Bir müddət əvvəl sosial şəbəkələrdə Lökbatan Tibb Mərkəzinin tərkibindəki 4 saylı doğum evində qızı dünyaya gələn atadan “şirinlik” tələb olunması ilə bağlı görüntülər yayılmışdı. Görüntüdəki şəxs “şirinlik” məbləği az olduğu üçün ataya etirazını bildirirdi.
Məsələ ilə bağlı TƏBİB-dən bildirilib ki, sözügedən görüntülərdə əks olunan hadisə ilə bağlı TƏBİB tərəfindən geniş araşdırma aparılaraq müvafiq inzibati tədbirlər görülüb.
Araşdırmanın yekun nəticələrinə əsasən, Lökbatan Tibb Mərkəzinin tabeliyində fəaliyyət göstərən 4 nömrəli Doğum evinin Doğum şöbəsinin həkim-mama-ginekoloqu Məmmədova Sevinc Malik qızının əmək müqaviləsinə 27.06.2024-cü il tarixində xitam verilib.
TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun sədrliyi ilə tabeli tibb müəssisələrinin rəhbər şəxslərinin iştirakı ilə keçirilən geniştərkibli müşavirədə sözügedən müəssisə rəhbərinə neqativ hallarla mübarizə ilə bağlı ciddi tapşırıqlar verilib.
Xatırladaq ki, 19.06.2024-cü il tarixində saat 11:05 radələrində 2005-ci il təvəllüdlü şəxs doğuş icrası üçün 4 saylı Doğum evinə müraciət edib. Doğum şöbəsinin həkimi mama-ginekoloqu Sevinc Məmmədovanın iştirakı ilə saat 13:30 radələrində pasiyentin qız övladı dünyaya gəlib.
Bölməyə aid digər xəbərlər