Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin sərəncamı ilə ölkəmizdə “Könüllülər ili” elan edilən 2020-ci ilin 27 Sentyabr və 10 Noyabr günləri tarixdə əbədi qalacaq və heç zaman unudulmayacaqdır. Doğma Qarabağımızda başlanan uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edilmiş, Ermənistan ordusunun canlı qüvvəsi və texnikası tamamilə məhv edilmişdir. 10 noyabr 2020-ci il tarixdə imzalanmış üçtərəfli Bəyanata əsasən noyabrın 20-si Ağdam, 25-i Kəlbəcər, dekabrın 1-i isə Laçın rayonu Azərbaycana qaytarılmışdır. Bununla da 44 günlük müharibə Azərbaycanın tam qələbəsi ilə nəticələndi. Düşmənin texnikası tamamilə məhv edildi, canlı qüvvəsinə ciddi zərbə vuruldu. Ermənistan ordusu darmadağın edildi. Azərbaycan Ordusunun döyüş meydanında nümayiş etdirdiyi qəhrəmanlıq və şücaət düşməni lərzəyə gətirdi. Ona görə də bu qəhrəmanlığın qarşısında duruş gətirə bilməyən erməni hərbçiləri təkcə döyüş meydanından deyil, eləcə də ordudan qaçmağa başladı. Məhz bu səbəbdən İkinci Qarabağ müharibəsində Ermənistan ordusunda fərarilərin sayı on minlərlə oldu.
44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun döyüş strategiyası, taktikası bütün dünya hərbçilərinin marağına səbəb oldu. Hazırda bu hərbi əməliyyatlar həm texniki imkanlar, həm də operativ addımlar, əməliyyatların hazırlanması və icra edilməsi baxımından bütün dünyada öyrənilir. Azərbaycan Ordusu dünya hərb tarixində yeni bir hərbi strategiya tətbiq edərək, ən müasir silahlardan istifadə etməklə, habelə minimal itkilər verərək qısa müddət ərzində düşmənin bütün hərbi texnikasını məhv etmiş, canlı qüvvəsinə ciddi zərbə vurmuşdur. Keçilməz yollara malik olan qədim Şuşamız düşünülmüş və yüksək səviyyədə hazırlanmış plan ilə düşməndən təmizlənmişdir.
Böyük bir qürur hissi ilə deyə bilərik ki, Vətən müharibəsinin ilk günlərindən, ilk saatlarından etibarən Azərbaycan xalqı qardaş Türkiyənin dəstəyini hiss etdi. Türkiyənin Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan ilk saatlardan Azərbaycanın haqq işinə öz dəstəyini verdi. Onun açıq, birmənalı və sərt açıqlamaları Azərbaycan xalqını çox sevindirdi və ruhlandırdı. Vətən müharibəsində və müharibədən sonra qardaş Türkiyənin Azərbaycana dəstək göstərməsi və bu dəstəyin bu gün də yüksək səviyyədə davam etməsi Azərbaycan - Türkiyə qardaşlığının əbədi və dönməz olmasının bir daha sübutudur.
10 noyabr 2020-ci il tarixdə imzalanmış üçtərəfli Bəyanata əsasən reallaşacaq kommunikasiya layihələri vasitəsilə Naxçıvan Muxtar Respublikasının Azərbaycanın əsas hissəsi ilə quru yollarla birləşməsi tarixi bir hadisə olacaqdır. Regionun böyük inkişafına səbəb olacaq yeni nəqliyyat kommunikasiya infrastrukturunun yaradılması Azərbaycanın tarixi bir missiyasıdır. Qeyd edək ki, imzalanmış üçtərəfli Bəyanat rəsmi İrəvanın regionun inkişafına təhdid yaradan işğalçı siyasətinə son qoydu. 30 ildir danışıqlar prosesində Ermənistan nail olmaq istədiklərinin heç birini əldə edə bilmədi və “Böyük Ermənistan” xülyası tamamilə iflasa uğradı.
Müzəffər Ali Baş Komandan, Möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu canı - qanı bahasına Ermənistan ordusunun məğlubedilməzliyi barədə illərdir formalaşdırılmış mifi 44 günə dağıtdı, bütün qüvvələri Azərbaycan xalqının iradəsi ilə hesablaşmağa vadar etdi və Azərbaycanın ərazi bütövlüyünü bərpa etdi. Bəyanatın imzalanması həm də siyasi, diplomatik və iqtisadi uğurların əsasını qoydu.
Möhtərəm Prezidentimiz İlham Əliyev cənabları 2020-ci il noyabrın 10-da Azərbaycan xalqına müraciət edərək belə demişdir: “Hesab edirəm ki, bu bəyanatın imzalanmasının səbəbi noyabrın 9-da - Dövlət Bayrağı Günündə bizim növbəti şanlı hərbi qələbəmiz olub. Çünki noyabrın 9-da 72 yaşayış məntəqəsini Azərbaycan Ordusu işğalçılardan azad edib. Şuşanın azad edilməsi, noyabrın 9-da 72 yaşayış məntəqəsinin azad edilməsi və sentyabrın 27-dən bu günə qədər 300-ə yaxın yaşayış məntəqəsinin azad edilməsi ilə Ermənistan ordusunun belini qırmışıq. Paşinyan məcbur olub bu bəyanata öz imzasını atır. Amma çox miskin, çox acınacaqlı durumda. Mən isə böyük fəxarət və sevinc hissi ilə bu bəyanata öz imzamı atmışam. Çünki bu bəyanat uzun illər davam edən işğala son qoyur. Bu bəyanat imkan verir ki, hələ də işğal altında olan digər rayonlarımızı - Ağdam, Laçın, Kəlbəcər rayonlarını qan tökülmədən qaytaraq. Qısa bir müddət qoyulur, bu ayın sonuna qədər bu rayonlar bizə qaytarılır. Bu, böyük xoşbəxtlikdir.”
Bəli, Möhtərəm Prezidentimizin təbirincə desək 10 noyabr 2020-ci il tarixdə imzalanmış üçtərəfli Bəyanat məhz, “Dəmir Yumruq” hesabına imzalanmışdır.
Şəhla Bayramova
YAP Qazax rayon təşkilatı ərazi partiya təşkilatının sədri
Bölməyə aid digər xəbərlər