Teleqramın yaradıcısı Pavel Durovun qardaşı Nikolay Durov qardaşının Fransada həbsindən sonra yoxa çıxıb. Bu barədə “Komsomolskaya Pravda”ya müsahibəsində Nikolayın keçmiş müəllimi Sergey Rukşin bildirib.
Məlumata görə, o,qardaşının həbsindən sonra mesencerin şifrələmə açarlarını da gizlədib. Hazırda onun dəqiq yeri məlum deyil. “O, mənim mesajlarıma da cavab vermir. Buna görə də, baş verənlərə reaksiyasını öyrənmək hələlik çətindir”, - Rukşin bildirib.
Bundan əvvəl Pavelin saxlanılmasından sonra sevgilisi Yuliya Vavilovanın harada olması barədə məlumat yox idi. Hadisədən iki gün əvvəl Vavilova anası ilə danışıb. Pavel Durov saxlanılandan bəri o, zənglərə cavab vermirdi. Daha sonra məlum olub ki, Vavilova məhkəmə prosesi zamanı Parisdə qalıb.
Qeyd edək ki, “Politico” nəşri Durovun qardaşı Nikolayın Fransa hakimiyyət orqanları tərəfindən axtarışa verilməsi barədə məlumat yayıb.
Xatırladaq ki, P.Durov avqustun 24-də Parisdə hava limanında saxlanılmışdı. Avqustun 28-də isə o, məhkəmə nəzarəti altında sərbəst buraxılıb. Paris Prokurorluğu Durovu 6 qanun pozuntusunda, o cümlədən qanunsuz əməliyyatlar aparmaq məqsədilə onlayn platformanın idarə edilməsində ittiham edir.
Bölməyə aid digər xəbərlər