Ötən əsrin sonlarından başlayaraq mənfur Ermənistanın təcavüzkar siyasəti nəticəsində 100 minlərlə azərbaycanlı öz dədə-baba torpaqlarından-Zəngəzurdan, Göyçədən, İrəvan mahalından didərgin salındı.Bədnam qonşumuz olan Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq siyasəti nəticəsində torpaqlarımızın bir hissəsi işğal altına düşdü. Ermənistan tərəfi zor gücü ilə Azərbaycanın dinc əhalisinə qarşı hərbi cinayətlər törətdilər. Dəhşətli Xocalı soyqırımından sonra 1992-ci ilin may ayında Şuşa və Laçının işğala məruz qalması Ermənistanla Dağlıq Qarabağ arasında coğrafi bağlantı yaratdı. 1993-cü ilin aprel ayında Kəlbəcər rayonunun işğal altına düşməsi Azərbaycanın vəziyyətini daha da ağırlaşdırdı və faktiki olaraq düşmənin sonrakı işğalçılıq siyasətinin davam etdirilməsinə səbəb oldu. Ölkəmiz uzun illər bütün beynəlxalq tədbirlərdə bu məsələ ilə bağlı həqiqətləri dünya ictimaiyyətinə çatdıraraq böyük və səmərəli işlər gördü. Möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının uzaqgörən siyasəti, diplomatik səyləri öz bəhrəsini verdi. Bütün aparıcı beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıdı və bunu dəstəklədi. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi, BMT Baş Assambleyasının qətnamələri, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, Avropa Parlamenti və digər təşkilatlar Azərbaycanın haqq işini dəstəklədi. Beləliklə münaqişənin həlli üçün hüquqi zəmin yaradıldı. Eyni zamanda, aparılan məqsədyönlü səylər nəticəsində münaqişə ilə bağlı, Qarabağın tarixi ilə bağlı dünya ictimaiyyətinə dolğun məlumat çatdırıldı, Ermənistanın yalançı təbliğatına son qoyuldu və bütün dünya gördü ki, Qarabağ Azərbaycanın əzəli tarixi torpağıdır. Bununla bərabər Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız İlham Əliyev cənablarının yüksək əzmkarlığı, böyük qətiyyəti, uzaqgörən siyasəti nəticəsində ordu quruculuğunda da önəmli addımlar atıldı. Azərbaycan Ordusu ən müasir silah və texnika ilə təchiz olunaraq daha da gücləndi. Məhz, bunların nəticəsində Qüdrətli Azərbaycan Ordusu 44 gün ərzində ərazi bütövlüyümüzü hərbi yolla döyüş meydanında təmin etdi və öz tarixi missiyasını şərəflə yerinə yetirdi.
44 günlük müharibədəki zəfəri ilə ordumuz yeni tarix yazdı, dövlətçiliyimizi, irsimizi yeni qəhrəmanlıq salnaməsi ilə zənginləşdirdi. Bu qələbə xalqımızın mübariz ruhunun, vətənpərvərliyinin, öz hüquqları uğrunda mübarizə aparmaq əzminin nümunəsinə çevrildi. 2020-ci il dekabrın 10-da ölkə paytaxtı Bakıda Azadlıq meydanında keçirilən parad əvvəlkilərdən çox fərqli idi. Bu parad bir növ Vətən müharibəsindəki Zəfərimizin əyani nümayişi idi. Bu parad döyüşlərdən qalib çıxmış, düşməni “Dəmir Yumruq”la əzmiş əsgərlərimizin, zabitlərimizin, gizirlərimizin qalibiyyət yürüşü idi. Bu, hər bir azərbaycanlının sevincinin, səbirsizliklə gözlədiyi qələbəmizin paradı idi. Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin dediyi kimi, bu paradın xüsusi önəmi var: "Azadlıq meydanında paradlar çox keçirilib. Ancaq bu paradın xüsusi önəmi var. Bu, Zəfər paradıdır. Bu, tarixi hadisədir”. Bu paradda Azərbaycan Ordusunun döyüş meydanlarında məhv etdiyi, qənimət götürdüyü düşmənin hərbi texnikaları da nümayiş etdirildi. Azərbaycanın apardığı ən müasir döyüş əməliyyatlarının qarşısında bu texnikalar heç bir işə yaramadılar, ordumuzun hədəfinə çevrilərək metal parçasına döndülər.
Zəfər paradının diqqəti çəkən əsas məqamlarından biri də Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın, o cümlədən Türkiyənin rəsmi şəxslərinin iştirakı və Türkiyə hərbçilərinin nümunəvi keçidi oldu ki, bunun da öz siyasi və rəmzi mənası var idi. Türkiyə dövləti, onun siyasi-hərbi rəhbərliyi bu müharibədə birmənalı şəkildə Azərbaycanın yanında oldu, ölkəmizin haqlı mövqeyini, ərazi bütövlüyünü qətiyyətlə dəstəklədi. Qardaş ölkənin siyasi və hərbi rəhbərliyi birmənalı və qəti şəkildə, həm də sərt üslubda Azərbaycanı dəstəkləyən bəyanatlar verdilər. Bu baxımdan Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı Vətən müharibəsinin gedişində daha da möhkəmləndi, daha sarsılmaz oldu. Bütün dünya bir daha Azərbaycan-Türkiyə dostluğunun və qardaşlığının şahidi oldu.
Azərbaycan Silahlı Qüvvələrinin qələbəsini bəyan etməklə yanaşı, bu parad həm də Ordumuzun gücünün, qüdrətinin nümayişi idi. İndiyədək keçirilən təntənəli hərbi paradlar ölkəmizin müdafiə qüdrətini və xüsusən son dövrlər daha da vüsət alan hərbi modernləşmənin uğurla həyata keçirildiyini göstərirdi. Xalqımız əmin olmuşdu ki, ən müasir döyüş imkanlarına malik olan ordumuz nəinki istənilən təxribatın qarşısını almağa, həmçinin düşmənin bütün mövqeyini anında məhv etməyə qadirdir. Azərbaycan Silahlı Qüvvələrinin bütün qoşun növlərinin, hərbi birləşmə və hərbi tədris müəssisələrinin şəxsi heyətlərinin, hərbi texnikaların iştirak etdiyi Zəfər paradında ölkə ictimaiyyəti bir daha dövlətimizin hərbi gücünün, ordumuzun döyüş və qələbə əzminin əyani şahidi oldu. Hərbi gücün praktik nümayiş etdirildiyi parad hər bir azərbaycanlının öz ordusunun qüdrətinə olan inamını, qürur və fəxarətini qat-qat artırdı.
Faiq Paşayev
YAP Qazax rayon təşkilatı
ərazi partiya təşkilatının sədri
Bölməyə aid digər xəbərlər