilmiş torpaqları bir güllə atılmadan bizə qaytarılır. Delimitasiya, demarkasiya bizim şərtlərimiz əsasında həyata keçirilir və bu, bizim növbəti zəfərimizdir.
Ölkə rəhbərinin səsləndirdiyi kimi, biz heç vaxt müharibə istəməmişik, bu gün də istəmirik. Bizə müharibə lazım deyil, bizə torpaqlarımız lazım idi. Minsk Qrupunun 28 ildəki fəaliyyəti Azərbaycan xalqına qarşı yönəldilmişdir. Onların yalançı vədləri və fəaliyyətsizliyi təsadüfi deyildi. Onlar məsələni həll etmək istəmirdilər. Onlar bu torpaqları ermənilərə vəd vermişdilər. Necə ki, sovet dövründə ermənipərəst Qorbaçov və ondan sonra Yeltsin bu torpaqları ermənilərə vəd vermişdilər və Fransa da, Amerika da, həmçinin.
Dövlət başçısı bir daha vurğuladı ki, Fransa və Amerika bilməlidirlər ki, bizim iradəmizdən kənar bu bölgədə heç bir məsələ həll olunası deyil. Hansısa səfirin Şuşaya gəlməsi bizə minnət kimi təqdim edilməməlidir. Gəlir gəlsin, gəlmir, heç lazım da deyil. Guya onların gəlib-gəlməməsi ilə nəsə dəyişir, heç nə dəyişmir. Bizim siyasətimiz beynəlxalq hüquqa və ədalətə əsaslanır. Ermənistanda revanşistlər baş qaldırır, Fransa Ermənistana öldürücü silahlar verir, o silahların kritik həddə çatmasını görsək, onda bizdən heç kim inciməsin. Heç kim bizim qabağımızda dura bilməz. Heç kim bizə heç nə diktə edə bilməz və bizim daxili işlərimizə müdaxilə edə bilməz. Nəyi lazım biliriksə, onu da edəcəyik.
Bəli, Möhtərəm Prezidentimizin rəhbərliyi altında tarixi zəfərlə bitən Vətən müharibəsindən sonra bölgədə yeni reallıqlar yaranmış, əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulan müstəqil, qüdrətli Azərbaycan dövləti daha da güclənmiş, regionda söz sahibinə çevrilmişdir. 44 günlük Vətən müharibəsi günlərində olduğu kimi tarixi zəfərdən sonra keçən dövr ərzində də xalqımız Prezidentimizin sayəsində tarixi anların, günlərin şahidi olmaqdadır. Dövlət başçımızın rəhbərliyilə Qarabağda başlayan misilsiz bərpa və quruculuq işləri bu gün hər bir azərbaycanlının qəlbini fərəh və qürur hissi ilə doldurur. Qazanılan diplomatik qələbələr, azad edilmiş ərazilərdə keçirilən tədbirlər ölkəmizin gücünün və qüdrətinin əyani sübutudur.
Aynurə Abbasova
YAP Qazax rayon təşkilatı ərazi partiya təşkilatının sədri
Bölməyə aid digər xəbərlər