Azərbaycanın həyatında 24 iyun 1993-cü il tarixinin öz yeri, rolu vardır. Həmin gün parlamentin keçirilən iclasında Prezident səlahiyyətlərinin Azərbaycan Respublikası Ali Sovetinin Sədri Heydər Əliyevə verilməsi barədə qərar qəbul edildi. Ümumilikdə tarixə Milli Qurtuluş Günü kimi daxil edilən 15 İyun 1993-cü ildən başlanan yol Azərbaycanın bugünkü və gələcək inkişafının əsası oldu. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyev Azərbaycan tarixinin yetirdiyi ən böyük şəxsiyyətlərdən biridir. Dünyanın qabaqcıl dövlətlərinin təcrübəsində uğurla sınaqdan çıxmış müsbət inkişaf modellərinin potensialına müraciət edərək, Ulu Öndər onların Azərbaycan reallıqlarına uyğunlaşdırılmasına müvəffəq olmuşdur. Xalqın ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəlişi Ulu Öndərin adı ilə bağlıdır. Ümummilli Lider rəhbərlik etdiyi dövr ərzində Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxara bilmiş, ölkənin gələcək inkişaf strategiyasını müəyyən etmiş və onun həyata keçirilməsi üçün mühüm addımlar atmışdır. Qısa müddətdə ölkəyə investisiya axınını stimullaşdıran müasir innovativ inkişaf modelinin gerçəkləşdirilməsinə nail olmuşdur. Ümummilli Liderin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində bütün sahələrdə təcrübəsi ilə nümunə olan Azərbaycan son 20 ildə Prezident İlham Əliyevin təkmil islahatları nəticəsində ən yüksək zirvələri fəth edir, qalibiyyətə imza atdı. Tarixi Zəfərimiz fonunda son üç ldə hər bir tarixi günü, bayramlarımızı xoş ovqatda, soydaşlarımızın öz dogma yurd-yuvalarına qayıdış sevinci əsasında qeyd edirik. Artıq 30 illik işğala son qoyulmuş, Azərbaycan qalib ölkə kimi atdığı addımları ilə dünyanın diqqətindədir.
Ümummilli Lider Heydər Əliyevin 22 may 1998-ci il tarixli Fərmanına əsasən, Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün – 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan olundu və hər il bu tarix rəsmi dövlət bayramı kimi qeyd edilir. Bu mühüm məqamı xüsusi qeyd etməliyik ki, Ümummilli Liderin hakimiyyətə qayıdışından sonra ordumuzda və xalqımızda Qələbəyə qəti inam yarandı. Dahi şəxsiyyətin çağırışı ilə genişmiqyaslı səfərbərlik keçirildi, hərbi hissələr tam komplektləşdirildi. Nizami ordu yaradıldı, əsgər və zabitlərimizin döyüş ruhu gücləndirildi. Ordumuz Ulu Öndər Heydər Əliyevin tapşırığı ilə uğurlu hücum əməliyyatları keçirərək düşmənə sarsıdıcı zərbələr endirdi. Azərbaycan Ordusunun ilk sınağı 1994-cü ilin yanvarında oldu. Belə ki, yanvarın 5-dən 6-na keçən gecə Füzuli rayonunun 20 kəndi, Horadiz qəsəbəsi və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi işğaldan azad edildi. Ordu quruculuğu işi Ümummilli Liderin fəaliyyətinin əsasını təşkil edirdi. Hələ sovet dövründə Cəmşid Naxçıvanski adına hərbi məktəbin yaradılması məhz bu məqsədi güdürdü ki, Azərbaycanda peşəkar zabit təbəqəsi yaransın.
Müstəqil Azərbaycanda ordu quruculuğu prosesi Prezident İlham Əliyevin hakimiyyəti dövründə keyfiyyətcə yeni mərhələyə qədəm qoydu. Ulu Öndərin ordu quruculuğu siyasətini uğurla davam etdirən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı sayəsində hərbçilərin peşəkarlığının artırılması, şəxsi heyətin döyüş ruhunun və mənəvi-psixoloji hazırlığının yüksəldilməsi, Silahlı Qüvvələrimizin ən müasir silah və texnika ilə təchizatı istiqamətdə davamlı addımlar atıldı. Bu ali diqqət və qayğı nəticəsində Azərbaycan Silahlı Qüvvələri qısa müddətdə regionun ən qüdrətli ordusuna çevrildi. Bu gün böyük fəxr hissi ilə qeyd edirik ki, Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasında qərarlaşıb.
Dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə güclü dövlət quruculuğu strategiyasının uğurla reallaşdırılması, güclü iqtisadi potensialın və böyük maliyyə imkanlarının yaradılması müasir ordu quruculuğu və hərbi məsələlərin yüksək səviyyədə həll edilməsinə imkan yaratdı. Bu məqsədlə hər il dövlət büdcəsində müdafiə xərclərinə böyük vəsait ayrılır, ölkənin müdafiə sənayesi yaradıldı, hərbi sahədə əməkdaşlıq əlaqələrimiz genişlənir.
Rəşadətli Ordumuz öz gücünü 2016-cı ilin Aprel döyüşlərində bir daha göstərdi. Uğurlu əks-hücum əməliyyatı nəticəsində Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğal altındakı ərazilərinin 2000 hektardan çox hissəsi azad edildi. Azərbaycan Ordusu daha bir uğurunu 2018-ci ilin mayında Günnüt zəfəri ilə qazandı. Naxçıvan Muxtar Respublikasının 11 min hektardan çox ərazisi və Şərur rayonunun Günnüt kəndi düşməndən azad edilərək dövlət sərhədi boyunca əlverişli mövqelər Azərbaycanın nəzarəti altına keçdi. Tarixi Zəfərimizlə başa çatan 44 günlük İkinci Qarabağ müharibəsi bir daha şanlı Ordumuzun gücünün, qüdrətinin təqdimatı oldu. Təsadüfi deyil ki, XXI əsrin müharibəsini aparan Azərbaycan Ordusunun döyüş əməliyyatları, xüsusən Şuşa əməliyyatı bu gün dünyanın qabaqcıl hərbi məktəblərində öyrənilir.
Azərbaycan Silahlı Qüvvələri Gününə təsadüf edən mərasimdə, iyunun 23-də Müdafiə Nazirliyinin komando hərbi hissələrinin birində yaradılan şəraitlə tanış olub, hərbi hissəyə Döyüş bayrağının təqdim olunması mərasimində çıxışı zamanı “İkinci Qarabağ müharibəsindən sonra ordu quruculuğu prosesi daha geniş vüsət almışdır. Təbii ki, işğal dövründə ordu quruculuğu bizim üçün bir nömrəli vəzifə idi və Ordumuzun, bütün Silahlı Qüvvələrimizin torpaqlarımızın azad olunması üçün hazırlıq işlərinə xüsusi önəm verilirdi və biz buna nail olduq. Vətən müharibəsi Azərbaycan dövlətinin tam Zəfəri ilə yekunlaşmışdır” söyləyən Müzəffər Ali Baş Komandan İlham Əliyev onu da əlavə etdi ki, Silahlı Qüvvələrimizi vahid proqram əsasında inkişaf etdiririk və yaxın gələcəkdə Ordumuz yeni, yüksək səviyyəyə qalxacaq. Bu gün Azərbaycan Ordusu daha da güclüdür. Bundan sonra da Ordumuzun gücləndirilməsi üçün bütün lazımi tədbirlər görüləcək.
Anar Nəbiyev
YAP Qazax rayon təşkilatının sədri
Bölməyə aid digər xəbərlər