13:17 / 02-12-2024
Sabah hava necə olacaq?
Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı da olacaq - Anar Nəbiyev

Aprelin 23-də ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirildi.  Tədbirdə 30 ölkədən 64 nümayəndə iştirak etdi. Hər bir tədbir Azərbaycan reallıqlarının dünya ictimaiyyətinə çatdırılmasında öz sözünü deyir. ADA Universitetində son illər ənənə halını alan beynəlxalq forumların, konfransların mövzularına diqqət yetirsək hər birinin həmin dövrün hədəflərini özündə əks etdirdiyini görürük. Belə tədbirlərə diqqətin və marağın artdığı iştirakçıların say tərkibində özünü təsdiqləyir. Cənab İlham Əliyev tədbirdəki çıxışında belə görüşün sonuncu dəfə ötən ilin dekabrında keçirildiyini vurğulayaraq diqqəti  bu müddət ərzində Azərbaycanda və ətrafda baş verən hadisələrə yönəltdi.

Hər bir inkişafın əsasında iqtisadi amilin dayandığı nəzərə alınaraq dövlət başçısı İlham Əliyev bütün çıxışlarında Azərbaycanın istər enerji sektorunda, istərsə də iqtisadiyyatın şaxələndirilməsi istiqamətində qazandığı uğurlardan geniş bəhs edir. Bu baxımdan sözügedən forum da xüsusi diqqətdə oldu. Cənab İlham Əliyev bildirdi ki, Azərbaycan özünü təmin edən iqtisadiyyata malikdir və hətta böhran dövründə dayanıqlı artım nümayiş etdirir. Bizim xarici borcumuz olduqca aşağı səviyyədədir və hazırda ÜDM-in 8 faizindən aşağıdır. Biz bu göstərici üzrə aparıcı dövlətlər sırasındayıq. Prezident İlham Əliyev forum iştirakçılarının suallarını cavablandırarkən qeyd etdi ki, Avropaya qaz təchizatımız 2027-ci ildə 20 milyard kubmetrə qədər artmalıdır. Avropaya qaz təchizatımız 2021-ci ildə 8 milyard kubmetrdən 2027-ci ildə 20 milyard kubmetrə qədər artmalıdır. Bu, bir öhdəlik deyil, bu, bir hədəfdir. Biz bu hədəfə doğru gedirik. Bu il Avropaya qaz təchizatımız təqribən 12 milyard kubmetr olacaq. Bu, 2021-ci illə müqayisədə 4 milyard kubmetr çoxdur. Qazıntı yanacağına dünyada hələ uzun illər ərzində tələbat olacaq. Bu gün qazıntı yanacağına tələbatın olmayacağını söyləmək sadəlövhlük olardı. Dünya buna hazır deyil, dünya iqtisadiyyatı buna hazır deyil və sənaye buna hazır deyil: “Beləliklə, hesab edirəm ki, ən yaxşı yol çata bilməyəcəyimiz hədəfi qoymaqdansa, sinerji yaratmaq və təkamül yolu ilə irəliləməkdir. Bizə gəldikdə, biz bunu edirik. Biz artıq investorlarımızla birlikdə yaşıl enerji layihələrinə investisiyalarımıza başlamışıq.” Belə bir əminlik də ifadə edildi ki, 100 il ərzində özümüzü və müvafiq tərəfdaşlarımızı qazla təmin edəcəyik. Nəhəng təbii qaz yataqlarına malik olmaq bizim üçün ən azı 100 il ərzində özümüzü və müvafiq tərəfdaşlarımızı təmin etməyə kifayət edəcək. Biz, eyni zamanda, bərpaolunan enerji mənbələrinə investisiyalar cəlb etdik. Günəş və küləyin olması bizim üçün böyük bir vəsilədir. Təxminən ildə 300 gün külək əsir, amma indi o, Xəzər dənizindən nəinki təmiz hava, həm də təmiz enerji gətirəcək.

