Fövqəladə Hallar Nazirliyi (FHN) işçilərinin Həmkarlar İttifaqı tərəfindən 16 dekabr - Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramı münasibətilə Şuşa, Füzuli, Ağdam, Kəlbəcər, Cəbrayıl, Zəngilan, Xocavənd, Qubadlı rayonlarında və Suqovuşan ərazisində yerləşən nazirliyin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin hissələrində görüşlər keçirilib.
FHN-in mətbuat xidmətindən bildiriblər ki, tədbirlərdə nazirliyin işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov və FHN-in Qarabağ Regional Mərkəzinin rəisi polkovnik Mirəli Feyziyev iştirak ediblər.
Görüşlərdə ilk olaraq Azərbaycanın azadlığı və ərazi bütövlüyünün təmin olunması zamanı canlarını fəda etmiş şəhidlərimizin, həmçinin erməni terrorizmi nəticəsində həyatlarını itirmiş soydaşlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirlərdə çıxış edən FHN işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov əməkdaşları 16 dekabr – Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramı münasibətilə təbrik edib, onlara çətin və şərəfli işlərdə uğurlar arzulayıb.
İttifaq sədri çıxışları zamanı nazirliyin fəaliyyətinə toxunaraq qeyd edib ki, Fövqəladə Hallar Nazirliyi ölkə əhalisinin həyat fəaliyyətinin, ərazilərin, dövlət əmlakının və fərdi mülkiyyətin təhlükəsizliyinin təmin olunması sahəsində öz fəaliyyətini uğurla davam etdirir. Ötən 16 il ərzində nazirlik fövqəladə hallarla mübarizə sahəsində etibarlı şəbəkənin yaradılması, mülki müdafiə, əhalinin və ərazilərin təbii və texnogen hallardan qorunması, yanğından mühafizə və su hövzələrində insanların təhlükəsizliyinin təmin olunması ilə bağlı mühüm işlər görüb.
Natiq vurğulayıb ki, ötən dövr ərzində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı ilə nazirliyin maddi-texniki bazası daim gücləndirilib, kadr potensialı möhkəmləndirilib.
İttifaq sədri çıxışı zamanı Vətən müharibəsi dövründə FHN əməkdaşlarının fəaliyyətinə toxunaraq vurğulayıb ki, müharibə zamanı FHN-in bütün strukturları digər qurumlar kimi Müzəffər Ali Baş Komandanın ətrafında sıx birləşərək qələbənin qazanılmasına öz töhfələrini vermişlər. Nazirliyin qüvvələri düşmən tərəfindən ağır artilleriya qurğularından və raketlərdən atəşə məruz qalan yaşayış məntəqələrinin yanğından mühafizəsində və xilasetmə işlərində rəşadət göstəriblər.
Görüşlər zamanı hissələrə FHN işçilərinin Həmkarlar İttifaqı tərəfindən sovqatlar təqdim edilib.
AZƏRTAC
Bölməyə aid digər xəbərlər