Prezident İlham Əliyev Tofiq Kazımovun 100 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Xalq artisti Tofiq Kazımovun 100 illik yubileyi ilə bağlı tədbirlər planı hazırlayıb həyata keçirəcək.
Qeyd edək ki, 2023-cü ildə Azərbaycanın görkəmli teatr rejissoru, dövlət mükafatları laureatı, tanınmış pedaqoq, Xalq artisti Tofiq Səməd Mənsur oğlu Kazımovun anadan olmasının 100 ili tamam olur.
Orijinal yaradıcılıq dəst-xəttinə malik fitri istedadlı rejissor kimi Tofiq Kazımov Azərbaycan teatrının repertuarını yüksək bədii-estetik meyarlı səhnə əsərləri ilə daha da zənginləşdirib. Sənətkar özünün teatr məktəbini qurmağa müvəffəq olub və həmin məktəb ölkə teatrını irəli apararaq ona yeni nailiyyətlər qazandırıb. Tofiq Kazımov milli və dünya dramaturji irsinin diqqətəlayiq nümunələrinə müasirlik kontekstində verdiyi mükəmməl quruluşlarla mədəniyyət salnaməmizə parlaq səhifələr yazıb. Onun hazırladığı və ictimai-mənəvi proseslərin axarında zamanın ritmini və insanların təfəkkür tərzini dolğun təcəssüm etdirən novator tamaşalar ideya-bədii bütövlüyü ilə seçilərək teatr ictimaiyyəti tərəfindən həmişə böyük maraqla qarşılanıb, respublikanın mədəni həyatında hadisəyə çevrilib. Sənət xəzinəmizin qızıl fondunda layiqli yer tutan bu səhnə əsərləri bir çox məşhur aktyorların formalaşmasında əhəmiyyətli rol oynayıb.
Bölməyə aid digər xəbərlər