Dövlət başçısı İlham Əliyevin aprelin 24-də ölkəmizdə rəsmi səfərdə olan Qırğızıstan Prezidenti Sadır Yaparov ilə görüşündə, mətbuata bəyanatlarında da bərpaolunan enerji sahəsində mövcud imkanlara xüsusi diqqət yönəldildi, iki dost, qardaş ölkənin möhkəm təmələ əsaslanan münasibətlərinin gələcəkdə daha uğurla inkişaf etməsi üçün hədəflər açıqlandı. “Bizim hər il qarşılıqlı səfərlərin həyata keçirilməsi üzrə yaxşı ənənəmiz formalaşıb” söyləyən cənab İlham Əliyev qeyd etdi ki, hələ yayda Şuşada Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşünün keçirilməsi zamanı Azərbaycanda görüşmək imkanımız olacaq. Həmçinin Sadır Japarovu cənab İlham Əliyev noyabr ayında keçiriləcək COP29 beynəlxalq konfransında iştiraka dəvət etdi. Hər bir görüş qarşılıqlı fəaliyyətin, ünsiyyətimizin gücləndirilməsi, eləcə də ikitərəfli və çoxtərəfli əməkdaşlığın mühüm məsələlərinin həlli baxımından əhəmiyyətli və dəyərlidir. Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşündə fəxri qonaq qismində iştirak etdiyini xatırladan dövlətimizin başçısı vurğuladı ki, məni qardaş həmkarlarım dəvət etmişdilər. Bu yaxınlarda Azərbaycanın xarici işlər naziri Mərkəzi Asiya və Fars körfəzi ölkələrinin xarici siyasət idarələrinin başçılarının nazirlər səviyyəsində görüşünə dəvət olunmuşdu. Bütün bunlar təbiidir. Çünki Azərbaycanı Mərkəzi Asiya ilə çoxəsrlik əməkdaşlıq, dostluq, qarşılıqlı fəaliyyət bağları birləşdirir. Bu gün Mərkəzi Asiya və Xəzər regionları, Xəzər və Cənubi Qafqaz regionlarının bir hissəsi olan Azərbaycan enerji resursları, nəqliyyat yolları, ticarət baxımından böyük əhəmiyyət kəsb edir. Burada böyük potensial görürük. Ən başlıcası, qardaş ölkələrdən olan ənənəvi tərəfdaşlarımızla qarşılıqlı fəaliyyəti möhkəmləndiririk. Onların arasında Qırğızıstanla əməkdaşlıq xüsusi əhəmiyyətə malikdir.

Dövlətimizin başçısı İlham Əliyevin aprelin 26-da Almaniyaya işgüzar səfəri də bu gün ölkə mətbuatında geniş müzakirə edilir. Cənab İlham Əliyev həm Almaniya Prezidenti Frank Valter Ştaynmayer, həm də Almaniyanın Federal Kansleri Olaf Şolts ilə təkbətək və geniş tərkibdə görüşlər keçirdi. Ölkə Prezidenti   Berlində keçirilən “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak etdi. Tədbirdəki çıxışında Azərbaycanın enerji sektorunda qazandığı uğurlardan, dünyanın enerji təhlükəsizliyinin təminatına verdiyi töhfələrdən bəhs etdi. Dövlət başçısı İlham Əliyevin və Almaniyanın Federal Kansleri Olaf Şoltsun birgə keçirdikləri mətbuat konfransı səfərin mahiyyətini, iki ölkə arasında münasibətlərin hazırkı səviyyəsini bir daha açıqladı.  Olaf Şoltsun “Yaşıl enerji və hidrogen enerjisi sahələrində əməkdaşlıq üçün regionda böyük potensial mövcuddur və alman şirkətləri Azərbaycanda əməkdaşlıq etməyə maraqlıdırlar, əsasən də, qeyd etdiyim kimi, hidrogen və bərpaolunan enerji sahələrində. Təbii ki, bunun üçün müvafiq çərçivə şərtləri mövcud olmalıdır. Bakıda keçiriləcək Dünya İqlim Konfransı region üçün böyük şanslar gətirəcək” fikirlərinin davamı olaraq dövlət başçısı İlham Əliyev bildirdi ki, Almaniya-Azərbaycan əlaqələrinin inkişafı həm ölkələrimiz, həm də bütövlükdə Cənubi Qafqazın inkişafı və sabitliyi üçün çox böyük əhəmiyyət kəsb edir.  COP29-la bağlı Azərbaycana göstərdiyiniz dəstəyinizə görə təşəkkürümü bildirmək istəyirəm. Komandalarımızın üzvləri bir-biri ilə sıx təmasdadırlar. COP29-a ev sahibliyi etmək bizim üçün həm böyük şərəf, həm də məsuliyyətdir. Biz buna hazırıq və Azərbaycanın yaşıl gündəliyi artıq dünyaya bəllidir: “2027-ci ilin sonuna qədər 9 Günəş və külək elektrik stansiyası istismara veriləcək. Onların enerji potensialı 2 qiqavata bərabərdir. 2030-cu ilə qədər isə əlavə 10 külək və Günəş elektrik stansiyası tikiləcək ki, onun da potensialı 5 qiqavata qədərdir. Biz indi Avropaya yaşıl enerjini ixrac etmək üçün fəal çalışırıq və hesab edirəm ki, təbii qaz təchizatçısı olan Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı da olacaqdır.”

Göründüyü kimi, Azərbaycan ikitərəfli və beynəlxalq təşkilatlar daxilində əlaqələrinin inkişafında maraqlı olmaqla yanaşı, bu əməkdaşlığın yeni istiqamətlər üzrə inkşafına səy göstərir. 

Anar Nəbiyev
YAP Qazax rayon təşkilatının sədri


Tarix: 29-04-2024, 09:38 Oxunub: 651


Bölməyə aid digər xəbərlər