11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
"Bəzi şirkətlər marketinq hiyləsinə əl atır" - Ekspertlər halallıq məsələsinə aydınlıq gətirdi

“Halallıq zəmanəti fermadan, kəsimdən süfrəyə qədər o kolbasanın qət etdiyi yoldur. Heç kim deyə bilməz ki, hacı gəldi, halallığa zəmanət verdi”.
Bu fikirləri KONKRET.az-a açıqlamasında tanınmış qida texnoloqu Ağa Salamov bir neçə gündür mediada geniş müzakirə olunan “Kral” şirkətinin reklamına münasibət bildirərkən deyib:
“Bilirsiniz, bəzi müəssisələr marketinq hiyləsinə əl atır. Məsələn, filan tanınmış gəldi, bizim restoranda oturub yedi, içdi və s. bu kimi vasitələrlə özlərini piar edirlər. Amma bütün bunlar halallığa zəmanət vermir. Götürək elə adıçəkilən müəssisəni ziyarət edən hacıları. Tutaq ki, hacılar kolbasanın dadına baxıblar və elə hesab edək ki, dadı çox gözəldir. Yəni onlar ancaq dada qiymət verə bilərlər və “çox ləzzətlidir” deyə bilərlər. Amma hacı onu analiz elədi? Yox. Laboratoriyadan keçirdi? Yox. Məhsulun içinə nə vurulur, hansı ətdən hazırlanır, bunu bilirmi? Xeyr. Burada əsas məsələ ondan ibarətdir ki, bu kolbasaların hansı ətdən hazırlandığı məlum olmalıdır. Və əgər bu ətlərin mənşəyi məlum deyilsə, ucuz alınırsa, o da haram sayılır. Haram illah ki, donuz qatqısı olmaq deyil. Doğrudur, biz iddia etmirik ki, sözügedən müəssisə hansısa mənşəyi məlum olmayan ətdən kolbasa istehsal edir. Amma sual edirik ki, həmin hacılar onu yeyib dadına baxanda bildilərmi ki, onun mənşəyi məlumdur, yoxsa yox? Yəni reklam edəndə də birinci ətin haradan alındığını, halal şəkildə kəsildiyini, gündəlik olaraq müəssisəyə təzə ət idxal olunduğunu və tərkibində qida qatqı maddələrinin olmadığını göstərmək lazımdır. Məsələn, E621 qida qatqısının zərərləri çoxdur, asılılıq yaradır, ağız sulandıran bir maddədir. Desinlər ki, istehsal etdikləri kolbasalara belə bir maddə vurulmur, əksinə, təbii inqridiyentlərdən istifadə edirlər. Eyni zamanda, yararlılıq müddəti də saxlama şəraitindən asılı olaraq 48 və 72 saatdır. Üç gün ərzində istehlak olunmalıdır və yaxud da on gündən çox saxlamaq olmaz. Bax, bütün bunlar halal və təbii kolbasanın əsl reklamıdır”.
İlahiyyatçı Elşad Miri isə hesab edir ki, bəzən halallıq məsələləri çox şişirdilir:
“Bizdə bu məsələ bir qədər başqa formada təqdim edilir. Məsələn, guya heyvanı qibləyə çevirib kəsməlisən, “bismillah”, “Allahu-Əkbər” deməlisən və s. bu cür ağırlaşdırıcı şərtlər irəli sürürlər. Türkiyədə və İsraildə bu məsələ bizdən də çox qabardılır. Orada elə firmalar var ki, adi sabunun, diş məcununun halal, ya haramlığına hökm verirlər. Yaxud yəhudilərdə küçəni, evi koşerləyirlər, yəni halallaşdırırlar. Yəni bizimkilər hələ şükürlüdürlər”.
Elşad Miri hesab edir ki, kolbasa və sosiskaların keyfiyyətlinə əmin olmağın ən asan yolu istehsalçı müəssisələri şəxsən ziyarət edərək proseslə yerində tanış olmaqdır ki, buna da əksər şirkətlər heç bir maneçilik törətmir:
“Şəxsən mən bir çoxunun istehsalatında olmuşam. Özü də ora anidən, yəni əvvəlcədən məlumat vermədən getmişəm. İstehsal prosesini müşahidə etmişəm. Şahidi olmuşam ki, həqiqətən ətlər haradan alınır və hansı formada istehsal olunur. Yəni bu, elə də çətin bir proses deyil və hər kəs istehlak etdiyi ət məhsulunu gedib özü monitorinq edə, keyfiyyətinə tam əmin ola bilər. O ki qaldı din adamlarının məlum reklamına, bu da şirkətlərin bir piar formasıdır ki, ondan da məharətlə istifadə edirlər. Yəni insanların inandıqları, güvəndikləri bəzi şəxslər vasitəsilə reklam olunurlar ki, bu da normal bir haldır”.

Sevinc Paşayeva


Tarix: 5-02-2023, 12:08 Oxunub: 161


Bölməyə aid digər xəbərlər