Xalqla iqtidarın birliyi hər zaman gündəmdə olan ümummilli məsələ olub. Bu birliyin bariz nümunəsini 44 günlük Vətən müharibəsində bütün dünya gördü. Ali Baş Komandan, Prezident İlham Əliyevin uzaqgörən daxili və xarici siyasəti, Azərbaycan Ordusunun şücaəti nəticəsində torpaqlarımızın işğaldan azad edilməsi hər bir vətəndaşın qəlbini fərəh hissi ilə doldurdu. Azərbaycan torpaqlarının işğaldan azad olunması tarixi hadisə və yeni inkişaf dövrünün başlanğıcı oldu. Şübhəsiz ki, qazanılan qələbə əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyevin tərəfindən uğurla davam etdirilən siyasətin nəticəsidir. Bu ədalətli mübarizədə əldə edilən zəfər xalqımızın Qarabağ yarasına məlhəm oldu. Azad olunan ərazilərimizdə Azərbaycanın üçrəngli bayrağı yenidən dalğalandı. Hazırda həmin torpaqlarda misilsiz quruculuq işləri həyata keçirilir. Sevindirici haldır ki, əldə etdiyimiz zəfər nəticəsində keçmiş məcburi köçkünlər tezliklə öz doğma yurd-yuvalarına qayıdacaqlar. Xalqımız və dövlətimiz bu uğurlara siyasi və hərbi bacarığı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşməsi, həmrəyliyi sayəsində, həmçinin ordumuzun əzmi və qəhrəmanlığı ilə imza atdı.
Xalqımızın və dövlətimizin qürur mənbəyi olan Müzəffər Azərbaycan Ordusu qazandığı möhtəşəm Qələbə ilə sübut etdi ki, onun ərazi bütövlüyü uğrunda qəhrəmanlıq, fədakarlıq göstərməyə, düşməni məhv etməyə qadir olan oğulları var. Düşmən üzərində mütləq qalibiyyət qazanan rəşadətli Azərbaycan Ordusunun qəhrəman əsgərləri döyüşlərdə böyük şücaət göstərdi. Hər bir əsgərimiz öz qanı-canı bahasına şəhidlərimizin qisasını alaraq torpaqlarımızın işğaldan azad edilməsinə nail oldu. Bu haqq yolunda itkilərimiz olsa da qazanılan Qələbə hər birimizdə qürur hissi yaradıb. Vətən üçün döyüşlərdə şəhidlik zirvəsinə ucalan və sağlamlığını itirən oğullarımızı qədirbilən xalqımız heç zaman unutmayacaq. Azərbaycan xalqı hər bir əsgərin, hər bir qazinin, Milli qəhrəmanların və Vətən müharibəsi qəhrəmanlarının əməyini yüksək dəyərləndirir, şəhidlərin xatirəsini hər zaman uca tutur, onları hörmətlə anır. Dövlətimiz tərəfindən qazilər və şəhid ailələri hərtərəfli qayğı ilə əhatə olunur. Azərbaycanda şəhid ailələri, müharibə əlilləri, veteranlar, hərbi qulluqçuların sosial müdafiəsinin təmin edilməsi, onların rifahının daha da yüksəldilməsi və problemlərinin həlli dövlət siyasətinin mühüm tərkib hissəsidir.
Xalqın rəğbətini, məhəbbətini və dəstəyini qazanmaq hər bir ölkə başçısı üçün ən böyük mükafatdır. Azərbaycan Prezidenti bu baxımdan yaxşı mənada seçilən liderdir. Ölkəmizdə Azərbaycan Prezidentinə olan ehtiram, güvən, inam ən yüksək səviyyədədir. Əlbəttə ki, bu da əbəs deyil. Bütün dövrlərdə və yaşanan hadisələrdə Prezidentimizin seçimi hər zaman xalqın yanında olmaqdan ibarət olub. Bu dəfə də ölkə başçısı qələbə sevincini xalqı ilə bölüşərək, xalqın yanında oldu. Bütün təhlükələrə rəğmən müharibənin bitməsindən cəmi bir həftə sonra Prezident İlham Əliyev və birinci xanım Mühriban Əliyeva Füzuli və Cəbrayıl rayonlarına səfər etdi və öz qələbə sevincini xalqla bölüşdü. Bu, həm də onu göstərdi ki, təhlükələrdən və çətinliklərdən çəkinməyən və öz xalqının maraqları naminə qətiyyətlə mübarizə aparan Prezident İlham Əliyev öz cəsarətli addımları və siyasi iradəsi ilə seçilən bir liderdir. Mən hər bir azərbaycanlının Prezidentiyəm!” deyən dövlətimizin müdrik başçısı dediklərini dönə-dönə əməli işlərlə təsdiqləyir. Odur ki, xalq da həmişə öz dövlətini, öz liderini bütün işlərdə dəstəkləyir. Başqa sözlə, ən şad günlərdə də, ən çətin vaxtlarda da lider öz xalqının, xalq öz liderinin yanındadır. Xalqın dəstəyi dövlətin tükənməz gücünün mənbəyidir. Hamını birləşdirən Vətən müharibəsi milli birliyimizin səbəbidir. Bir sözlə, Azərbaycanda son dövrlər yaşanan hadisələr bir daha göstərdi ki, xalqımız ağır günlərdə bacarıqla bir nöqtəyə vura bilir. Prezident İlham Əliyev haqlı olaraq xalq-iqtidar birliyini Azərbaycanda sabitliyin inkişafının əsas şərti adlandırmışdır.
Xalqımız əmindir ki, Azərbaycanda xalq – iqtidar birliyi əbədi və sarsılmaz olacaqdır. Möhtərəm Prezidentimizin rəhbərliyi ilə müstəqil respublikamız daha da inkişaf edəcək, dünyanın güclü dövlətləri sırasında layiqli yerini tutacaqdır.
Ruslan Rzayev
YAP Qazax rayon təşkilatı ərazi partiya təşkilatının sədri
Bölməyə aid digər xəbərlər