11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Dostluq və müttəfiqlik münasibətlərinə mühüm töhfələr - Polad Ağakişiyev

Rusiya Federasiyası Prezidenti  Vladimir Putinin19 avqust tarixində ölkəmizə  dövlət səfərinin  formatı və xarakteri xüsusi əhəmiyyətə malikidir və  dövlətlərarası münasibətlərin yüksək səviyyəsindən xəbər verir. Heç şübhəsız ki, bu səfər çox mühüm  tarixi xarakter daşıyır və eyni zamanda ölkələrimiz arasında dostluq və müttəfiqlik münasibətlərinin möhkəmləndirilməsinə mühüm töhfələr verəcəkdir.

Rəsmi səfər zamanı dövlət başçılarının   mətbuata verdikləri bəyanatda Möhtərəm Prezidentimiz   qeyd etdi ki, yüksək səviyyədə görüşlər müntəzəm xarakter daşıyır. Cari il iki dəfə - bir dəfə Moskvada, bir dəfə isə beynəlxalq tədbir çərçivəsində görüş təşkil olunmuşdur. Davamlı münasibətlərin əsasına gəlincə səfər çərçivəsində qəbul edilən sənədlər münasibətlərimizin dostluq və müttəfiqlik xarakterini bir daha təsdiqləyir. Ölkələrimiz müttəfiqlər, dostlar, yaxın tərəfdaşlar və qonşular kimi fəaliyyət göstərir. 2022-ci ilin fevralında imzalanmış qarşılıqlı müttəfiqlik fəaliyyəti haqqında Bəyannamənin müddəaları uğurla həyata keçirilir.

Ölkə rəhbəri vurğuladı ki, dövlətlərarası strukturların fəaliyyət sahəsi olduqca genişdir. Keçən il və bu ilin 6 ayında əmtəə dövriyyəsinin artımı əməkdaşlığın böyük potensialından xəbər verir. Ötən il biz 4 milyard dollar həddini adladıq. Humanitar əməkdaşlıq sahəsinə həmişə xüsusi diqqət yetirilir. Azərbaycanda rus dilində tədris aparılan 324 məktəb var, onlarda 160 min şagird təhsil alır. 800 mindən çox şagird rus dilini ikinci dil kimi öyrənir. Azərbaycanın 26 ali təhsil müəssisəsində 15 mindən artıq tələbənin təhsil aldığı rus dili bölmələri var.

Ölkə Rəhbəri onu da diqqətə çatdırdı ki, təhsil sahəsində münasibətlərin inkişafı məsələsi daim diqqət mərkəzindədir. M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin və İ.M.Seçenov adına Tibb Universitetinin filialları uğurla fəaliyyət göstərir.

Regional təhlükəsizlikdən söz açan Ölkə Başçısı bildirdi ki, ötən ilin sentyabrından sonra regionda tamamilə yeni şərait yaranıb. Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü tam şəkildə bərpa edib. 

Yeni şərait Cənubi Qafqazda möhkəm və uzunmüddətli sülhün bərqərar olması üçün yeni imkanlar açır. Bütün Cənubi Qafqaz regionunda sabitlik və təhlükəsizlik bir çox hallarda Rusiya ilə Azərbaycan arasında sıx qarşılıqlı fəaliyyətdən asılıdır.


Dövlətlərarası münasibətlərimiz üçün müstəsna əhəmiyyətə malik olan nəqliyyat dəhlizlərindən də söz açan Ölkə Başçısı  bildirdi ki, regional nəqliyyat dəhlizləri, nəqliyyat yolları və “Şimal-Cənub” layihəsinin həyata keçirilməsi kimi məsələlərin aktuallığı danılmazdır.Azərbaycanın ərazisində “Şimal-Cənub” dəhlizinin həm dəmir yolu, həm də avtomobil yolu seqmentləri tam şəkildə reallaşdırılıb və uğurla fəaliyyət göstərir. Hazırda bu dəhlizin ötürücülük qabiliyyətini yüksəltmək və onun dəmir yolu sahəsinin modernləşdirilməsi üçün lazımi işlər görülür.

Xüsusi qeyd etmək lazımdır ki,avqustun 19-da Bakıda Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında imzalanmış sənədlər, xüsusilə  “Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında bitki karantini və mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş”, “Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında səhiyyə, tibbi təhsil və tibb elmi sahələrində əməkdaşlıq haqqında Saziş” mühüm sənədlər kimi iki ölkənin həyatında  xüsusi əhəmiyyətə malikdir. 

Əminliklə deyə bilərik ki, bundan sonra da ölkələrimiz arasında  qarşılıqlı əməkdaşlığın bütün sahələri, habelə regional təhlükəsizlik, strateji sabitlik və qarşılıqlı maraq doğuran mühüm beynəlxalq məsələlər, anlaşıqlı siyasi və iqtisadi münasibətlərin olması imkanlarından səmərəli istifadə olunacaqdır.

Polad Ağakişiyev
YAP Qazax rayon təşkilatının əməkdaşı


Tarix: 24-08-2024, 12:13 Oxunub: 136


Bölməyə aid digər xəbərlər