Qazax Təcili Tibbi Yardım Stansiyasının müvəqqəti yerləşdirildiyi bina acınacaqlı vəziyyətdədir.
“Report”un məlumatına görə, bu barədə orada çalışan həkimlərdən biri sosial şəbəkələrdə yayılan videoda bildirib.
Belə ki, bu gün sosial şəbəkələrdə Qazax rayon Təcili Tibbi Yardım Stansiyasının müvəqqəti yerləşdirildiyi binada problemlərin olduğu barədə videogörüntü yayılıb.
Videogörüntüdə orada çalışan həkimlərdən biri onlara fəaliyyət göstərmək üçün ayrılan binanın şəraitsizliyindən danışır.
Qazax rayon Təcili Tibbi Yardım Stansiyasının xidməti binası hazırda karantinə alınmış Qazax Mərkəzi rayon Xəstəxanasındadır və məlum səbəblərdən oradan çıxarılaraq bir müddət Qazax rayon Müalicə və Diaqnostika Mərkəzində onlar üçün ayrılmış yerə köçürülüb və orada fəaliyyət göstəriblər. Lakin bir müddət sonra təcili yardım stansiyasının müəyyən səbəblərdən oradan da çıxarılıblar və Qazax şəhər Uşaq Xəstəxanasının Mühasibat Şöbəsinin binasına yerləşdiriliblər. Orada isə videokadrlarda göründüyü kimi, şərait ürəkaçan deyil.
Videogörüntüdə binanın daxilində yüngül təmir işlərinin aparıldığı görülsə də, tibb işçiləri onlara ayrılan binadan və orada olan vəziyyətdən narazı olduqlarını bildirirlər. Hətta döşəmənin altından ilanların da çıxdığı deyilir.
Qeyd edək ki, Qazax Təcili Tibbi Yardım Stansiyasının ilk binası şəhər girişində olub. Yeni inşa olunmuş Qazax Mərkəzi rayon Xəstəxanası istifadəyə verildikdən sonra ora köçürülüb. Stansiyanın köhnə binasının hazırda hansısa məqsədlə fəaliyyət göstərib göstərmədiyi barədə məlumat yoxdur.
[video=]
Bölməyə aid digər xəbərlər