Sosial şəbəkələrdə Ağstafa şəhərində, qışın oğlan çağında, həmişəyaşıl şam ağaclarının doğranması ilə bağlı videogörüntü yayılıb. Videogörüntünü paylaşan sosial şəbəkə istifadəçisi yazıb ki, “Ağstafa şəhərinin mərkəzi küçəsində, yeni istifadəyə veriləcək "obyektin" görünüşünə mane olan şam ağacı obyekt sahibi tərəfindən doğranıb”.
Baş vermiş hadisə ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə sorğu ünvanlanan sorğuya cavab olaraq Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Bəhruz Məhəmmədov faktı təsdiqləyib və bildirib ki, ağaclar naməlum şəxslər tərəfindən kəsilib.
“Ağstafa şəhərində ağacların budaqlarının kəsilməsi ilə bağlı sosial şəbəkələrdə yayılan videogörüntü Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən araşdırılıb. Araşdırma zamanı Ağstafa şəhəri H.Əliyev prospekti, 17 ünvanında üç ədəd şam ağacının budaqlarının naməlum şəxslər tərəfindən kəsildiyi müəyyən edilib. Ağacların qanunsuz budanması ilə bağlı təqsirkarların müəyyənləşdirilməsi və barələrində qanunamüvafiq tədbirlərin görülməsi istiqamətində hazırda hüquq-mühafizə orqanları ilə birgə işlər davam edir”, - deyə Bəhruz Məhəmmədov bildirib.
Bölməyə aid digər xəbərlər