Xırdalan şəhərində yerləşən 2 saylı orta məktəb baxımsız vəziyyətdədir. Bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb.
Görüntülərdən məktəb tavanının çökdüyü bəlli olur. Həmçinin, elektrik naqilləri ilə bağlı da problemlər mövcuddur. Sinif otaqlarında yerləşən “razetka” yerindən qopub, üzəri açıq vəziyyətdədir. Valideynlər də çökmüş tavanın, elektrik naqillərinin şagirdlər üçün təhlükəli olduğunu bildirir, bu vəziyyətdən narahatlıqlarını ifadə edirlər.
Məsələ ilə bağlı Abşeron Təhsil İdarəsindən bildirilib ki, məktəblərin təmiri və tikintisi növbəlilik və prioritetlik əsasında həyata keçirilir:
“Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir avadanlıqla təmin edilməsi, yeni binaların tikilməsi və mövcud binaların təmir olunması əsas prioritetlərimizdəndir. Belə ki, son bir ildə Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən 20-dən çox məktəbdə cari, 7 məktəbdə əsaslı təmir işləri aparılıb, 1 məktəb isə yeni tikilib.
Xırdalan şəhər 2 saylı məktəbin binasının mövcud vəziyyəti barədə məlumatlıyıq. Ümumi təhsil müəssisəsinə baxış keçirilib və son durum dəyərləndirilib.
Qeyd edirik ki, adıçəkilən məktəbdə növbəti tədris ilində əsaslı təmir-bərpa işləri aparılacaq. Bildiririk ki, məktəblərin təmiri və tikintisi növbəlilik və prioritetlik əsasında həyata keçirilir”.
Bölməyə aid digər xəbərlər