Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin təşkilatçılığı ilə Masallı “ASAN xidmət” mərkəzində “Fövqəladə hallarda özünü necə aparmalı” mövzusunda nəzəri-praktiki tədbir keçirilib. Tədbirə FHN-in aidiyyəti qurumlarının, Masallı Rayon Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının, Masallı rayon Polis Şöbəsinin və Masallı “ASAN xidmət” mərkəzinin qüvvə və vasitələri cəlb olunub.
Əvvəlcə, nəzəri hissə çərçivəsində təbii və texnogen xarakterli fövqəladə hadisələr zamanı düzgün davranış, ilkin yanğınsöndürmə avadanlıqları və fərdi mühafizə vasitələrindən istifadə qaydaları, dəm qazı təhlükəsinin qarşısının alınması yolları, eyni zamanda “112” qaynar xətti barədə tədbir iştirakçılarına geniş məlumat verilib.
Tədbir zamanı iştirakçılara yanğınsöndürmə, xüsusi xilasetmə və təcili tibbi yardım avtomobillərində olan xilasetmə avadanlıqlarından və onlardan istifadə qaydaları haqqında ətraflı məlumat verilib.
Praktiki hissə çərçivəsində Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olan şərti yanğın barədə məlumat əsasında obyektin qüvvələri ilə qarşılıqlı fəaliyyətdə olmaqla işçilərin “təhlükəli ərazidən” təxliyə edilməsi, onlara təxirəsalınmaz ilkin tibbi yardımın göstərilməsi, “yanğın” yerində çevik kəşfiyyatın aparılması və “yanğının söndürülməsi” əməliyyatları yerinə yetirilib.
Bölməyə aid digər xəbərlər