Düz 30 il bundan əvvəl - 1993-cü ilin may-iyun aylarında ölkəmiz özünün ən çətin, ən ağır dövrlərini yaşayırdı.Xaosun, özbaşnalığın və parçalanmanın nəticəsi olaraq ölkəmiz vətəndaş müharibəsi və müstəqilliyini itirilmək təhlükəsi ilə üz-üzə qalmışdı.
Belə bir zamanda Azərbaycan xalqı təkidlə Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbini irəli sürürdü. Vəziyyətin günü-gündən daha da gərginləşməsi ilə üz-üzə qalan ölkənin o dövrdəki rəhbərliyi də Dahi siyasətçini Bakıya dəvət etməyə məcbur oldu. 1993-cü ilin 15 iyun tarixində Heydər Əliyev xalqın tələbi ilə Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi.Ulu Öndər Ali Sovetin sədri kimi ilk çıxışında belə demişdir: “Mənə bu gün böyük etimad göstərdiyinə görə Milli Məclisin üzvlərinə, Azərbaycanın Ali Sovetinə minnətdarlığımı bildirirəm və sizi əmin edirəm ki, bütün imkanlardan istifadə edib bu böyük vəzifəni, ağır bir yükü aparmağa çalışacağam və bu vəzifənin ləyaqətlə yerinə yetirilməsinə səy edəcəyəm. Bildirmək istəyirəm ki, Azərbaycan Respublikasının bugünkü ağır, mürəkkəb və gərgin vəziyyətini tam məsuliyyətlə dərk edirəm. Bu vəzifəni üzərimə götürərək öz məsuliyyətimi anlayıram və bunların hamısını rəhbər tutaraq əlimdən gələni edəcəyəm. Mən burada böyük bir nitq söyləmək niyyətində deyiləm. Yalnız bir neçə kəlmə mütləq deməliyəm. Ali Sovetin sədri kimi Azərbaycan xalqının tarixi nailiyyəti olan Azərbaycan Respublikasının dövlət müstəqilliyini qorumağı, möhkəmləndirməyi, inkişaf etdirməyi özüm üçün ən əsas vəzifələrdən biri hesab edirəm.”
Ulu Öndər Heydər Əliyev Ali Sovetin sədri seçildiyi ilk gündən etibarən ənənələrinə sadiq qalaraq idarəçilikdə aşkarlıq prinsipinə üstünlük verdi. Milli Məclisin iclasları, mətbuat konfransları, respublika əhəmiyyətli müşavirələr birbaşa yayımla televiziya ekranlarına verilməyə başlanıldı. Beləcə ölkədəki vəziyyət olduğu kimi xalqa çatdırıldı. İctimai-siyasi həyatdakı gərginliyin aradan qaldırılması üçün lazımi tədbirlər görülməyə başlandı. .
Parlamentin 24 iyun tarixli iclasında Milli Məclis Prezident səlahiyyətlərinin Ali Sovetin sədri Heydər Əlirza oğlu Əliyevə verilməsi barədə qərar qəbul etdi. Bu isə bütün hadisələrin dövlətin nəzarəti altına götürülməsi, xalqın iradəsinə tabe edilməsi demək idi. Ulu Öndərin həmçinin 1993-cü il iyunun 15-dən oktyabrın 3-dək Ali Sovetə rəhbərlik etdiyi dövrlərdə parlament ənənələri sanki bir yeni nəfəs, yeni qüvvə aldı, canlandı, zamanın tələblərinə uyğun olaraq taleyüklü yeni qərarlar qəbul olundu.
Bu bir həqiqətdir ki, xalqın istəyi ilə ikinci dəfə hakimiyyətə gələn Heydər Əliyev müstəqil Azərbaycanın, o cümlədən azad bazar münasibətlərinə əsaslanan milli iqtisadiyyatın formalaşdırılmasının banisi oldu. Azərbaycan qısa zaman kəsiyində iqtisadi sahədə böyük uğurlara imza atdı, ölkənin ictimai-siyasi, sosial-iqtisadi həyatında və eləcə də cəmiyyətin hər bir sahəsində köklü şəkildə dönüş yarandı. İqtisadiyyatın bərpa və inkişafı üçün yaxın dövrləri əhatə edən tədbirlərlə yanaşı, strateji proqramlar və layihələrin işlənib hazırlanmasına və reallaşmasına başlanıldı. 1994-cü ilin sentyabrında böyük təzyiqlərə baxmayaraq, “Əsrin müqaviləsi”nin imzalanmasına nail olunması yüksək siyasi iradənin və qətiyyətin təntənəsi idi. 1994-cü il sentyabrın 20-də dünyanın 8 ölkəsini təmsil edən 11 transmilli neft şirkəti ilə "Əsrin müqaviləsi"nin imzalanması və icrasına başlanması ilə Azərbaycanın dünya iqtisadi sisteminə inteqrasiyasının və ölkənin enerji təhlükəsizliyinin möhkəm təməli qoyuldu. Milli Liderin uzaqgörən siyasəti nəticəsində ərsəyə gələn bu anlaşma Azərbaycanın siyasi-iqtisadi müstəqilliyinin qorunub saxlanmasında xüsusi rola malik olmaqla yanaşı, uzunmüddətli dövrdə ölkənin valyuta ehtyatlarının formalaşmasına da bu gün də böyük töhfə verməkdədir. Məhz, "Əsrin müqaviləsi" imzalanandan sonra ölkədə aparılan islahatlar, qanunvericiliyin, vergi və bank sisteminin sürətlə dəyişən iqtisadi şəraitə uyğunlaşdırılması, yeni iqtisadi münasibətlərə cavab verməsi 1994-cü ildə artıq iqtisadi tənəzzülün qarşısını almağa, sabitliyin əldə edilməsinə gətirib çıxardı.
Bəli, Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin möhkəm təməlini, bünövrəsini quraraq ölkəmizi tərəqqi yoluna çıxardı. Bu elə bir bünövrə oldu ki, Azərbaycanın müstəqilliyini əbədi və dönməz etdi. 1993-cü ildən 2003-cü ilədək Dahi Liderimiz bütün gücünü müstəqil dövlətimizin və xalqımızın inkişafına, xoş firavan gələcəyinə həsr etdi.
Müasir Azərbaycan məhz, Ulu Öndər Heydər Əliyevin nurlu, parlaq zəkasının bəhrəsidir.
Kamandar İbrahimov
YAP Qazax rayon təşkilatı ərazi partiya təşkilatının sədri
Bölməyə aid digər xəbərlər